Kulis.az yazarlar Qan Turalı və Şərif Ağayarın Orxan Pamukun “Kafamda bir tuhaflık” romanı ilə bağlı söhbətini təqdim edir.
Qan Turalı: Mən bu dəfə fərqli bir Pamuk romanı gördüm. Tematik olaraq son dərəcə fərqli mövzudaydı. İstanbul, illər keçdikcə onun əhalisinin, memarlığının, şəhərin dəyişməsi əks edilib. Pamuk bu dəfə əvvəlki romanlarından fərqli olaraq sadə bir Anadolu insanının həyatını romanlaşdırıb.
Şərif Ağayar: Şübhəsiz ki, tematik baxımdan digər romanlardan fərqlənir. Obrazlı desək, yazıçı bu dəfə kamerasını əks rakursdan qoyub; həmişə həyata “pəncərədən baxırdı”sa, indi həyatdan pəncərəyə baxıb. Struktur baxımından tam yeniliklər eləməsə də, ən azı əvvəlki kitablarda işlətdiyi fəndlərin qəribə sintezini yaradıb. Xüsusilə, “Qar” və “Mənim adım qırmızı” romanlarının texnikası burda üzvi şəkildə qovuşdurulub.
Q.T.: Elədirsə, gəl romanın adından başlayaq. Pamuk ilk səhifədən yazır ki, bu tühaf əhvalatlara inanmayacaqsınız. Amma burda elə də bir tühaf əhvalat yoxdur, sadəcə minlərlə adamın başına gələn adi əhvalatlardır ki, Pamuk onlar öz bənzərsiz üslubu ilə təhlil edib. Bu mənada romanın baş qəhrəmanı Mövlud şanslı adamdır.
Ş.A.: Məncə, bu əsərdə bir yox, xeyli tühaflık var. Elə birinci Mövludun sevdiyi qızı yox, onun bacısını qaçırması… İkinci, aldandığını biləndən sonra da üstünü vurmaması… Üçüncü, taleyin ironiyası – onu aldadan əmisi oğlu Süleymanın dəlicəsinə sevdiyi Samihanın axırda Mövluda qismət olması… Və məsələnin ən tühaf tərəfi – romanın son vurğusu: Sən demə, xoşbəxtlik Mövludun səhvən qaçırdığı Rayihayla yaşadığı həyatda imiş… Məncə, burda klassik sevgi və xoşbəxtlik anlayışlarına ciddi istehza var. Başqa bir “tühaflık” - romanın adının Azərbaycan dilində qarşılığı yoxdur. “Kafamda bir tuhaflık” təxminən “Özümü qəribə hiss edirəm” anlamına gəlir. Amma son bölümə diqqətlə baxsaq görərik ki, Mövludun qafası ilə İstanbul şəhərinin quruluşu, göydələndən görüntüsü arasında qəribə bir metafora yaradılır. “İrşad” qəzetindəki qəbiristanlıq fotosunu yadımıza salaq. Yəni, romandakı İstanbul həm də Mövludun qafasında yaranan bir məkandır. Bir az mistikdir (azca fasilə). Bu dəmir yolları İstanbula gedir, görəsən?
Q.T.: İndi getmir, amma gələn il gedəcək. Gürcüstandan birbaşa Qarsa, Mövludun hərbi hissəsinə...
Ş.A.: Kanın şəhəri desənə...
Q.T.: Əslində Ka ilə Mövlud çox oxşardılar...
Ş.A.: Mövlud onun oxumamış variantıdır.
Q.T. Elədi. Mövlud Samihanı sevsə də, adını səhv bildiyi üçün məktubları Rayihaya yazır. Daha doğrusu, məktubları ilk vaxtlar Mövludun adından dostu Fərhad yazır. Sənin dediyin klassik sevgi konsepsiyasına istehzanı mən də hiss elədim. Çingiz Aytmatovun romanı əsasında çəkilən çox gözəl bir türk filmi var... “Selvi boylum, al yazmalım”. Əsəri oxumamışam, yalan deyə bilmərəm. Bu film də eyni mövzudadır, insanı sevgi yox, insanlıq, sözün böyük mənasında insanlıq xilas edir. Bu klassik sevgiyə ironiyadırmı? Çox güman ki, elədir. Hər halda Məcnunun bir başqa qızla, tutaq ki, xoşbəxt olacağını Füzuli yazmazdı. Eşq hər şey deyil axı...
Ş.A.: Bir məsələni də qeyd etmək istərdim. Mən daha çox türk dilində oxuyur, türk kanallarına baxıram. Çağdaş türk ədəbiyyatı və kinosundan kifayət qədər məlumatlıyam. Çoxlu audiovizual materiallar, sənədli filmlər izləmişəm. Səmimi deyim ki, bütün bunların hamısı bir yerdə 60-cı illərdən bu günə qədərki çoxsaylı, rəngarəng Türkiyə gerçəkliklərini bu roman qədər dəqiqliklə, heç nəyə güzəştə getmədən, heç bir şərt altında həqiqəti gözardı etmədən anlada bilmir. Eyni fikri XX əsrin əvvəllərinin Mirzə Cəlili haqda söyləmək olar. Mən tarix kitablarından, sənədli materiallardan daha çox Mirzə Cəlilin hekayələrinə inanmışam.
Q.T.: Romanda hərbi çevrilişlər lazımınca əks olunmayıb. Halbuki türk kinematoqrafiyasında və ədəbiyyatında hakim mövzulardan biridir. Pamuk özü də romandan sonrakı müsahibələrində demişdi ki, o hərbi çevrilişlərə diqqət yetirməyib. Mövludun İstanbula gəldiyi vaxtdan bu günlərə qədər 3 hərbi çevriliş olub: 1971 12 Mart, 1980 12 sentyabr və 1997 28 fevralda – postmodern qiyam. Məncə, bu anlaşılandır, çünki çevrilişlərin bozacı Mövludun həyatındakı rolu romanda aydın göstərilib. Misal üçün, küçə ticarətinin qadağan edilməsi, komendant saatının elanı kimi…
Ş.A.: 1971-ci ilin hərbi çevrilişi zamanı Mövlud Qarsda - Pamukun doğma şəhərində (!) əsgərlikdə idi. Xunta rejimi onun əsgərlik həyatında son dərəcə maraqlı detallarla göstərilib. Həm də nəzərə alaq ki, əsər Mövludun baxış bucağından yazılıb. Mövlud da, onun atası da yalnız gecəqonduların yandırılması və küçədə qatıq-boza satışının qadağan olunması qorxusu reallaşanda siyasətə “qarışırlar”. Qalan hadisələr onları maraqlandırmır. Eynən bizdəki kimi, təpik özünə dəyəndə!
Q.T.: Pamukun sosial tematikaya müraciəti son dərəcə maraqlıdır. Məlumdur ki, Türkiyədə “köy romanı” deyilən bir tendensiya güclüydü. Eləcə də Rusiyada və keçmiş SSRİ məkanı üçün xarakterik olan bu romanların gözəl dövrü keçən əsrin 60-70-ci illəri idi. Pamuk başqa məktəbdən çıxmışdı, buna görə də onun birdənbirə “köy romanı”na meyl etməsi son dərəcə maraqlı bir tendensiyadır… Pamuk özü də deyirdi ki, mənim gəncliyimdə İstanbul haqda roman yazmaq eyib sayılırdı. Doğrudur, “Kafamda bir tuhaflık” romanında əhvalatlar İstanbulda baş verir. Lakin romanın bütün əsas qəhrəmanları Anadoludan gələnlərdir. Və əslində “köy romanları”nda da məsələ bu cür qoyulurdu.
Ş.A.: Bu mövzuda çoxlu filmlər də var. Müxtəlif səbəblərdən İstanbula axın… Kənd adamlarının şəhərdəki faciələri-filan. Pamuk, əsərlərindən göründüyü kimi, bir İstanbul aşiqidir. Hətta onun dünyanın ədəbi coğrafiyasındakı yeri də İstanbulun xəritədəki yerinə bənzəyir. Bir yanı Avropada, o biri yanı Asiyada. Müxtəlif din və mədəniyyətlərin qovuşduğu bu böyük şəhəri dünyanın mərkəzi də hesab etmək olar. Pamuk İstanbulu gözü açıq dinləməyi bacarır. Elə İstanbulun özü kimi böyük və müxtəlif mədəniyyətləri qovuşduran multikulturalist romanlar yazır. Bu romanında isə, həmin mistik, metafizik şəhərə, özü demiş, bozaçının gözüylə baxmaq istəyib. Yoxsul insanın həyatı isə, istər-istəməz sosial problemlərin içindədir. Yoxsul adam daha çox görünən, daha çox ictimaidir. Eyiblərini və özəl həyatını gizləyə bilmir. Həmişə ortalıqdadır. Bizim Mövlud kimi… Mövlud Anadoludan şəhərə gələn bütün əsər və film qəhrəmanlarına bənzəyir. Eyni zamanda tam olaraq heç biri deyil. Hətta bir az da Orxan Pamukun özüdür. Baxın, yaşdaşdırlar. Mövlud da 50-ci illərdə doğulub. “Kafamda bir tuhaflık” romanında həm də 60-80-cı illər İstanbuluna qəribə bir nostalgiya hiss etdim. Yaşlanır Orxan abi. Lap az qala, Tuttəpə və Kültəpə camaatını şəhərin qədim ansamblını pozmaqda günahlandırır (gülüş). Amma Mövludun və qadını Rayihanın bura dəxli yoxdur. Onlar ayrılır bu insanlardan. Üstəlik Mövlud öz bozasıyla əski İstanbulun simvoluna çevrilir. Orxan Pamuk heç bir romanında Mövlud qədər sevimli obraz yaratmayıb. Eyni zamanda onun Hacı Həmid qədər birmənalı mənfi obrazı da olmayıb hələ. Bax bircə bu faktlara görə “Kafamda bir tuhaflık” romanını postmodernin meydanına buraxmamaq olar. Yazıçı, Nobeldən sonra məncə ilk dəfə obrazların xarakterləri üzərində bu qədər modernizmə xas dərinliklə işləyib. Hətta kitabda xarakterlərlə bağlı xüsusi cədvəl təqdim edib.
Q.T.: Burda maraqlı olan bir cəhət də var. Mövlud deyir ki, o İstanbula gələnə qədər heç qatıq çalmamışdı. Mardinli midyəçilər (molyusk bişirənlər) də eyni şeyi qeyd edir. Burda maraqlı olan cəhət sənin dediyin bozanın İstanbul simvolu olması məsələsidir ki, onu da istanbullular yaşatmır. Yəni, qədim İstanbul ənənəsini İstanbul gəlmələri yaşadır. Yeri gəlmişkən, sən də romanı oxuyanda boza içmək istədin?
Ş.A.: Hətta o gün yuxuda güyümlü bozaçı görmüşəm. Boza da alıb içdim. İnanmayacaqsan, dedim gəlin saytımız üçün sizinlə müsahibə edək (gülüş). Hətta yuxuda foto da çəkdirdik.
Q.T.: Kaş yuxudakı şəkli Facebooka qoymaq mümkün olaydı… (gülüş)
Ş.A.: Kaş! Şəkli yox, bozanın dadını xəfifcə xatırlayıram… Halbuki ömrümdə içməmişəm. Sadəcə Googledə fotosuna baxmışam. Bir çox türk film və seriallarında mühafizəkar insanların içkisi kimi istehzayla təqdim olunur. Ona görə maraqlanmışam. Və onu da deyim ki, mən də bozada spirt olmadığı qənaətindəydim. Sən demə iki-üç faiz varmış...
Q.T.: Mannı-kaşa dadına bənzəyirdi?
Ş.A.: Oxşayırdı, amma bir az turşməzə kimiydi. Yəqin romandakı təsvirlərə assosiativ olaraq yaranıb beynimdə. Gərək bir gün gedib içək. Özü də Orxan Pamukun sağlığına… Romandan sonra boza ilə bağlı ən incə detallar detallar, küçədə çiynində güyümlə gəzən Mövlud, onun qarşılaşdığı fərqli dünyalar, çətinlikləri, sevincləri beynimdə dərin izlər buraxdı. Çox yerdə şaqqanaq çəkib gülməyimə baxmayaraq, əsəri qəmli bir dastan kimi oxudum. Yeri gəlmişkən, Pamuk özü də əsəri “eşq hekayəti və modern bir dastan” kimi təqdim edir.
Q.T.: Mən ən çox pavyon müğənnisinin söhbəti gülməli gəldi. Qadın deyirid ki, türk kişiləri haqda danışsam məni “Türklüyü təhqir” maddəsi ilə həbsə atarlar. Bu Türk Cinayət Məcəlləsinin həmin o bədnam 303-cü maddəsidir ki, Orxan Pamuk bu maddə ilə məhkəməyə verilmişdi.
Ş.A.: Mövludun bığ saxlama səhnəsinə çox güldüm (gülüş). Şəxsən mən öz qəhrəmanımı bu qədər prikola tutmazdım…
Q.T.: Bu bığ məsələsində Pamuk məncə bir az da türk millətçiləri, ülküçülərini ələ salır. Mövludun bığı bir az solçularının bığına oxşayır deyə millətçi əmisioğlundan çəkinir.
Ş.A.: Tək burda yox, diqqət edək, atanın adı Qorqud, oğlanlarının adı Bozqurd və Turandır. Bir detal da çox düşündürücüdür. Mövludgilin başına ən çox oyun açanlar məhz onun özünü dinçi-millətçi kimi göstərən əmisi və əmisinin uşaqlarıdır.
Q.T.: Mövludun əmisinin adı Həsəndir və “Həsən” ərəbcə gözəl deməkdir.
Ş.A.: Və kimin adıdır? Ad məsələləri təsadüfi deyil əsərdə. Burda adlarla ciddi oyun qurulub. Pul qazanmaq üçün gecəqondulardakı insanları qoyun yerinə qoyan kişinin adı Həmiddir və təbii ki, Hacıdır. Eyni zamanda “bu aləmdə” Rayiha da var ki, mənası “gözəl qoxu” deməkdir. Mövludu sözün həqiqi mənasında xoşbəxt edən yeganə insan idi.
Q.T.: Pamuk bu romanda millətçiləri ifşa edir, onların iç üzünü açıb göstərir, vətən millət sevgilərinin arxasında renta, maddi sərvətlər güddüklərini açıqlayır. Romanın millətçi xarakterləri sözün həqiqi mənasında Balzak romanlarındakı qorxunc tiplərə bənzəyir. Misal üçün, Qorqud… Ya da onun atası, ömrünün son günlərində belə Mövludun haqqını tapdalayan əmisi Həsən. Ya da nisbətən mülayim formada təqdim edilsə belə Mövluda qızın adını səhv verərək onun beynindəki tühaflığı yaradan Süleyman. Millətçilər bu romanda çox amansız formada ifşa ediliblər. Lakin solçular daha çox “işbilməz”, həyəcanlı və romantiklər kimi təsvir edilib. Onların pis niyyətləri yoxdur, lakin əllərindən də bir iş gəlmir. Solçuluq ancaq küçədə şüar qışqırmaqdır, onlardan bir xeyir gəlməsə də zərər də gəlməz. Məncə, məsələnin bu cür qoyuluşu tamamilə məqsədəuyğun və obyektivdir.
Ş.A.: Razıyam. İdeologiyalar həmişə maddi qazanc üsuluna çevriləndə çox iyrənc görünür. Solçuların da çoxu, əslində, Fərhadın şəxsində pul qazana bilməyən sağçılardır. Yadındadırsa, Mövludla söhbətində Fərhad deyir ki, biz özümüz kapitalist olmağa çalışmırıqmı? Mağaza açıb, pul qazanmaq istəmirikmi? Amma Fərhad əlinə vəzifə keçəndə də kasıb insanları incitmir, varlıların üstünə gedir, böyük oyunlara girir və onun qurbanı olur. Pamuk belə məsələlərdə ən çox inandığım adamdır. O, bir qələm adamı kimi hər kəsin haqqını böyük ədalət duyğusu ilə verir. Təkcə fərqli ideolojilərə münasibətdə deyil, milli-etnik məsələlərdə də çox obyektivdir. Hər kəslə eyni məsafədə durmağı bacarır. Çağdaş ədəbiyyatda bu, çox ciddi məsələdir. Yoxsa ədəbiyyatın həqiqətləri şəxsi və ya qrup maraqlarının qurbanına çevrilər.
Q.T.: Mənim diqqətimi çəkən başqa bir şey oldu. Bayaq sənin adını xatırlatdığın Hacı Həmidi bir yırtıcı kimi təqdim edir. Doğrudur, o millətçidir, lakin romanda daha çox dini boyalarla əks edilib və zatən türk millətçiləri də əksər hallarda mühafizəkardır. Və romanın sonlarına doğru Pamuk açıq mətnlə AKP adını vurğulayır. Amma 70-ci, 80-ci illərin siyasi mühitində partiya adı çəkilmir, 2000-lərdə isə çəkilir. Özü də hansı zəmində: rüşvətçilikdə… Qorqud evlərin tikilməsi üçün bu qədər çox rüşvət verilməsinə etiraz edir. Və romanın ancaq bir yerində bu rüşvəti alan adamların partiya mənsubiyyəti vurğulanır. Pamuk bununla nə demək istəyir? Bax, bu son dərəcə dramatikdir. Adətən müsahibələrində siyasi mesajlar verməkdən qaçan Pamuk romanda açıq mətnlə hakim partiyanı ittiham edir.
Ş.A.: AKP adı çəkilməsə belə, rüşvətin hakim partiyaya, yaxud onun adamlarına verildiyi məlumdur. Amma o, yenə də ad çəkir. Məncə, siyasətə nahaq qoşulur… (gülüş)
Q.T.: Romanın əvvəlki hissələrində, böyük miqyaslı rüşvətlərdən söhbət getməsə də kiçik rüşvətlərdən danışılır. Lakin partiya adı çəkilmir… Səncə niyə belə edir ki?
Ş.A. Nə bilim?! Mən siyasətə qarışmıram (gülüş).
Q.T.: Türkiyənin siyasətinə də qarışmırsan?
Ş.A.: Başqa ölkələrdən danışanda şirə dönən siyasətçilərimiz çoxdur. Mənə ehtiyac qalmır. Zarafatsız, gecəqondular məsələsində mənə ən maraqlı gələn Türkiyənin Azərbaycana bu qədər oxşaması oldu.
Q.T.: Romanda çoxlu maraqlı ədəbi fəndlər var. Misal üçün, Pamuk romanın elə birinci səhifəsində romanın xarici oxucularına boza haqqında arayış verir.
Ş.A.: Romandakı müxtəlif təzə-köhnə priyomlar haqda saatlarla danışmaq olar. Nəzərə alaq ki, 450 səhifəlik roman haqda 5-10 minlik diskussiya edirik. Ancaq bu nüansı hökmən deməliyəm: oxucunun əsərdəki hadisələrə cəlb olunması. Biz müəllifin ölümünü, müəllifin əsərdə müəllif kimi deyil, obraz kimi iştirakını, sənətlə həyat arasındakı sərhədin qalxmasını və s. çağdaş fəndləri Pamukun başqa kitablarında çox görmüşük. “Kafamda bir tuhaflık”da bu məsələ daha ciddi şəkil alıb – oxucu özünü romanın içində hiss edir. Pamuk bunu çox asanca, adi bir ştrixlə edə bilir. Necə deyərlər, almanın düşməsindən cazibə qanununu tapır. Sadə misal: Samiha oxucuya müraciətlə deyir ki, boşuna həvəslənmə məni kimin qaçırdığını hətta sənə də söyləmərəm… (gülüş). Açığı mən bu məqamı oxuyanda diksindim. Bir anlıq, incidim də Samihadan… Axı o, mənə niyə güvənmir? Axı mən də onun pulgir atasının iradəsinə tabe olub, Süleyman kimi hissiz-duyğusuz bir adamla evlənməsini istəmirəm. Beləliklə, Samihanın da məni tanıdığına bir anlıq əmin oldum. Bu, asan məsələ deyil. Bu, yazıçıdan inanılmaz istedad və ustalıq tələb edir.
Q.T.: Mənə bir detal da maraqlıdır. Məlumdur ki, bu roman tezliklə dünya dillərinə də tərcümə ediləcək. Bilmirəm, biz Türkiyəni yaxından tanıdığımıza görədir, ya da başqa bir səbəbi var, mənə elə gəlir ki, bəlkə də avropalı və amerikalı oxucular romanı bizim qədər yaxşı anlaya bilməyəcək.
Ş.A.: Nəzərə alaq ki, “Mənim adım qırmızı”dakı miniatür sənəti, “Qar” romanındakı lokal ştrixlər də Avropa üçün doğma deyildi. Amma uğur qazandı bu romanlar. Məncə, Pamuk bu əsərində də Asiya həqiqətlərini Avropa üslubunda təqdim edə bilib.
Q.T.: Pamukun nə vecinə, zatən Nobeli alıb. Qoy heç bu romanını başa düşməsinlər… (gülür)
Ş.A.: Pamukun nobelçi kimi poza verdiyini heç vaxt görmədim, zatən…
Q.T.: Boza olsa içərdik. Qar da yağıb. Əsl boza havasıdır...
Ş.A.: Bakıda yoxdu?
Q.T.: Mən araşdırdım, salep var, amma boza yoxdur.
Ş.A.: Qismətə deyək, Pamukdan Mövludun telefonunu alsın…
Q.T.: Danışıb Mövludla, Mövlud da deyib ki, daha boza satmıram… (gülüş)
-SON-
Foto: Ramil Zeynalov