Azərbaycanlı dizayner Ankarada mükafata layiq görüldü

Azərbaycanlı dizayner Ankarada mükafata layiq görüldü
15 noyabr 2024
# 14:24

Ankarada Əhməd Cavad adına İnstitut, Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY tərəfindən Azərbaycanın Zəfər Günü şərəfinə təşkil olunan tədbirlər çərçivəsində tanınmış dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın sərgisi açılıb.

Kulis.az xəbər verir ki, ekspozisiyada Qarabağ bölgəsinin milli geyim ənənələrinin əks olunduğu "Qarabağ və Xarıbülbül" kolleksiyası nümayiş olunub. Həmçinin unikal "Qarabağın cizgiləri" layihəsi - qədim Azərbaycan torpağının zəngin irsini və ictimai həyatını, musiqi və ədəbiyyatını əks etdirən ipək üzərində yaradılmış Qarabağın görkəmli şəxsiyyətlərinin portretləri təqdim edilib.

Türk dünyası mədəniyyətinin və incəsənətinin töhfəsinə və inkişafına görə Gülnarə Xəlilova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təsis olunmuş “Əhməd Cavad” medalı ilə təltif edilib.

Qeyd edək ki, “Cizgi” brendinin müəllifi Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

# 351 dəfə oxunub

Müəllifin son yazıları

# # #