Yazarlar Elza Seyidcahan haqda: "Elza postmodernistdir"

Yazarlar Elza Seyidcahan haqda: <span style="color:red;">"Elza postmodernistdir"
17 iyun 2015
# 15:18

Son vaxtlar həm də şairliyə başlayan müğənni Elza Seyidcahanın şeirin adına xələl gətirən “şeirlər”i həm sosial şəbəkələrdə, həm efir məkanında, həm də ictimai yerlərdə müzakirə olunur. Sırf piar məqsədilə qurulan və çağdaş medianın tələblərinə uyğun gəldiyindən sürətlə tirajlanıb ictimailəşdirilən bu “şeir”lərin gündəmi zəbt etməsi çox ağrılı haldır. Ən pis hal isə medianın, əsasən də ciddi elektron xəbər portallarının Elza Seyidcahan “yaradıcılığ”ına xüsusi yer ayırmasıdır. Təbii ki, jurnalistikanın çox yayılan ənənələrindən biri ictimaiyyətin marağında olan, ictimai fiqur statusu daşıyan şəxsin fəaliyyət və davranışlarının izlənməsidir. Amma zəngin poeziya ənənələri olan bir dövlətin gəncinə, yaşlısına, şagirdinə sırf ictimai maraq xatirinə bu yazılanları şeir kimi təqdim etmək nə dərəcədə doğrudur?

Ədəbiyyat adamları arasında keçirilən sorğuda iştirak edənlər həm bu suala cavab verib, həm də müğənni Elza Seyidcahanın şeirlərinə münasibət bildiriblər:

Tənqidçi, filologiya elmlər doktoru Cavanşir Yusifli bunu əslində sıradan bir hadisə sayır. Elza Seyidcahanın şeir yazmasını və bunun ictimailəşməsinin o qədər də mənfi təsiri olmayacağını düşünən ədəbiyyatşünas alim məsələni əsasən başqa problemin üzərində yönəldib:

“Bu, sıradan bir hadisədir. Elza ekstravaqantdır, dərə-təpə yolları sevir, mənanı atıb sözləri saxlayır və bütün “izm”lər ona yaraşır: avanqard, post-modernist, daha nə... Zənnimcə, Elzanın, siz deyən kimi “şeirə, sözə qeyri-ciddi münasibəti” yaxın zamanlarda Azərbaycanda heç bir zəlzələ proqnozunu gerçəkləşdirməyəcək. Əxlaqsız yazı... nədir, sizcə? Köhnə-kürüş janrlardan mədhiyyə tutalğacı kimi istifadə etmək (qəzəl de ki, məşhuri-cahan ola, yarınmaq da, ucalmaq da asan ola...), köhlən atı minib köndələn çapmaq, difiramba təkərinə minib diyircəkli qələm üstündə diyirlənmək düzə yalan, yalana düz deyib, sonra yaxasına komsomol nişanı taxıb şəkil çəkdirmək və sair bu qəbildən olan hadisələr ki, izahı saatlarla ağlamağa möhtacdır”.

Yazıçı Azad Qaradərəli Elza Seyidcahanın şeir yazmasını, sadəcə olaraq ayıb hesab edir. Onun fikrincə, hərə öz bacardığı işin qulpundan yapışsa yaxşı olar:

“Təəssüf ki, bu bizdə xəstəlik halını alıb. Deputat, prokuror, stilist, hamısı yazır. Özü də şeir! Yazsınlar, sözümüz yox. Vaxtilə hər kəsin bir şeir dəftəri olub və ora sevdiyi şairlərdən nümunələr köçürüb, hərdən özü də yazıb. Amma hər cızmaqaranı gözə soxmayıblar. Elza Seyidcahana gəldikdə, düzü, onun müğənniliyinə şəxsən mənim simpatiyam var. “Şeir” yazması isə özünü gözdən salmaqdır. Sadəcə, ayıbdır. Adam bildiyi işin qulpundan yapışar”.

Şair, “Azad Yazarlar Oçağı”nun yaradıcılarından olan Rasim Qaraca Elza Seyidcahanla bağlı yazıları izləmədiyini deyir. O, problemin kökünü belə əsaslandırır:

“Elza Seyidcahanla bağlı yazılanları çox da izləmirəm. Bəlkə başqa səbəblər də var. Adətən, şairləri və yazarları aşağılayan, məsxərə durumuna gətirən ədəbiyyatda uğur qazanmamış media başqanları olur. Çox vaxt uğursuz şairlərin sığınacaq yeri jurnalistika olduğuna görə burada özünə yer edənlərin ana hədəflərindən biri şeiri və şairləri aşağılamaqdır”.

Tərcüməçi Nadir Qocabəylinin fikrincə, əgər müğənni, yazdıqları ilə gündəmi zəbt edə bilirsə, ya yaxşı yazır, ya da cəmiyyət aşağı səviyyədədir:

“Məncə, bir yazı-pozu adamının digərinin yaradıcılığına qiymət verməsi o qədər də etik olmazdı. Elza xanımın yazdıqlarına qiyməti oxucular, tamaşaçılar və cəmiyyət verməlidir. Əgər o, yazdıqları ilə gündəmi zəbt edə bilirsə, ya yaxşı yazır, ya da cəmiyyət aşağı səviyyədədir. Biz kiməsə yaz və ya yazma deyə bilmərik. Yazır yazsın da... Onun pis yazdığını sübut etməyin yeganə yolu, ondan daha yaxşı yazmaq və gündəmi onun əlindən almağı bacarmaqdır. Kiminsə özünü söz bilicisi adlandırması da təvazökarlıqdan uzaq bir şeydir. İndi çox adam yazır və özünü söz bilicisi hesab edir. Bu tarixən də olub, amma tarixdə yalnız həqiqi söz biliciləri qalıb. Məncə, Elza Seyidcahana görə çox narahat olmamalı, onun üzərinə çox getməməliyik. Bunun özü elə onun təbliğatına xidmət edir”.

Gənc yazar Mövlud Mövlud jurnalistikada başını bu tipli yazılarda qatmağın məcburiliyini bu cür izah edir:

“Bizim jurnalistlərimiz Elzanın yaradıcılığından daha vacib mövzularda yaza biləcək gücdədir. Sadəcə, bizim Elza və onun kimilərdən başqa mövzularda yazmaq icazəmiz yoxdur. Ona görə də məcburuq başımızı belə şeylərlə qataq. İmkan verin, çörəyimizi qazanaq”.

Tənqidçi Əsəd Cahangir Elza Seyidcahana ciddi yanaşmağın özünü qeyri-ciddi hal hesab edir:

“Elza musiqidə postmodernistdir. Ekstravaqant vizual effektlərə aşkar meyli, məsələn, qəzetdən don geyinməsi, heyvanlara konsert verməsi, bəstələdiyi mahnıların bəzən harmonik yox, kakofonik xarakter daşıması - bütün bunlar postmodern estetika və düşüncəni sərgiləmək cəhdləridir. Onun ən adi, məzmunsuz sözləri ard-arda düzüb şeir adıyla təqdim etməsi də bunun göstəricisidir. Elzanın şeirlərinin mənası onların mənasızlığındadır. Biz isə onlarda nəsə dərin bir məna axtarırıq. Bu onu göstərir ki, biz Elzaya onun öz estetikasından yanaşmırıq. Əslində, bizim sevgimiz Elzaya heç lazım da deyil. Ona lazım olan şok effekti doğurmaq, bizi qıcıqlandırmaqdır ki, buna da, gördüyümüz kimi, uğurla nail olur. Elzanın əsaslandığı bədii-estetik dünyagörüşü sənətdə demokratizmin son həddidir. Bu dünyagörüşə görə heç kəs heç kəsdən artıq deyil, yəni istedad deyilən bir şey yoxdur və kim istəsə, nəylə istəsə, məşğul ola bilər. Amerikan postmodernisti Uorxolun diliylə desək, hamı bir-birinə bərabərdir. Rus mədəniyyətində bu cür işləri daha çox rəssamlar görür, məsələn, Kulik. Onun müxtəlif biennallarda təqdim etdiyi işlər Elzanın işləri ilə müqayisədə qat-qat güclü şok effekti doğurur. Məsələn, rəssamın "Təbiiliyə qayıdış" adlı işində Tolstoyun heykəlinə qonan quşlar onun başına zıl tökürlər. Burda quş zılı təbiiliyi simvolizə edir və bununla da, rəssam dahi yazıçının ömrü boyu təbliğ etdiyi təbiilik ideyasının tragikomik tərəflərini göstərir. Yaxud "Quduz it" adlı işində rəssam özü çılpaq soyunaraq it kimi boğazından zəncirlənir və nəzərdə tutulan xətti keçən tamaşaçıları qapır. Buna görə o, xarici ölkələrdə bir neçə dəfə polisə düşüb.

Elza məsələsinin geniş rezonans doğurması göstərir ki, biz öz dövrümüzün başlıca mentallığını başa düşmürük. Bodriyar deyir ki, postmodern epoxada simulyakr, yəni hər şeyin əsli yox, surəti aparıcıdır. Baxın, bəyəm yediyimiz ərzaqlar kimyəvi, geydiyimiz paltarlar "kitayski" deyil? Bəyəm, seçki adı altında təyinatlar baş vermir? Bəyəm, canlı səs yox, fonoqramla oxumuruq? Bəs onda niyə Elzadan həqiqi poeziya gözləyirik? Amma Elzanın poeziya iddialarına neqativ münasibətin ikinci səbəbi də ola bilər. Postmodern era artıq başa çatır və bu üzdən hər hansı postmodern cəhd qəbul olunmur. İstənilən halda Elzaya ciddi yanaşmağı qeyri-ciddi sayıram”.

modern.az

# 1425 dəfə oxunub

Müəllifin son yazıları

# # #