Qara Qarayev: "Təcrübəmizi həyata laqeyd əsərlərə sərf edə bilmərik"

Qara Qarayev: "Təcrübəmizi həyata laqeyd əsərlərə sərf edə bilmərik"
5 fevral 2018
# 10:16

Bu gün Qara Qarayevin doğum günüdür. Kulis.Az bu münasibətlə görkəmli bəstəkarın Azərbaycan Bəstəkarlar İttifaqının 1969-cu ildə keçirilən qurultayındakı məruzəsindən maraqlı hissələri təqdim edir.

***

Musiqimizin tərəqqisi və inkişafının başlıca şərtlərindən biri nədir? Keçilən yolu düzgün qiymətləndirmək, hazırkı vəziyyəti obyektiv təhlil etməyi bacarmaq, musiqi təfəkkürümüzün inkişafında qanunauyğunluqları açmaq, bu bünövrə üzərində qarşımızda dayanan problemləri və vəzifələri müəyyənləşdirmək. Şəksiz, çətin və mürəkkəb məsələdir. Lakin biz bugün tarixi öz əlimizlə yaradırıq. Zaman bizi qabağa aparır, həyati gerçəklik bizimlə çiyin-çiyinə irəliləyir, musiqimizin tarixi isə yüz illər və epoxalarla deyil, illər və on illərlə ölçülür.

Misal üçün uzağa getmək lazım deyil. Bizim çoxumuz, bəstəkarların yaşlı nəsli Azərbaycan musiqisinin bir neçə inkişaf dövrünü görmüşük. Biz “Koroğlu”nun ilk tamaşasında iştirak etmişik. Xalqımızın tarixində simfoniya janrı, kamera musiqisi, balet sənəti gözlərimiz qarşısında yaranmış və bərqərar olmuşdu.

***

Vaxt vardı bizi - Azərbaycan bəstəkarlarını barmaqla saymaq olurdu. İncəsənətimiz gözlərimiz qarşısında möhkəmləndi, boy atdı, cəsarətlə ümumittifaq miqyasına çıxdı, sonra isə dünyanın bütün qitələrində gur, gənc səslə öz varlığını bildirdi.

Azərbaycan bəstəkarlıq məktəbi! Bu sözlər necə də qürurla səslənir. Görün nə qədər tutumlu, çoxcəhətli bir musiqi haqqında təsəvvür yaradır.

Musiqi mədəniyyətimizin yaradıcı və həyati məsələlərini bir-birinə bənzəyən pillələr şəklində təsəvvür etmək, bu pillələrlə eyni sürətlə, eyni səviyyədə qalxdığımızı düşünmək sadəlövhlük olardı. Bu proses həddindən artıq mürəkkəbdir, irəliyə doğru hər bir addım müəyyən mənada kəmiyyət və keyfiyyətcə dolğunlaşmalıdır.

***

...İnadla yeni bədii vasitələr axtarışı, geniş dünyagörüşü tələb olunur. Yaradıcılıq qəhrəmanlığı, yaradıcılıq mübarizəsi və zəhmət tələb olunur. Bu, çətin yoldur, ağırdır, işgəncəlidir, lakin bu yol insanlara sevinc, müəllifə məmnunluq gətirir.

Parlaq ifadə axtarışında öncə, mən deyərdim, birinci dərəcəli amil xalq musiqisidir. Folklora çağlayan bulaq deyirlər. Bu bulaqdan nə qədər su götürsən qurumaz... Obrazlı fikirdir, şairanədir, lakin, mənim zənnimcə, düzgün deyil. Əgər müqayisə ediriksə, gəlin xalq musiqisini hər şeydən əvvəl müxtəlif dərinlikdə yerləşən neft quyularına bənzədək. Hələ 70-80 il qabaq Abşeronda bir neçə metrlik quyu qazanda neft fontanı xoşbəxt sahibkarı varlandırırdı. Bir az sonra dayaz quyular qazıb nefti yalonkalarla dartmağa başladılar. Varlanmaq ehtirası ilə adamlar üst qatların sərvətini vəhşicəsinə çəkib qurtardılar. Yuxarı qatlar kasıblaşanda nefti mürəkkəb qurğularla çıxarmaq lazım gəldi. Xalq musiqisinin taleyi də buna bənzəyir. Gəlin bu barədə düşünək. Biz bu sərvəti həddən artıq asan yolla istismar eləmirikmi? Xalq musiqisinin həqiqətən tükənməz olan qaynaqları haqqında düşünmək vaxtı çatmayıbmı? Onun əsas zənginliyi üzdə deyil, düşündüyümüzdən daha dərindədir və biz oraya enmək üçün lazımi “texniki vasitələrlə” silahlanmalıyıq.

***

Gərgin əmək sayəsində qazandığımız təcrübəni, professional yaradıcılığımızı peşəkarlıq cəhətdən kamil, cilalanmış, lakin soyuq və həyata laqeyd əsərlərə sərf edə bilmərik. Buna bizim ixtiyarımız yoxdur. Yüksək texnika, ustalıq və yaradıcılıq səriştəsi hazırda bizim üçün adi vərdiş halını almışdır. Sonata alleqrosunun məharətlə qurulmuş kompozisiyasından heyrətə gəldiyimiz vaxtlar çoxdan keçib. Bunu tələbələr də bacarır. Bizim texniki ustalığımız bütün dünyanı hərəkətə gətirən yüksək idealların, nəcib məqsədlərin bədii həllinə yönəldilməlidir.

***

Sirr deyil ki, opera musiqinin ən çox zəhmət tələb edən sahəsidir, bəstəkarlardan dərin yaradıcılıq kəşfiyyatı, xüsusilə söhbət müasir mövzulu operadan gedirsə, yeni forma axtarışları tələb edir. Bəs işin əslində nə görürük? Son vaxtlar bəstəkarlar bu janra yaxın düşmürlər. Halbuki Azərbaycan opera klassiklərinin gözəl ənənələri var. Bu nəcib yaradıcılıq məsələsinin öhdəsindən gəlmək üçün müasir bəstəkarlarımız texniki cəhətdən yaxşı hazırlıqlıdırlar. Bununla belə geçənilki qurultaya, demək olar, əliboş gəlmişdik.

***

Gənclər mənəvi və maddi köməyə möhtacdır. Onların hər birini öz imkanları dairəsində irəli çəkmək, fəal yaradıcılıq həyatına qovuşdurmaq lazımdır... Yeri gəlmişkən deyək ki, gənclərin rolu təkcə ittifaqımızın sıralarını artırmaqdan ibarət deyil, onlar həm də təşkilatımızın yaşlı üzvləri üçün bir təkandırlar.

***

Xalq həyatında, onun zövqünün inkişafında, daxili aləminin formalaşmasında mahnının böyük rol oynadığını sübut etməyə ehtiyac yoxdur. Bu janr xüsusi diqqət istəyir. Yaxşı mahnı qədər heç bir musiqi janrı fayda verə bilməz. Əgər mahnı pisdirsə, bayağıdırsa, onun gətirdiyi zərər də başqa janrların zərərindən artıqdır.

***

Bizim zəmanəmizdə daxili yaradıcılıq intizamı, ifadə vasitələrinin toplusu və ən başlıcası, musiqi təfəkkürünün ağıllı sistemləşdirilməsi lazımdır. Əminəm ki, sözün əsl mənasında ağır zəhmətə qatlaşıb işləməklə, ağıl və istedad sayəsində müasir musiqi dilinin kəskin problemi qarşısında hiss etdiyimiz inamsızlığı aradan qaldıra bilərik... /Kulis 12.08.2013/

# 1129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #