“Qatil” film deyil, vəssalam! - SEVDANIN YAZISI

“Qatil” film deyil, vəssalam! - <span style="color:red;">SEVDANIN YAZISI
22 oktyabr 2015
# 11:58

Yazıçı Elçinin ssenariləri əsasında yaddaqalan filmlər ekranlaşdırlıb: “Baladadaşın ilk məhəbbəti”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, Bağ mövsümü”, “Sahilsiz gecə” və s.

Sonralar yazıçının kinematoqrafiyada bir növ uğursuzluq zolağı başlayıb: “Hökmdarın taleyi”, “Mahmud və Məryəm”, indi də “Qatil”.

Adı çəkilən filmlərin uğursuzluğunu birbaşa Elçinin adına yazmaq istəmirəm. Bu, ədalətsizlik olardı. Çünki, söhbət filmdən gedirsə, məsuliyyət hər şeydən əvvəl rejissorun üzərinə düşür. Və ssenari nə qədər zəif olursa olsun, istedadlı rejissor heç nədən hay-küy yarada biləcək.

Hərçənd, bu faktı da mütləq qeyd edim ki, 2008-ci ildə ekranlaşdırılan “Hökmdarın taleyi”nin rejissorlarından biri Ramiz Fətəliyev APA-ya müsahibəsində belə bir ifadə işlətmişdi: “Hökmdarın taleyi” filmi haqqında tənqidlər yazılandan sonra tarixə daha dərindən baş vurdum və gördüm ki, bəli, çox mühüm tarixi səhvlər buraxmışıq. İbrahim xanın şəxsiyyəti, qızını İrana verməsi, Cavad xanı aldatması və s. ”

Filmin ssenarisini Elçin yazıb, əgər orda səhvlər varsa, məsuliyyət həm də hörmətli yazıçımızın üzərinə düşür.

...İstəsək də, istəməsək də “Qatil” rejissor Kamran Şahmərdandan çox Elçinin adı ilə assosiasiya olunur.

Uzun sözün qısası, “Qatil” zəif filmdir. Hətta daha açıq desəm, ümumiyyətlə, film deyil. Adını nə istəyirsiz qoya bilərik: kino formatına cidd-cəhdlə uyğunlaşdırılmış tamaşa, etüd, film esse, imitativ film, film-tamaşa, televiziya tamaşası...Amma yüz faiz “Qatil”in həqiqi, təmiz kino dili ilə heç bir əlaqəsi yoxdur.

“Qatil” nəzəri cəhətdən psixoloji kamera filmidir. Yəni əhvalat iki aktyorun üzərində qurulub, hadisələr interyerdə baş verir, natura çəkilişlərindən istifadə olunmayıb. Əlbəttə ki, dünya kinosunda şedevr statusu qazanmış onlarla kamera filminin adını çəkə bilərəm. Özünü kinematoqraf kimi sınamaq istəyən Kamran Şahmərdanın teatr rejissoru olduğunu nəzərə alıb, həm teatr, həm kinorejissor kimi uğur qazanmış onlarla rejissor adı da...

Şahmərdan “Qatil”i film kimi yox, tamaşa kimi, teatral çəkib. Kamera filmi dar, qapalı məkanlarda və az aktyorun üzərində qurulduğu üçün onu kinematoqrafik dilə çevirmək çətindir. Bunun üçün xüsusən aktyor oyununa, psixologizmə, yüksək gərginliyə, iri planlara, dialoqların effektivliyinə aksent olunur. Səhnə mizanları həm vizual üslubun yaranmasına, həm psixoloji vəziyyətin açılmasına xidmət etməlidir. Bariz nümunə kimi İnqmar Berqmanın “Ailə həyatından səhnələr” və ya Sindi Lumetin “On iki qəzəbli kişi” filmlərinini adını çəkə bilərəm. Amma məsələn, Şantal Akermanın “Janne Dilmnan”, yaxud Marko Ferrerinin “Dilincer ölüdür” filmlərində dialoq yoxdur, əhvalatın qəhrəmanı da bir nəfərdir, əvəzində isə yüksək rejissor işi, aktyor oyunu var.

Kamera filminin xüsusiyyətlərinin heç biri “Qatil”də yoxdur. Baş rolun ifaçısı, gürcü aktrisası Eko Çkeidze ilk kadrlardan oyununa mexaniki başlayır, kamera qarşısında orqanikləşə, tənha, istiliyə ehtiyacı olan qadının vəziyyətini, duyğularını imitativ verməklə kinoprosesə qoşula bilmir. Başqa cür desək, o, baş qəhrəman kimi əhvalatın mərkəzində olmaq əvəzinə, qəhrəmanının ağrısına, tənhalığına inandıra bilməyən görünüşü, qeyri-plastikliyi ilə kadrdan kənarda qalır və sanki rejissorun zorən müdaxiləsi ilə mərkəzə itələnir.

Bu rolu məsələn, onu səsləndirən Mehriban Zəki qat-qat daha istedadlı oynayardı. Belə bir rol üçün illah da ki, Gürcüstana səyahət etmək lazım deyildi.

Eyni sözləri onun tərəf müqabili, personajın daxili vəziyyətini, dəyişkən ruh halın açmaqda aciz qalan Apollon Kublaşviliyə də şamil edirəm.

O, film boyu maniakal depressiv psixoz insan tipini nümayişə çalışır: gah aqressivləşir, gah centlmenlik nümayiş etdirir, gah mülayimləşir, gah qəddarlaşır, qısası, türklər demiş, “kafasına görə takılır” və bütün bu zahiri dinamik dəyişkənliyə rəğmən mahiyyətcə statik, yorucu qalır. Nəticədə özünün iradəsizliyi, dəyişkənliyi ilə tamaşaçı tərəfindən anlamaq cəhdi ilə mükafatlandırılmır, sadəcə, bizim zəhləmizi tökür. Və mən tez-tez saata baxıb sıxıcı, boz, enerjisi olmayan filmin nə vaxt bitəcəyini səbirsizliklə gözləyirəm.

Səhnə mizanları o qədər monoton, uğursuzdur ki, personajlar əllərini qoymağa yer tapmır, necə hərəkət edəcəklərini bilmirlər. Və bu hərəkətsizliyi, monotonluğu tez-tez siqaret çəkməklə, içki içməklə ört-basdır edirlər. Ekrandakı hərəkətsizliyin ən hərəkətli hissəsi isə zorakılıqla başlayıb cinsi aktla bitən hissədir.

Əgər yanımda vaxtilə əsərin teatr versiyasından yazan Aliyə oturmasaydı, mən ondan əhvalatın məzmununu soruşmasaydım, etiraf edim ki, filmin nədən bəhs etdiyini bilməyəcəkdim. Bilmirəm, nə hikmətdir, son vaxtlar çəkilən bəzi filmlərimizin məğzini anlamaqda çətinlik çəkirəm. Eyni şey Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmi ilə baş vermişdi. Ekranda baş verənlərdən yarım saat keçsə də, əhvalatın nədən getdiyini bilmirdim, axırda məcbur olub məzmununu oxudum, yenə anlamadım. Ən sonda real əhvalat (film real əhvalata əsaslanır) haqda oxuyandan sonra bu “abstrakt sənət əsərini” anladım.

Qısası, “Qatil”in məzmunu belədir ki, qadın müəllimədir, ərə getməyib, sevgiyə ehtiyacı var, günlərin birində keçmiş şagirdi peyda olur ki, səni sevirəm. Amma məlum olur ki, o, zavallı qadını, romantik sevgiyə inanan qadını manipulyasiya edən merkantilmiş. Müəllimə əsl qadın kimi və artıq ədəbi əsərlərdə, filmlərdə klişeyə çevrilmiş üsulla qisas alır: kişinin şampanına zəhər töküb onu öldürür.

Hərçənd, rejissorun traktovkasında belə anlaşılır ki, müəlliməni mənəvi ehtiyac o qədər də maraqlandırmır, onun fiziki tələbata ehtiyacı ön plandadır.

Əhvalatın o hissəsinə qayıdım ki, kişi qadının həyatına xəbərdarlıqsız daxil olur və qadın da onu çoxdan gözləyirmiş kimi həmən qəbul edir. Yəni qadının həyatında qəfil peyda olan kişiyə hisslərinin yaranması tədricən yox, dərhal baş verir. Elə bil rejissor tələsib, arada olan hansısa dramaturji boşluğun üstündən birdən birə beş-altı kilometr adlayıb və o zəruri boşluqları doldurmağı unudub.

Filmdə kişinin oyununun, davranışlarının motivi bəlli deyil. Əlbəttə ki, mən sırf qadın olaraq sadomazoxist, manikal depressiv psixoz kişini anlamağa, analizə cəhd edərdim. Zira, bu kişi personaj bütün dialoqları, reaksiyaları ilə mənə həddən artıq bəsit, cazibəsiz və maraqsız gəldi. Hətta o qədər ki, Telli Borçalı “Dünya kinosu inciləri” verilişində ekrana müdaxilə edib, Çoçaranın harayına yetişmək istədiyi kimi, mən də “Nizami” Kino Mərkəzinin ekranındakı prosesə qatılıb, o qadınla qız-qıza söhbətləşmək, tövsiyələrimi vermək istədim ki, sən Allah, ömrünü bu maraqsız, iradəsiz kişi ilə çürütməkdənsə, elə qarımış olmaq məsləhətdir.

Sadomazoxizm demişkən, fikir vermisizsə, Kim Ki Dukun filmlərində bir qayda olaraq, qadınla kişinin münasibətində sevgi yalnız əzablı yaxınlıq, zorakılıq nəticəsində meydana çıxır. Və bu oyun qaydalarını qəbul edən tamaşaçı əhvalatlarda insan istiliyi və anlayışı görür. “Qatil”in bir yerində mənə elə gəldi ki, kişinin qadına hər zorakılığının cinsi aktla bitməsini Şahmərdan bəlkə də bu rakursdan traktovkaya çalışıb, amma yəqin ki, özündən asılı olmadan hər şeyi sırf fiziki səviyyədə yozumladığından alınmayıb.

Bizim bir çox ekran əsərlərindəki kimi “Qatil”də də musiqi təsviri yeyir, filmi izlərkən qulaqda narahatlıq yaradır.

Anfasdan çəkilən planlar, nə vizual gözəlliyə, nə dramaturgiyaya xidmət eləyən sıradan, ifadəsiz rakurslar, kadrlarda natürmort funksiyası təəssüratı bağışlayan detallar (masadakı şərab şüşəsi, bakallar), bayağı melodramatik məqamlar (yerə düzülmüş şamların əhatəsində qadının sərxoşluğu, ad günü səhnəsi, kişini ilk dəfə onu güclə öpməsi və bunun cinsi aktla tamamlanması), səhnələr arasında montaj keçidinin yaradıcı həll olmadan sadəcə, ekranın qaralması ilə ifadəsi, qadının eynilə teatr tamaşalarındakı daraldılmış məkanda dayanması, məkanın kölgə-işıq effekti əsas verir ki, biz buna kino yox, “tamaşa” deyək.

Filmin bir neçə yerində kamera orta plandan yaxın plana sürətlə, iti hərəkətlə keçərək aktyora fokuslanır. Məkanın belə qəfil, iti hərəkətlə daralmasını bir qayda olaraq triller janrında çəkilən filmlərdə həyəcan, saspens effekti yaratmaq üçün istifadə edirlər. “Qatil”də isə bu, konkret olaraq həmin vəziyyətdə dəxilsiz, gülməli görünür, ritminə (əslində ritmsizliyinə) uyğun gəlmir.

Biz sənətin şərti olduğunu qəbul edirik. Həmçinin teatrın da. Amma dostlar, kinematoqrafiya bu mənada maksimum ehtiyatlı davranmağı tələb edir. Kino çılpaq, gözlə görünən, obrazlı desək, əllə toxunulan şərtiliyi sevmir. Əks halda siz fiaskoya uğrayacaqsız. “Qatil” kimi.

Yox, sonluğu belə bitirmək daha cəzbedicidir: Kamran Şahmərdan “Qatil” əsərini rejissor kimi qətlə yetirib. Filmin sloqanını - “Sevgilim mənim, qatilim mənim”i də rejissorun filmdəki mövqeyinə uyğun dəyişdirmək olar: “Mən bir kino qatiliyəm”.

# 3348 dəfə oxunub

Müəllifin son yazıları

# # #