Sazbənd Murad: “Qadın aşıqlar bədbəxt olur” - REPORTAJ

Sazbənd Murad: “Qadın aşıqlar bədbəxt olur” - <span style="color:red;">REPORTAJ
18 noyabr 2015
# 08:30

Tərəfimdən ərz eləyim ki, saza könül verməyim məktəb vaxtı bir qızı sevməyimlə başladı. Alınmayan sevdanın yolu saza çıxdı. Onda Kamandarı, Hüseyn Saraclını, Ədaləti tanıdım. Sazı həmişə darvaza qapılarının açarına oxşatmışam: bu haqqın, dünya sirlərinin açarıdır yəqin. Borçalıdan, sazbənd, həm də aşıq kimi tanınan Kövrək Murad aldı sazı, görək nə dedi bu haqda.

Qıfılbənd

- Saz şəklində bitki var. Mən özüm görmüşəm, bizim kənddə bir nəfər gətirib ondan. Borçalıda yetişir.

Yanındakı gədəbəyli Ramiz saz müəllimidir. Beş-on uşağı yığıb bir yerə, havaları ifa etməyi öyrədir. Görək, bəs o nə deyir?

- Vallah, sazın haqqın açarı olmasını ustadlar deyə bilər. Mən bircə şey bilirəm. Uşaqlara da onu keçirəm. Notu saza yaraşdırmıram. Orkestrlə oxuyanda öyrənmək lazımdı notu. Buna razıyam. Amma məktəbdə buna gərək yoxdu. Ürəyin səsi sazın notudur.

Kövrək Murad dedi, sazdan başqa ayrı alət olmayıb, bu tar-mar sonradan gəlib. İlk dəfə Qarabağ xanlığında başlayıblar tar çalmağa. İfa eləyiblər fars dilində, ordan da yayılıb hər yerə. Şamaxıda xanəndə gətirərdilər, qulaq asardılar.

- Axı sazdan gen düşüblər...

Ramiz müəllimə baxdı, baxdı, sonra gapına davam elədi:

- Doğurdan saz müqəddəs alətdi. Birinci musiqi sazdan yaranıb türklər üçün. Molla Cuma deyir ki, aşıqlıq Adəmdən başlayıb. Ulu sənət olduğu üçün girişməyə ehtiyat edirlər. Amma gələn uşaqlar da var.

Kövrək Muradın şəyirdliyi

Deməli, Hüseyn Saraclının yanına 1974-cü ildə getdi, 60 yaşı tamam olurdu onda. 72 yaşında gözlərini yumdu Hüseyn qağa. İnsan kimi gözəl, məclisləri gözəl... Məclisləri elə aparardı ki, orda heç bir qüsur tapa bilməzdin. Çobanın cavabını çoban kimi, alimin cavabını alim kimi verərdi.

Kövrək Muradgilin kəndinə qonaq gəlibmiş. Bu da cavan uşaq, bir az çalıb-oxumaq öyrənib. Məclisin axırında kəndçilər deyirlər ki, bəs deməzsənmi, bizim kənddə də bir uşaq peyda olub, çalıb oxuya bilir. Bəlkə bir hava oxuya. Hüseyn qağa deyir, oxusun, neyləyək. Onda Kövrək Murad sazı döşünə basıb bir “Göyçəgülü” çalır.

- Bundan nə durnaboğaz aşıq olar. – Hüseyn Saraclı deyir. Yamanca xoşuna gəlir -. Aşığın – deyir, - çənəsi ilə boğazı gərək bir qarış olsun.

“Toy qurtardı, dedim, a Hüseyn əmi, gəl bizə. Gecə də bizim evdə qaldı. Dedim, məni şəyird götürürsənmi, dedi, götürürəm. Çox nizam-intizamlı uşaqsan dedi. Bacardığın qədər sənətkar olarsan. Əsgərlikdən qayıtmışdım onda, cavan idim.”

Saza vurğun

Dədə-babadan ağac ustası olublar, deyim biləsiniz. Armud ağacından yonub saz düzəldirlərmiş uşaqlıqda. Yalandan iki-üç sim qoyub dınqıldadırlarmış. Atası da sənətkar, usta, bütün alətlər vardı evlərində. Dədəsi boyunduruq yonurdu qapıda, balaca Murad da saz düzəldirdi: “Kəllər üçün boyunduruq, yon ha yon. Ya da xarab olan arabalar olurdu, onu düzəldirdik. Kəl arabaları”.

Bolnisdəndi Kövrək Murad, yaman zirək uşaq olub. Kəndləri meşənin içindəymiş. Odun qırıb satarmış uşaq vaxtı. Üç dörd nəfər yığışıb odun yarır, bir kamaza yığır, alıcı gələndə satarlarmış. Mal-qoyun otarırmış, yayda yaylaqda, qışda aranda.

Uşaqlıqdan saza həvəsi çox böyük olub. Dayısı oğullarının sünnət toyu imiş. Qonum-qonşuda o vaxt toy olurdu, böyüklər gedirdi ancaq. Kimdi cor-cocuğu çölə qoyan? Murad anasının yanına düşüb getmişdi. Aşıq Əli, Aşıq Novruz vardı orda, lotuyana kişilərdi: “Aşıq Novruz Məşədi Hüseynə qulluq edirdi, İranlı aşığa, sonra sürgün elədilər, orda da ölmüşdü. Aşıq Pənah peyda oldu sonra, 50-ci illərdən sonra, o da Hüseyn Saraclının şəyirdi olmuşdu”.

Dərviş həyatı

O qədər elə yerlər olub ki, borana, qara düşüblər. Sazları da islanıb Hüseyn Saraclıyla. Gedib qonaq qaldıqları yerdə köynəklərini çıxardıb qurudublar. Yağışa da düşüblər. Əməlli-başlı dərviş həyatı keçiriblər bir yerdə. Kövrək Murad ömrünün axırlarında Hüseyn Saraclının yanında olub, ta ki ölənəcən.

Hara çağırırdılarsa ora gedərmiş Hüseyn Saraclı. Amma haqq-hesab çəkməzmiş. Deyirdilər, a Hüseyn qağa, nə istəyirsən? Deyirdi, ay bacoğlu, nə verərsən, bərəkətdir. Dərvişsayağı gəzən aşıq olmamışdı Hüseyn Saraclı qədər: dağda, aranda, yarğanda, binədə.

Kövrək Murad aldı görək nə dedi:

- Biz Ağbabadan qayıdırdıq. İstədik evə şey-şüy alaq. Girdik dükana, bir cavan oğlan gördük. Cürət eləyə bilmədi Hüseyn qağaya deməyə, mənə dedi ki, hardan gəlirsiz. Dedim, Ağbabadan, konsertdən... Dedi, bizim binəyə gedərsinizmi? Dedim, niyə getmirik. Ay Hüseyn qağa, bu oğlan bizi dəvət edir. Oranın çobanları bizi qarşıladılar. Bir gün axşama binədə çaldı, oxudu. Quzu kəsib kabab elədilər bizə. Camaat qulaq asdı: çobanlar, arvadlar. Bəlkə Aşıq Kamandar onun qədər gəzməmişdi, o dərviş kimi hər yeri gəzmişdi. Kamandarı çağırırdılar, gedirdi, sonra gəlib evdə otururdu. Amma bu yox. Beyninə yerləşdimi deyirdi, hazırlaş gedək filan yerə. Gedirdi dostlarıyla görüşürdü, bir axşam çalıb-oxuyurdu. Çox kamil sənətkar idi. Onun sənətində hər şey cəmləşmişdi: saz, söz, xalqın deyimləri, baməzəliyi, lətifələri.

- Kamandardan daha böyük idi?

- Kamandarın da öz yeri var, gözəl, şirin ləhcəsi vardı. Oxuyanda bülbül kimi ötürdü. Hüseyndə klassika daha çox idi. Adamı sənətin yaradılışına aparıb çıxarırdı, deyirdin bu dədədir, ozandır. Kamandar müasir idi.

Ustadı Hüseyn Saraclının son günlərindən danışır:

- Gedirdim xəstəxanaya yanına. Bir dəfə getdim, içəri girdim, hal-əhval tutdum. “Ayə, bu arvadları eşiyə çıxardacam, mənə soyuq su vermirlər içməyə” - dedi. Arvadlara dedi, Murada sözüm var, çıxın eşiyə. Kirimişcə dedi, mənə su gətir. Getdim bir qrafinka su doldurdum. Bir stəkan süzüb verdim, içdi, dedi, oxqay, ömrü boyu bu soyuq suya həsrət qaldım. Səsinə görə qorumuşdu. Bu saat toya çağırarlar deyə. Dəfnində bütün dünya var idi. Gürcüstandan gəlməyən adam yox idi. Katiblərin hamısı iştirak elədi. Saraclıdadır qəbri. Gedirəm həmişə qəbrinin üstünə. Ədəb-ərkan, oturuş-duruş öyrətdi mənə. Özü deyirdi, mən nə hərəkət eləyirəm bax öyrən. Eh...

Aşığın sevdiyi

Aşığın könlündə gözəlçələr məskən salar. Kövrək Murad deyir, gözaltıladığın bir qız olur, ya çatırsan, ya çatmırsan. Yüzü olur, amma birini alırsan. Hamısını alıb qapı-bacanı doldurmayacaqsan ki? Məktəb vaxtı olub ilk sevdiyi. O qızı da ala bilməyib: “Mən əsgərlikdə olanda ata-anası verdi özgəsinə, eləcə də qaldı. Uzaqdan-uzağa olub sevgimiz”.

O vaxtlar Borçalıda gəlini sazla köçürürlərmiş. “Atlandırma” havası çalırlarmış, qızı yaylaqdan atla ya da, arabayla oğlan evinə aparırlarmış. Araba da arabaymış ha, içərisini bəzəyib-düzəyir, xalça, palaz qoydurur, gələn-gedən pay düzürmüş, yorğan, döşək, nə bilim, yastıq...

- 77-də evlənmişəm. İki uşağım var. Biri İradə xanımdır, jurnalist. Kəpənəkçidəndir arvadım. Elçiliklə evlənmişəm. Mənim toyum üç gün üç gecə keçdi. Hüseyn Saraclı vardı toyumda. Hüseyn Saraclının axırıncı iştirak elədiyi toy oğlumun sünnət toyu oldu. Borçalı ziyalıları-zad gəlmişdi.

- Sevmişdiniz xanımınızı?

- O zaman nə sevmək, filankəsin qızını tərifləyirdilər, sən də deyirdin ki, alacam.

- Dədəniz göstərdi sizə?

- Özüm gördüm ki, mərifətlidir. Əsl aşıq arvadı ola bilər.

- Aşığın arvadı nə təhər olmalıdır ki?

- Aşığın arvadı şirin dilli, gələn qonağı bəh-bəhlə qarşılamalı, qulluq eləməli, yumşaq xasiyyətli olmalıdır. Bir obada, bir eldə aşıq arvadı mərifətinə görə o birilərdən seçilməlidir. O, məni heç əsəbiləşdirməyib.

- Başqa qadınlar da sizi sevirdi?

Dodaqaltı qımışır:

- Mənnən şəkil çəkdirmək istəyən qadınlar olub. Hər gələni aparsam, qapı bacada yer qalmaz, ay oğul.

Aşıq doğmaz

“Bəs qadından aşıq olarmı” sualına isə bir əhvalat danışır:

- Bir gün səhər tezdən idi. Oturmuşuq, yenicə samovarı qalamışıq. Eşikdə çay içəcəyik Hüseyn Saraclının evində. Həyətdə, tut ağacının altında. Bir də gördüm bir maşın əyləndi. Həmişə mən çıxırdım qapıya. Gələnin yanında bir qız uşağı vardı. Çay-zad gəldi, oturdular. Dedilər, Hüseyn əmi, heç demirsən, niyə gəlmisən. Qonaq allah qonağıdır, mən niyə deməliyəm ki, niyə gəlibsən, Hüseyn qağa dedi. Bu qız uşağıdır, yaxşı səsi var, istəyirəm, sənin yanına qoyam, öyrədəsən. Hüseyn Saraclı bir siqaret bükdü, bığını şığadı, baxdı üzünə aşağıdan yuxarı. Bu qız sazı öyrənəcək, aşıqlığı öyrənəcək, amma bu mütləq ailə qurmalıdır. Lap ailə də qurdu, biri gəldi ki, filan aşığı toya çağırırlar. Bu da uşağa yatıb. Sən də deyəcəksən ki, aşıq doğubdu, gedə bilmir. Aşıq doğmaz, qardaş oğlu. Bədbəxt olurdu aşıq olan qadınlar. Hamamlı Sona vardı, aşıq, onu görmüşəm. Ona kişi Sona deyirdilər. Qəşəng aşıqlıq eləyirdi. Qocaldı, rəhmətə getdi. Həyatından küskün olub, işi sarımayıb, ailə qurmayıb. Belə olub qadın aşıqlar. Telligil zəmanənin nəbzini tutub çalırlar. Kimdi onlardan imtahan götürən? Özləri üçün çalıb oxuyurlar.

- Nə təhər oxuyur Telli Borçalı?

- Yaxşı aşıqdı. Şən məclis aparmağı var.

- Aşıq festivalında özünü heç aşıq kimi aparmırdı...

- Onun işidi, ona heç zad deyə bilmərik. O da zamananın aşığıdı. Deyəssən, kimsən, onda da pis çıxacaq. Ustadsızlıqdandı hamısı. Ustad dərs verir, səndən soruşmasalar, dinmə, deyir. Zapislərə qulaq asıb öyrənirlər bunlar.

- Aşıq nə təhər olmalıdır bəs?

- Aşıq nəcib olmalıdır, oturuşunu-duruşunu bilməlidir.

- Siz necə aşıqsız?

- Mən indi qıza-gəlinə yalvarası vaxtda deyiləm, ay oğul. Klassik havalar çalıram daha çox.

- Şagirdiniz var?

- Şagidlərim var, göstəriş verirəm. Borçalıdan var bir şagirdim, həm sənət, həm irfan cəhətdən yerindədir. Aşıq şagirdim ikidir. Qalanı özü üçün dınqıldadır. Nemət Başkeçid gözəl aşıq olacaq gələcəkdə, öyrədirəm bilmədiyini.

Sazbənd Muradın hekayəti

Əlində saz bir nəfər içəri girir, söhbəti yarıda kəsir: “Qardaşlar, bu aşıq sənəti çox böyükdür, milli-mənəvi dəyərimizdir”, başlayır Kövrək Muradı tərifləməyə. Sən demə dərdi varmış: “Ay ustad, sən Allah, bu saza bax görüm”.

Kövrək Murad sazı dınqıldadır, yoxlayır.

- Bir yarım saata gəl, hazır olar.

Saz qoynunda düzəltməyə girişir, tezcənək soruşuram:

- Bu gələn aşıq idi?

- Aşıq deyil, gitaristdi gələn. Saznan dəyişirlər arada konsertdə. – gülüşmə.

Sazbəndliyindən söz alır Kövrək Murad:

- Bu saat İran aşıqları çox gəlir saz düzəltdirməyə. Hər yerdən gələn var. Bayaq elə aşıq Mirzə zəng eləmişdi. Ədalətlə yaxınlığım var, oturub durmuşuq. Sazını düzəltmişəm onun. O biri Dəlidağlı da dostumdur, sazı həmişə məndən götürür.

- Qiymət bəs?

- Müxtəlif olur qiymət. Damara baxıb qan alırıq.

- Hansı ağacdan yaxşı olur?

- Tut, qoz ağacından yaxşı olur əsas. Gürcüstandan gətirirəm, yumşaq olur, onların səsi yaxşı olur.

- Sazı düzəldibsiniz, qırıq çıxıb... Olub belə?

- Eləsi olub düzəltmişəm, metroya düşüb qolunu qırıb təzədən süzülə-süzülə geri gəlib. Burda biri aldı, Ağdamlı idi, sevinə-sevinə qucağında getdi, ayağı səkiyə ilişir hardasa, sazın qolu qırılır. Gətirdi bir dəfə dəyişdim. İndi mənim kamilləşmiş vaxtımdı. Olmur elə şeylər.

- Bir aşıq gələ, siz də ustad kimi ona pay verəsiniz ki, götür, heç nə istəmirəm. Kasıbın birini sevindirəsiniz...

- Pulu olmayanların yerinə yanında sponsorları gəlir. Bu kişiyə bir saz bağla, pulu mənlikdi deyirlər. Zəlimxan Yaqub bir aşıq gətirmişdi dedi, buna Kamandarın sazı kimi 11-lik bir saz düzəlt. Zəlimxanla dostuq, bu otaqda keçən günlərimiz olub. İndi bir az xəstəhal kimidir, allah şəfasını versin. Əvvəllər tez-tez gəlirdi. Zəlimxan böyük şairdi, ondan yuxarısı yoxdu.

- Siz də yazmısınız şeir?

- Cavanlıqda yazmışam. Elə şairlərin qabağında şeir yazırıq deyə bilmərəm.

Möhürbənd

Əlindəki sazı düzəldə-düzəldə danışır:

- Hər şeyi müasir eləmək olar, get gedə dəyişiklik olmalıdır. Yeni havalar yaranır, “trınq” havalar. Bu saat saza oynayanlar azdı. Qədim vaxtı isə sazın yolunu-izini biliblər. İndi ansambla birləşdirməsən heç kim saza oynamaz. Ona görə müasirliklə ayaqlaşmaq lazımdı. Klassikanı da saxlamaq lazımdı, yeniliyi də. İndi elə aşıq qalmayıb. Əmrah, Kamandar, Hüseyn Saraclını dinləməyə dəyərdi. Dörd-beş il burda qaldı Kamandar, burdaca otururdu. Burda rəhmətə getdi, gündüzlər gəlirdi, axşam gedirdi.

- Borçalı məktəbi də indi Kamandarı yamsılayır.

- O biri yolla da gedə bilmirlər. Hüseyn Saraclının danışığını danışa bilməzlər. Düzdümü? Kamandar da asan gəlir, hazır yoldu, götürüb baxır öyrənir.

Sonra üzünü dostuna tutub deyir:

- Əvvəllər aşıqlar çayçıda oxuyardı. Məsələn, Tiflisin Şeytanbazarında, ya da Daştəpədə, Sarvanda. Toya da çayxanadan aparardılar. Aşıqlar toya işləmirsə acından ölməlidir. Məcburiyyətdən getməlidir. – mənə tərəf çönüb gileylənir. - Borçalıda ustad aşıqlar getdi, var aşıqlar bizi qane etmir, çox savadsız, öyrənmək istəmirlər, beş hava öyrənib pul qazanırlar. Kamilləşmək üçün ustadsız mümkün deyil. Ustad yoxdursa bir də görürsən uzaqda bir alma var, gedib götürüb xartaxart yeyəcək hamının içində. Aşıq nəcib olmalıdı, hər şeydən halı olmalıdı. Dərin olmalıdı, hədisi, sözü-söhbəti olmalıdı. Təbii istedadı olmalıdı. Zəlimxan Yaqub univesiteti qurtarmasaydı şair olmazdı? Ələsgərə hər şey ayan idi.

- Aşıq Ədalət də bu sənəti ustaddan öyrənməyənləri, oturuşunu-duruşunu bilməyənləri söyür. Düzdü, sizcə?

- Ədalət düz eləyir bir yana baxanda, əsəbindən eləyir. Saxlaya bilmir özünü. Sənətdə haqsızlıqlar görür. Ədalət böyük sənətkardır. Bir o qalıb köhnələrdən. O, görür ki, hamı yolunu azıb. Olmaz elə şey.

Əlindəki saz hazırdır, bir az dınqıldadır. Bizə də yol görünür çalınan saz havasının üstündə...

Ayxan Ayvaz

# 2100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #