Hüseyn Əzizoğlu: “Film aləmində adımın birinci yerdə gəlməsini arzulayıram” 

Hüseyn Əzizoğlu: “Film aləmində adımın birinci yerdə gəlməsini arzulayıram” 
28 noyabr 2016
# 15:00

Kulis.az videobloger, aktyor Hüseyn Əzizoğlunun Kaspi.aza müsahibəsini təqdim edir.

- Hüseyn bəy, ilk olaraq "Üç Üz”dən başlamaq istərdik. Bu ad necə meydana gəldi?

- Həftədə bir dəfə sosial şəbəkə vasitəsilə video çəkib paylaşmaq istəyirdik. Komandamız da 3 nəfərdən ibarət idi. Ona görə səhifənin adını "Üç Üz” qoyduq. Bunun iki mənası var. Biri üç sima, digəri isə üç yüz. Mən bu işə tam başqa fikirlə başlamışdım. Özüm üçün çəkməyə başladım, istədim ki, sosial şəbəkələrdə olan dostlarım bu videolara baxıb bir az gülsünlər. Ancaq bunun davamlı olaraq paylaşılması bizə böyük stimul verdi. Elə işlər gördük ki, Azərbaycanda bizə görə "İnstagram”da qeydiyyatdan keçən insanlar var. Əvvəllər videoları telefonla çəkirdik. İndi isə peşəkar kamera almışıq. Ssenarini əsasən özüm yazıram. Mövzular düşünürük, həftəlik plan qururuq. "Vine”ləri Məhəmməd Türkmən çəkir və hazırlayır. Komandamız 5 nəfərdən ibarətdir. Düşünürəm ki, yaxın zamanlarda komandanı genişləndirim. İstəyirəm ki, uşaq rolunu uşaq, böyük rolunu böyük oynasın.

- Komandanıza qoşulmaq istəyənlər varmı?

- O qədər... Bəzən bizə yazırlar ki, niyə özünüz qız rolunda çəkilirsiniz? Bir qız aktrisa tapmırsınızmı? Əslində qızdan çox qız var. Hətta istəsəniz, "İnstagram”da mesaj qutumu sizə də göstərə bilərəm. Qız əlindən tərpənmək olmur. Qızlar bizə yazırlar ki, onlara da rol verək. Biz istəsək onları da çəkərik. Ancaq bizim üstünlüyümüz, şirinliyimiz ondadır ki, hər obraza özümüz giririk.

- Qız demişkən, həyatınızda özəl biri varmı?

- Xeyr, hələ ki, yoxdur. Bilirəm ki, biri ilə münasibət qursam, başım ona qarışacaq, işlərim kənarda qalacaq.

- Bəs bunun davamlı olması üçün nələr sizə stimul verdi?

- Biz çəkməyə başlayanda "vine” o qədər də çox yayılmamışdı. O zamanlar biz sırf "vine” çəkirdik. İndi isə videoblogerliklə məşğuluq. Gündəlik olan real hadisələri 30 saniyə ərzində izləyicilərə təqdim edirik. Sosial şəbəkələrdə videolarımıza 2-3 milyon baxış gəlir. "Facebook”da 100 mindən artıq, "İnstagram”da yarım milyon izləyicimiz var.

- Videoblogerlik o qədər də gəlir gətirən sahə deyil. Sizi orada tutub saxlayan nədir?

- Mən işimi sevirəm. Məni burada saxlayan budur. Hə, az da olsa gəlir əldə edirik. Bizim videolarımızın sonunda sponsorumuzun adı çəkilir. Ondan əlavə, müəyyən restoranların, məkanların, geyim mağazalarının reklamı ilə də məşğuluq. Reklam edə-edə artıq bu işi öyrənmişəm. Yaxın zamanlarda böyük bir obyektin, marketin direktorluğu ilə də məşğul olacağam. Bunu ikinci bir peşə kimi davam etdirmək istəyirəm.

- Reklam demişkən, ötən gün efirdə çəkildiyiniz reklamı izlədik.

- O reklam təxminən bir il bundan qabaq çəkilmişdi. Mən bu günə kimi televiziyaya çıxmırdım. Çox nadir hallarda verilişlərə qonaq kimi dəvət alırdım. Son bir ayda hətta yaşlı insanlar belə məni yolda görəndə deyirlər ki, bu, "Terminator”dakı oğlandır (gülürük).

- Sizcə, videoblogerlik bir gəncin tanınması üçün asan vasitə deyilmi?

- Qətiyyən asan deyil. Azərbaycanlıların əksər hissəsi sosial şəbəkələrdən istifadə edir. Təbii ki, insanlara iyrənc bir şey təqdim etdikdə, onu qəbul etməyəcəklər. Belə olan halda, haradasa səni görsələr pis reaksiya verərlər. Bu gün mən min dənə videoya baxa bilərəm. Məsələ burasındadır ki, mən ancaq onların birinə gülə bilərəm. Çoxluğun içərisindən bir nəfərin çıxmağı çox çətin bir məsələdir. Azərbaycanda sosial şəbəkələr yeni tanınmağa başlayıb. 2010-cu ildə biz sosial şəbəkənin nə olduğundan xəbərsiz idik. Bu gün doqquz milyonluq xalqın içərisindən bir milyonun diqqətini cəlb etmək həqiqətən də böyük bir şeydir. Bu sizə heç də asan gəlməsin.

- Bu gün siyasətçilər, şou nümayəndələri, sosioloqlar da öz fikirlərini sosial şəbəkələr vasitəsilə bildirirlər. Sosial şəbəkələr hazırda insanlar üçün söz meydanına çevrilib. Elə bir meydana ki, hər kəs orada öz bacarığını ortalığa qoyur.

- Elədir. Hətta mən deyərdim ki, televiziyada olan reklamla, sosial şəbəkədə olan reklamın qiyməti, baxış sayı eynidir. Hər yaş təbəqəsinin özünə uyğun bir məkanı var. Misal üçün, yaşlı bir insan gəlib kafedə oturub dönər yeyib, qəlyan çəkərmi? Xeyr. Televiziyanı yaşlı nəsil daha çox izləyir. Düzdür, demirəm ki, yaşlı nəslin nümayəndələri sosial şəbəkələrdən istifadə etmirlər. "İnstagram”da, "Facebook”da elə insanlar var ki, 60 yaşı var.

- Çəkildiyiniz "Oğlan evi – 2” filmi rol aldığınız ilk filmdirmi?

- Bəli. Bu mənim axarıncı bir filmim olacaq. Rejissorumuz İlham Qasımov məni kameranın qarşısında elə oynatdı ki, montajda özümü tanıya bilmədim. Özümü görəndə düşündüm ki, yəni mən belə oynaya bilərəm? Filmə dəvət alanda, açığı, qorxurdum. Müqavilə imzalayanda düşündüm ki, birdən rejissorun istədiyini edə bilmərəm. Çəkilişlər başlayanda heç bir çətinlik görmədim. "Vine” başqa, reklam başqa, film isə tamamilə başqa bir dünyadır.

- İyirmi yaşınız var və sosial şəbəkələrdə simanız məşhurlaşıb. Aktyor kimi də yavaş-yavaş özünüzü tanıtmağa başlamısınız. Ali təhsil almağı düşünürsünüzmü?

- Sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim, qəbul olunmadım. Qabiliyyət imtahanında özümə çox güvənirdim. Universitetə hazırlaşdığım il fənlərdə dəyişiklik oldu. Mənə zidd olan fənləri seçdiyim ixtisasa saldılar, ona görə həvəsdən düşdüm.

- Sizcə, aktyor olmaq üçün təhsil şərtdirmi?

- Şərtdir. Təhsil almağı düşünürəm. Hazırda Azərbaycanda aktyorlar arasında nömrə bir olan Pərviz Məmmədrzayevdən ustad dərsləri alıram. Gələn il İncəsənət Universitetinə sənəd verəcəm.

- Verilişlərinizdə aparıcıları da çox tənqid edirsiniz. Bu sizə hansısa problem yaradıbmı?

- Mən onları iyrənc şəkildə parodiya etmirəm. Tənqidin iki yolu var. Mən etdiyim tənqid deyil, verilişdə baş verən hadisələrə bir az da öz gözümlə baxıb, onu şişirdirəm. Bu yaxınlarda biz verilişdə Zauru parodiya etmişik. Əslində real həyatda o öz verilişində elə ağlamır. Biz onu olduğu kimi versək, gülməli alınmaz, onu daha da şişirdirik ki, gülməli olsun. Zaur özü də bizə şərh yazmışdı. Təşəkkürünü bildirmişdi.

- Gündəlik olaraq televiziya verilişlərini izləyirsinizmi?

- Yox, bütün məlumatları sosial şəbəkələrdən öyrənirik. Kimisə parodiya edəndə həmin aparıcının bir neçə verilişinə baxırıq. Bu bizə kifayət edir.

- Bir ara həbs edildiyiniz barədə mətbuatda xəbərlər dərc olundu...

- Həbslə bağlı yazılanlar doğrudur. 15 sutkalıq həbs olunmuşdum. Ancaq bunun videobloglarla heç bir əlaqəsi yoxdur. Mən də insanam, dava edib, həbsə düşə bilərəm. Məhəllədə dava olmuşdu, ona görə həbs edildim.

- Sizcə, videobloger fəaliyyət sahəsi Azərbaycanda inkişaf edibmi?

- Çox zaman deyirlər ki, əşi, videodur da, çəkib paylaşırsınız, nə zamansa bunun da sonu gələcək. Televiziyanın sonu gəlirmi? Videobloger ola-ola, səmtimi dəyişməyə çalışıram, özümü aktyor kimi daha da çox tanıtmağa səy göstərirəm.

- Valideynləriniz işinizə hansı reaksiyanı verirlər?

- Mənim ən böyük dəstəkçim anamdır. Hətta təzə-təzə video çəkməyə başlayanda, kameranı anam tuturdu. Anam bilir ki, mən pis işlərlə məşğul olmaram. Ona görə mənə deyib ki, nə istəyirsən et. Şükürlər olsun ki, bu günə qədər anamın başını aşağı edən heç bir hərəkətim olmayıb. Həftənin bir gününü anama həsr edirəm. Onunla birlikdə alış-veriş edir, asudə vaxt keçiririk.

- Ulduz xəstəliyinə tutulmamısınız ki?

- Mən əvvəlki Hüseyn Əzizoğluyam. Davranışlarımda, ətrafımdakı insanlara rəftarımda heç nə dəyişməyib. Deməli, o dediyiniz xəstəliyə tutulmamışam. Bundan sonra da belə olacaq.

- Yaşlı nəslin nümayəndələrini də güldürə bilirsinizmi?

- Yaşlı nəslin nümayəndələri zamanında Azərbaycanın korifey aktyorlarını - Nəsibə Zeynalovanı, Siyavuş Aslanı, Yaşar Nurini görüb. Elə gülməli şeylər görüblər ki, bu gün o təbəqəni güldürmək çox çətindir. Bizi izləyənlər yaş statistikasına görə 17-35 yaş arası təşkil edir. 35-dən yuxarını güldürmək mümkün deyil. Çünki onlar əjdahaları görüblər. Onların gülüşü tamamilə başqa idi.

- Heç, "övladlarımız sizə baxıb dərs oxumurlar, onları dərslərindən yayındırırsınız” – deyən valideynlərin qınağına tuş gəlmisinizmi?

- Əsla. Biz elə videolar çəkirik ki, bu hər yaşın nümayəndəsini əhatə edir. Şəhərə çıxanda daha çox uşaqlar yaxınlaşır və məni öpmək istəyirlər. Biz nümunə deyilik, işimiz güldürmək, güldürərkən əylənməkdir. 45-50 saniyəlik video yəqin ki, heç kəsin həyatından böyük vaxt almır, amma onlara gün, hətta həftə ərzində dostlarına göstərib gülə biləcəyi bir şey qazandırır.

- Nə üçün şou nümayəndələrini parodiya etmirsiniz?

- İnsanlar nəyə daha çox üstünlük verirsə, biz onları parodiya edirik. Hələ ki, öz mövzularımız var. Bu yaxınlarda Samiraldonu parodiya etdik. Hətta sosial şəbəkəyə girməyən, Samiraldonu tanımayan insanlar da bəyəndilər.

- Hədəfləriniz nədir?

- Böyük iddialarım yoxdur. Hələ ki gələcək haqqında düşünmürəm. Azərbaycanda maraqlı bir serial çəkmək istəyirəm. İçərisində intellektual zarafatlar olan bir serial. Film aləmində adımın birinci yerdə gəlməsini arzulayıram. Gülüş ustası olaraq tanınmaq istəyirəm. Hələ ki arzularım bunlardır.

- Bəs bir gənc kimi xaricə getmək, orada tanınmaq istəmirsinizmi?

- Mən çörəyi dizi üstə olan insan deyiləm. Azərbaycanda dünyaya gəlmişəm, burada tanınıb sevilmişəm. Ölkəmi tərk etmək fikrim yoxdur. Bir dəfə Rusiyadan bir qonağımız gəlmişdi. Mən ona indi etdiyim layihələrimdən danışdım. O dedi ki, mən sizin bu layihələri götürüb, ölkəmizdə həyata keçirəcəyəm. Deməyim odur ki, qoy xaricilər gəlib bizdən öyrənsin, biz onlardan yox. Düzdür, müəyyən etika və mədəniyyət sahəsində xaricilərdən götürəcəklərimiz də az deyil.

- Qadın paltarı geyinməyiniz böyük qınağa səbəb oldu. Qınayanlara demək istədiyiniz sözünüz varmı?

- Elə sözləri yazanlar saxta profil sahibləridir. Qadın paltarı geyinməyim nəyi dəyişir ki? Mən "vine” zamanı qadın paltarı geyinirəm, bəyənmirsən, baxma. Biz aktyoruq, müxtəlif rollara giririk. Biz xalqı güldürmək üçün bunu edirik. Kimlərisə bu, qıcıqlandıra bilər. Videolara baxıb, səhv axtarırlar. Bu da onların işidir. Bekar adamlardır (gülür).

- Hamı sizə gülür, siz kimə gülürsünüz?

- Cem Yılmaza. O insan bir əjdahadır. Ən böyük arzum Azərbaycanın Cem Yılmazı olmaqdır.

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #