Facebookda layk yığmağın sirri

Facebookda layk yığmağın sirri
6 fevral 2015
# 11:01

Çox az adam tapılar ki, sosial şəbəkələrdə olmasın. Əgər bir neçə il əvvələ qədər sosial şəbəkələrdə ancaq müəyyən qruplar aktiv idisə hazırda müxtəlif yaş seqmentlərindən insanlara rast gəlmək mümkündür. Şəbəkədə aktivlik göstərən insanların sayı günü-gündən artır. Hətta sizə kiçik bir sirr açım ki, yaşlılar sosial şəbəkələrə gənclərə nisbətən daha həssasdırlar. Onlar bir-birlərilə “Niyə məni layk eləmədin?”, “Mən səni layk eləmişdim”, “Filankəs hamını layk elədi, bircə mənim şərhimi layk eləmədi” kimi ən xırda detalları da müzakirə edirlər. Halbuki gənclər sosial şəbəkələrə belə həssas olmurlar.

Bəs, sosial şəbəkələrdə diqqət cəlb etmək, layk yığmaq necə? Bu xüsusi bir qabiliyyət tələb edirmi? Gəlin elə Facebookda aktiv olanlardan soruşaq: “Sosial şəbəkələrdə hansı statuslarla layk yığmaq olar?

Nail Nurəddinoğlu Zeynalov (Ley-pey Qəmbər):

Əslində mövzuya çox fikir vermirlər. Əsas odu ki, gülsünlər. Düzdü, hərdən elə təəssürat yaranır ki, çox adam statusları oxumadan layk eləyir, amma mənim dostluğumdakı insanlar ümumilikdə tənqidi statusları xoşlayırlar. Bir şərtlə ki, tənqid hədəfi başqası olsun.

Mənim “friend list”imdə müxtəlif zövqdə, müxtəlif dünya görüşdə, müxtəlif təbəqələrdən olan insanlar bir-birinə qarşı köklənib. Bir qrup bir başqasının gülüş hədəfinə çevrildiyi statusu bəyənir, başqa bir qrup insan da başqa birinin. Qlamurlar qıjı dediklərinin, dindarlar ateistlərin, müxaliflər iqtidaryönlülərin hədəf olduğu statusları layk eləyir, ya da əksinə. Yəni artıq qruplaşıblar.

Davud Mamedov:

Sualın cavabı çox sadədir. Aktual mövzuları seçməyə, cəmiyyətdə hamının yaşadığı, gündəlik həyatında rast gəldiyi problemlərə toxunmaq lazımdır. Maraq ilk növbədə bundan qaynaqlanır. Buna da bir az yumor qatanda həm maraqlı olur, həm də zövq verici.

Digər tərəfdən müasir insan təəssüflər olsun ki, uzun mətnlərdən qaçır, istədiyini qısa bir zamanda almağa çalışır. Ona görə yazıların lakonik, bir-iki cümlədən ibarət olması da oxucunu cəlb edir.

Dilə gəldikdə isə, hal-hazırda əsasən rusca yazıram, çünki özüm də, ətrafım da rusdilli çevrənin adamlarıdır. Amma bu yaxınlarda ayrıca bir səhifə açıb orada yalnız Azərbaycan dilində yazacam. Bununla belə düşünürəm ki, yumorun, satiranın dili olmur. İstənilən zarafatı istənilən dildə demək olar. Təbii ki, hansısa milli xüsusiyyətlərlə bağlı zarafatlardan başqa.

Bir də sosial şəbəkənin auditoriyası səmimiyyət və sadəlik sevir. Nə yazırsan yaz, əsas odur ki, öz fikrin olsun.

# 1093 dəfə oxunub

Müəllifin son yazıları

# # #