Cəfər Behbudov: “Bakıya hara gəlim?” - MÜSAHİBƏ

Cəfər Behbudov: “Bakıya hara gəlim?” - <span style="color:red;">MÜSAHİBƏ
24 avqust 2016
# 15:01

Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudovun APA-ya müsahibəsi

Cəfər Behbudov ötən əsrin 80-ci illərində çox məşhur olub. Onu təkcə istedadına, səsinə yox, həm də Rəşid Behbudova görə tanıyıblar. Böyük müğənninin bacısı oğlu olmaq şöhrətinin üstünə şöhrət gətirib, qapıları üzünə taybatay açıb. Amma çox keçməyib, o qapılar açıldığı kimi də bağlanıb. Və gənc müğənni ölkədən birdəfəlik gedib. Buna “birdəfəlik gedib” yox, birdəfəlik küsüb də demək olar. O 1991, bu da 2016.

Cəfər Behbudov indi o qədər də tanınmır. Bu günün gəncliyi onu ümumiyyətlə görməyib, soruşsan, çiynini çəkəcək. Dəliqanlı vaxtları, sevgisi 80-ci illərə düşənlər isə başqa məsələ. “Bağçadan gələn səs”, “Sevdim”, “Neyləyim” mahnılarını çox dinləmiş olarlar. Bir də Flora Kərimova ilə oxuduğu “Sevgi mahnısı” zamanında dildən-dilə gəzirmiş. Bu misra o mahnıdandır: “Bir gün qəribsəyərsən, bilinər ömrün dadı”.

Taleyini Ukraynaya bağlayan Cəfər Behbudovun vətən üçün qəribsədiyini hər cümləsindən bilmək olar. Ömrün dadı necədir, onu özü desin...

***

- Vallah, bilmirəm, nə deyim, necə danışım. İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Təskinliyim ancaq budur: məni axtarırlar. Bir gün Bakıdan zəng gəlir və görürsən, bir cavan səninlə maraqlanır, haqqında danışır. Buna görə Allahıma şükür edirəm. Bundan başqa, Hikmət Cavadovla (Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri - red.) sıx münasibətlərimiz var, tez-tez maraqlanır, danışırıq. Belə şeylərə görə hiss edirəm ki, hələ unudulmamışam. Çoxdandır, Azərbaycan dilində danışmıram, ona görə, görürsünüz də, rus sözlərindən çox istifadə edirəm.

- Bakıdan niyə getdiniz? Gəlin, bundan danışaq...

- Yaşamaq üçün pul lazım idi. Ukraynada restoranlarda oxuyub pul qazanırdım. Tədbirlər olanda bizimkilər hərdənbir çağırırdılar. Mən Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim.

- Deməli, Rəşid Behbudov nə qədər sağ olub, işləriniz yaxşı gedirmiş. Onun ölümündən sonra sizə münasibət dəyişib...

- Əksinə, mən deyərdim ki, daha çox öz istedadım və səsimin hesabıma hər şeyi əldə etmişdim. Düzdür, hərdən anama mənimlə bağlı məsləhətlər verirdi.

- Bakıdakı dostlarınız kimlər idi?

- Eldar Mansurov. Onunla yaxşı dostluğumuz var idi. Eldar mənə çox kömək etmişdi. Ona bu gün də minnətdaram. İndi heç bilmirəm Eldarın işləri necədir. Onunla məmnuniyyətlə görüşmək istəyərdim. Eldar mənim qardaşımdır.

- Deməli, köhnə dostla çoxdandır əlaqəniz yoxdur...

- Düzünü deyim, yox. Bir dəfə Ukraynaya gəlmişdi, onda görüşmüşdük. Nə isə müsabiqə vardı, Eldar da jürinin üzvü idi. Zəng vurdu ki, görüşməliyik. Mənə “minusovka”lar verdi ki, hansını istəyirsən, yaz. Evdə studiyam var idi, dedi, mahnılarını yaz göndər, mən radioda oxutduracağam. Bir-iki mahnı yazıb göndərdim, amma o qədər də istəmirdim ki, efirə verilsin. Nəyə lazımdır axı? Zaman keçmişdi, hər şey arxada qalmışdı. Ya böyük addımla irəli getməlisən, ya da heç nə lazım deyil. Siyavuş Kərimi də mənim dostumdur, amma onunla da çoxdandır danışmırıq.

- Sonralar Bakıya niyə gəlmədiniz?

- Hara gəlim, kimə gəlim?

- Rəşid Behbudovun xanımı və qızı Bakıda yaşayır...

- Bilirəm. Ceyran xanım çox güclü, möhkəm qadındır. Mən kiməm? Ümumiyyətlə, niyə gəlim axı? Vallah, bilmirəm, nə deyim. Heç bilmirəm, məni orda necə qarşılayarlar.

- Bəlkə bu uzaqlığın, ögeyliyin səbəbkarı elə siz özünüz olmusunuz...

- (Sükut) Vaxt keçib, başa düşürsünüz, vaxt keçib. Çoxdandır danışmırıq. 90-cı illərdə hərdənbir zəngləşirdik. 1999-cu ildə anam rəhmətə gedəndə görüşmüşük, vəssalam. Ondan sonra əlaqəmiz olmayıb. Bacım Firuzə Behbudova da Bakıda yaşayır.

- 20 ilə yaxın vaxt keçib, heç ürəyinizdən keçməyib ki, gəlib dayınızın, ananızın məzarını ziyarət edəsiniz?

- İnternet var, İnternetdə baxıram ki, heykəli necə düzəldiblər, nə danışıblar, nə deyib, kimlər iştirak edib. Mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər.

- Söhbət hansı düşmənlərdən gedir?

- Bu barədə danışmaq istəmirəm.

- Rəşid Behbudovun ölümü ilə bağlı müxtəlif söz-söhbətlər var. Bəziləri hətta onun öldürülməsi ilə bağlı iddialar səsləndirir. Sizin bu iddialara münasibətiniz necədir?

- O, çox xəstə idi, ağrıyırdı. Mən xəstəlikdən başqa bir şey haqda düşünmürəm. Rəşid Behbudovun öldürülməsi ilə bağlı iddiaları qəbul etmirəm, məncə, bu iddialar əsassızdır.

- Sizin ananız əməkdar artist Nəcibə Behbudovadır. Atanızın yox, ananınız soyadını götürmüsünüz. Bu Rəşid Behbudova görədir?

- Yox, dayıma görə deyil. Doqquz yaşım olanda anamla atam ayrıldılar. Anam məni atamın familiyasında çıxarıb öz familiyasına keçirdi. Onlar teatrda tanış olub evlənmişdilər. Sonralar atam Ağaəli Məstanov teatrdan uzaqlaşdı, 80-ci ildə rəhmətə getdi. Anamgil ailədə üç uşaq olublar. Rəşid dayım, Ənvər dayım, bir də anam. Ənvər Behbudov Rusiyada rejissorluğu bitirib. Ulyanovsk, Xabarovsk, Novosibirsk teatrlarında rejissor vә bәdii rәһbәr olub. Sonra Bakıda Rus Dram Teatrının baş rejissoru olub. Rusiyanın xalq artistidir. Yadıma gəlir ki, hərdən Bakıya gəlirdi, Rəşid dayımla konsertləri müzakirə edirdilər, məsləhətləşirdilər. Sonra nə deyim? Anam “Bəyin oğurlanması” filmində çəkilib. Əvvəl o film musiqili film olmalı idi. Sonra dəyişdilər. Hətta sizə deyim, məni də o filmə çəkmək istəyirdilər. Sonra anam “Ulduz” filmində çəkilib. Anamın mənə köməkliyi çox dəyib. Pianino aldı mənim üçün, Musiqili Komediya Teatrında işləyəndə kömək etdi, məni xora qəbul elədilər, sonra Asəf Zeynallı adına məktəbə qəbul olundum. Xorda, sonra aktyor truppasına da qəbul edildim. Mən Nəsibə Zeynalovanın, Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun gözünün qabağında böyümüşəm.

- Oxumağa nə vaxtdan başladınız?

- Lap uşaqlıqdan. Mahnıların radio və televiziyada səslənirdi. Ruhəngiz Qasımova o vaxt uşaq mahnıları yazırdı, onun mahnılarını oxuyurdum. Gəncliyimdə isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə televiziyanın ştatlı solistləri idik. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə oxuyurduq.

- Flora Kərimova ilə oxuduğunuz mahnı vaxtilə Bakıda çox məşhur olub...

- Hə, Flora ilə bir klip çəkdirmişdik. Çəkilişdən sonra öz maşını ilə məni evə qədər apardı. Özü sürürdü. Mənə məsləhət gördü ki, heç vaxt heç kimi yüz faiz sevmə. 99 faiz sev, bir faizini özünə saxla. (Gülür).

- Siz Flora xanımı sevməmisiniz?

- Yox, yox, nə danışırsınız. (Gülür). Sevgi söhbəti olmayıb. O çox yaxşı qadındır. Çoxdandır onunla da əlaqəmiz yoxdur.

- Azərbaycanın gənc müğənnilərindən kimləri dinləyirsiniz?

- Çətinlik çəkirəm nə isə deməyə. Hərdən Azərbaycan televiziyalarına baxıram, qulaq asıram, amma kiminsə adını çəkmək çətindir.

- Sizə ən çox məşhurluq gətirən mahnınız hansı olub?

- Tofiq Quliyevin “Zibeydə” mahnısı. Bu mahnı mənə çox məşhurluq qazandırdı. Sonra “Bəyin oğurlanması” filmində mənim mahnım səslənmişdi. İnternetdə mahnılarımı yükləyiblər. Amma düzünü deyim, qulaq asmıram. Daha çox qabağa baxmaq lazımdır. Dnepropetrovskda estrada teatrı var, onlar Rəşid Behbudovun və Müslüm Maqomayevin mahnılarını buraxıblar. Tədbirə çağırmışdılar, orda da oxudum.

- Müslüm Maqomayevlə münasibətiniz var idi?

- Allah rəhmət eləsin, burda Heydər Əliyevin 70 illiyini keçirmişdik. Filarmoniyada yaxşı bir tədbir oldu. Müslüm də, mən də oxuduq. Mənim ad günüm Müslümlə eyni gündədir. 17 avqustda. Demirəm, çox yaxın dostluğumuz var idi, amma münasibətimiz olub. Tədbirlərdə görüşmüşük.

- Mənə elə gəlir, siz Bakıdan küsüb getmisiniz...

- Yox, bir az düzəliş edək: Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Yəqin ki, mənim küsdüyüm adamlar indi də var. Ona görə gəlmək istəmirəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Amma mənim heç kimə incikliyim, narazılığım yoxdur. Başa düşürəm ki, belə olmalı idi, vaxt bunu tələb edirdi.

- Bakı üçün darıxmırsınız?

- Darıxıram. İnternetdə Olimpiya Stadionuna baxıram, çox gözəldir. Halal olsun. Fəxr edirəm. Bakı məni çağırsa, gələrəm

- Bakıda ev almaq imkanınız var?

- Burdakı evimi satıb, orda alaram. Düzdür, deyirlər, indi Bakıda evlər bahadır. Mən Kiyevin kənarında yaşayıram. Amma o vaxt yaxşı ki, belə etdim. Kiyevin özü xoşuma gəlmir.

- Bildiyim qədər çox az-az hallarda oxuyursunuz. Başqa nə işlə məşğul olursunuz?

- Yəqin demək istəyərsiniz ki, necə yaşayıram, necə dolanıram. Hərdən yaxşı olur, hərdən çətinlik olur. İndi nisbətən normaldır. Mənə burda münasibət yaxşıdır. Görünür, familiyam böyük rol oynayır.

- Hansı arzularınız var?

- İstəyirəm, insanlar məni əvvəllər necə tanıyırdılarsa, elə xatırlasınlar. Bir tərəfdən də adam fikirləşir ki, vaxtım gedib e, vaxt keçdi. İndi istedadlı, gözəl cavanlar var. Mən onlara nə göstərə bilərəm?

# 2185 dəfə oxunub

Müəllifin son yazıları

# # #