“Mələyin öpüşü”nün rejissoru: “Xəyanətdən o qədər film çəkdilər, xəyanət adiləşdi”

“Mələyin öpüşü”nün rejissoru: “Xəyanətdən o qədər film çəkdilər, xəyanət adiləşdi”
28 avqust 2017
# 16:05

Kulis.az “Mələyin öpüşü” filminin rejissoru Əsgər Əli Hacızadə ilə müsahibəni təqdim edir.

- “Mələyin öpüşü” filmi və yaradıcı heyət barədə nələr deyə bilərsiz?

- Bizim filmdə Fuad Poladov, Oksana Rəsulova, Elşad Xose, Münəvvər Əliyeva, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhlirar Əbilov, Mikail Bəylər, Şamil Süleymanlı və digər aktyorlar çəkilib. Onlarla işləmək gözəl təcrübə idi. Biz filmi 25 gün ərzində Bakıda və Mərdəkanda çəkdik. Film çəkilişlərində məkan seçimi çox önəmlidir. Ona görə də bu məsələnin ətrafında daha çox müzakirə apardıq.

- Ərsəyə gətirdiyiniz filmdə insanlara hansı mesajı vermək istəmisiz?

- Mən istəyirəmki, insanlar filmi seyr etdikdən sonra cəmiyyətə vermək istədiyimiz mesajı özləri anlasınlar. Ümumilikdə, film varlılar və kasıblar arasında yaşanan uçurum dan bəhs edir. Biz filmdə cəmiyyətə bir problemin olması barədə bəzi məqamları göstərməyə çalışmışıq. Mən filmi hər təbəqə üçün nəzərdə tutmuşam.

- Filmin təqdimatı nə vaxtdır?

- Sentyabrın 14-də “Nizami” kinoteatrında qala gecəsi baş tutacaq. Film 15 sentyabrda kinoteatrlarda tamaşaçılara təqdim ediləcək.

- “Mələyin öpüşü” filminə xaricə təqdimatı keçiriləcəksinizmi?

- Avropa, Rusiya və Türkiyədə təqdimat etməyi düşünürük.

- Bu sizin rejissoru olduğunuz ilk filmdir?

- Bəli. Amma mən 10 ildir ki, bu sahədəyəm. ABŞ, Rusiya və Türkiyədə işləmişəm. İlk filmimi isə Azərbaycanda çəkdim.

- Azərbaycanda yeni film təklifi almısınızmı?

- Dörd film təklifi almışam. Amma həmin filmlərin rejissoru olub-olmayacağımla bağlı qərar verməmişəm.

- Son dövrlərdə çəkilən Azərbaycan filmlərindən hansılarını xoşlayırsınız?

- “Xənnas”.

- Azərbaycanda son dövrlər film sektorunun inkişafından və yeni çəkilən filmlərdən razısınızmı?

- Mən Azərbaycan filminin bugünkü vəziyyəti barədə çox söz deyə bilməyəcəm. Çünki bizim film sektoru uzun müddət durğunluq dövrünü yaşadı. Amma indi bizdə ikinci bahar başlayır. Aktyorlarımız, bəstəkarlarımız, rejissorlarımız və s. beynəlxalq aləmdə tanınarsa, o zaman öz ölkəmizdə çəkilən filmlərin yaxşı və ya pis olduğunu deyə bilərik. İndi Azərbaycanda çəkilən filmlərin hamısı yaxşıdır. Çünki biz yeni başlamışıq. Keyfiyyətli film və serialların çəkilməsi üçün tamaşaçıya ehtiyac var. Bunun üçün isə kinoteatrların çox olması və filmlərin təbliği çox vacibdir. Ümumilikdə, film sektorunun inkişaf etdirilməsi üçün sponsorların və filmə sərmayə qoyacaq şirkətlərin sayı artmalıdır.

- Ümumilikdə, Azərbaycan və beynəlxalq aləmdə çəkilən filmlərdə müraciət olunan mövzular barədə nə deyə bilərsiniz?

- Film insanlara mesaj verməlidir. Bu mesajın müsbət olması çox vacibdir. Rejissorlar və jurnalistlər arasında oxşarlıq çoxdur. Onlar da hər hansı reportaj hazırlayarkən, problemi göstərməyə çalışırlar. Biz də çəkdiyimiz filmlərdə aktyorlar vasitəsi ilə cəmiyyətə problem və onun həlli barədə mesaj veririk. Məsələn, əvvəllər çəkilən filmlərdə işlədilən ibrətamiz ifadələr bu günə qədər dillər əzbəridir. Amma bu gün filmlərin mövzusu tam dəyişib. 50-70-ci illərdə çəkilən filmlərlə bugünkülər arasında böyük fərq var. Əvvəllər filmlərdə insanlıq, yaxşılıq, ailə birliyi və s. təbliğ olunurdur. İndi çəkilən filmlərdə isə müharibə, xəyanət, ehtiras, cinayət və insanlara psixoloji gərginlik verəcək mövzular üstünlük təşkil edir. Bu mövzular insanlara güvənsizlik, gərginlik və mənfi istiqamətə maraq yaradır. Məsələn, cinayətlərin baş verdiyi bir filmi izləyən yeniyetmə, həmin qəhrəman kimi geyinməyə və onun əməllərini cəmiyyətdə tətbiq etməyə cəhd edir. Bu sonrakı dövrdə kütləvi hal ala bilər və cəmiyyət tamamilə korlanar. Həmçinin filmlərdə xərçəng xəstəsi olan uşaq obrazının ölüm səhnəsi bir neçə bölüm göstərilir. Bu insanlarda böyük psixoloji gərginlik yaradır. Hər hansı bir şəxs yolda xərçəng xəstəsi gördükdə ona qayğı ilə yanaşmaq istəmir. Çünki filmlərdə gördüyü üçün bu xəstəlik ona adi gəlir. O qədər xəyanətdən film çəkirlər ki, bu pis əməl insanların gözündə adiləşir. Düzdür, filmlərin əksəriyyətinin ssenarisi də real həyatdan götürülür. Amma insanların bir-birinə xəyanətini milyonlarla insanın görməsi belə əməllərin çoxalması ilə nəticələnir. Ona görə də cəmiyyətin müsbət yöndə dəyişməsi üçün film rejissorlarının və ssenaristlərinin üzərinə böyük məsuliyyət düşür. Biz cəmiyyətə doğru mesajı çatdırmalıyıq. Məsələn, rejissorlar müharibələrin dayandırmağın yolları və xərçəng xəstəliyinin dərmanını tapan 4 gənc barədə film çəksələr, cəmiyyətə necə müsbət mesaj olar. Filmlər cəmiyyətdə böyük gücə malikdir. Ona görə də cəmiyyəti müsbət istiqamətdə aparmaq üçün tamaşaçıya faydalı film təqdim etmək lazımdır.

- Bəs niyə filmlərdə mənfi ssenarilərə üstünlük verilirlər?

- Mən bunu belə izah edim. Nifrətlə böyüyən insanların zövqləri, sevgi ilə böyüyən insanların zövqlərindən tam fərqlidir. Sevgi və ya nifrətlə yazılmış ssenarilər arasında böyük fərqlər var. İnsanlara sevgin yoxdursa, filmində nifrət yaradacaq personajlara üstünlük verəcəksən. Daha yaxşı filmlər çəkmək üçün yeni fikirlər lazımdır. Biz cəmiyyətə güvənsizliyi təbliğ etməməliyik. Elə güvəni, etibarı təbliğ edək və cəmiyyətdə bizim işimizdən faydalansın.

- Bəzən elə insanlar olur ki, çox bacarıqlıdır, onlar öz istedadları ilə dünya səviyyəsinə çıxmaq imkanına malikdirlər. Bəziləri onları kəşf edə biləcək insanı axtarır. Siz bu filmdə yeni istedadlar kəşf etdinizmi?

- Mənim işlədiyim komandada həm aktyorlar, həm də texniki və yaradıcı heyət arasında beynəlxalq aləmdə Azərbaycanı təmsil edə biləcək insanlar var. Həmçinin biz yenilərini kəşf etdik. Məsələn, rejissor köməkçisi və ikinci rejissor Gülsüm Ağayeva geniş bacarığa sahibdir. Daha əvvəl “Zəng” adlı qısametrajlı bədii filmini çəkərək Azərbaycanın gəncləri və kinematoqrafçıları arasında istedadlı biri kimi tanındı. O sabah Hollivudda olacaq. Səs rejissoru Seymur Əliyevin peşəsi səs dizaynerliyi və səs rejissorluğudur. Fərqli duyumu, təsviri görmək imkanı, hər layihəyə uyğunlaşa biləcək imkanlara sahibdir və gələcəkdə xaricdə bu işlə məşğul olan insanlarla rəqabət apara biləcək potensiala sahibdir. Rəssam və aktyor Nizar Məmmədov da istedadlı bir aktyor kimi kinematoqrafik görünüşə malikdir. Təranə Əliyevanın da aktrisa olaraq yaradıcı imkanları genişdir, o gələcəkdə dünyanın öncül aktrisaları rəqabətə girə biləcək istedada malikdir. Bəstəkar Sevinc Ağasıyevanın bacarıqlı sountrək bəstəkarı olduğu fikrindəyəm. Bir də filmimizin rəng korreksiyasını həyata keçirən, çox istedadlı Nicat Zeynallının adını qeyd etmək istəyirəm. Bu insanlar bura məxsus deyillər. Onlar bütün dünyaya xidmət edə bilərlər.

- Bəs yeni istedadlar kəşf etmək üçün hansı işləri görmək lazımdır?

- İlk növbədə onların yaxşı təlim keçmələri üçün şərait yaradılmalıdır. Biz yeni istedadlar kəşf etmək üçün mütləq aktyorluq kursları və müsabiqələr təşkil etməliyik. Məsələn, Əməkdar artist, Azərbaycan Pantomima Teartının aktyoru Pərviz Məmmədrzayevin aktyorluq kursu var. Bir çox insanlar həmin kurslardan yararlana bilərlər. Pərviz Məmmədrzayev həm çox yaxşı aktyor, həm də çox yaxşı müəlllimdir. Nəyəsə nail olana qədər böyük çətinliklərdən keçmək lazım gəlir. Bunun üçün səbir və dözüm lazımdır. Amma elə bacarıqlı insanlara var ki, bu iradəyə sahib deyillər. Ona görə də kənarda qalıblar. Biz millət olaraq inkişaf etməyə cəhd etməliyik. Gənclərimizi oxumağa, araşdırmağa məcbur etməliyik. Biz rahatlığa düşkün millətik. Özü üzərimizdə çalışıb, inkişaf etməliyik. Azərbaycanın da dünyaca məşhur olan amma tanınmayan vətəndaşları var. Məsələn, rəssam Sakit Məmmədov. Rusiya prezidenti Vladimir Putindən, İngiltərə kraliçası Yelizavetadan mükafatlar alan, Vatikanda rəsmləri olan azərbaycanlı rəssam Sakit Məmmədov barədə şəhər sakinlərinə sual versək, əksəriyyəti tanımaya bilər. Çünki təbliğat aparılmır. Sakit Məmmədov Adəm və Həvvanı göbəksiz çəkən ilk rəssamdır. Ondan əvvəl bütün rəssamlar Adəm və Həvvanı göbəklə çəkiblər. Allahın yaratdığı ilk insan olduğu üçün Adəm və Həvvanın valideynləri yoxdur. Ona görə onların göbəyi də ola bilməz. Sakit Məmmədov Adəm və Həvvanı valideynləri olmadığını əsas gətirərək göbəksiz çəkib. Həmin vaxtdan etibarən Adəm və Həvva beynəlxalq rəssamlar tərəfindən göbəksiz çəkilir. Amma bunu Azərbaycanda çox az adam bilir. Sakit Məmmədovun bu işinə görə Nobel mükafatına namizədliyi qəbul olunub. Belə insanları biz təbliğ etməliyik və tanıtmalıyıq.

# 1370 dəfə oxunub

Müəllifin son yazıları

# # #