Azərbaycan Yazıçılar Birliyinin Mahir Abdulla ilə bağlı bəyanatı

Azərbaycan Yazıçılar Birliyinin Mahir Abdulla ilə bağlı bəyanatı
15 yanvar 2013
# 16:38

“Onlar yalan-palanla dolu çirkabı ictimai bir qurumun ünvanına sızdırmaqla ədəbi mühitdə çaşqınlıq yaratmağa çalışırlar. İstəməzdik ki, “publika.az” ictimai fəlakətlərə yol açan bir yalan yuvası olsun... Necə ki şəxsi-qərəzliklə psixoloji durumunu durultmağa çalışan bir yazarın ağ yalanlarına meydan verib. Həftələrlə Mahirə Abdullanın izinə düşən ondan informasiyalar qopartmağa çalışan saytın əməkdaşı verəcəyi sualları öz rəhbərliyi ilə necə lazımdır ölçüb-biçib, qayçıladığını qayçılayıb, yapışdırılmasını yapışdırıb. Belə olmasaydı AYB-ə müraciət edib daha dürüst söhbəti dövriyəyə buraxardı. Belə olan halda daha doğrusunu deyib “Ev havası”na pəncərə olaraq üfunəti təmizləmək məcburiyyətində qalırıq...

Abbas Abdulladan çox illər sonra AYB-yə məsləhətçi ştatına işə götürülən (işsiz qaldığına görə) Mahirə Abdullanın əmək kitabçasında “Kitab evində həmkarların sədri” vəzifəsi qeyd edilib. “Müxtəlif rəhbər vəzifələrdə çalışması" (M.Abdullanın ifadəsi) ona məxsus əmək kitabçasında özünə yer almayıb. Çalışdığı az müddət ərzində birillik təqaüd fondundan həm özü, həm də Azərbaycan Yazıçılar Birliyi üzvü olan ailəsinin daha iki üzvü faydalanıb. Üzvülüyə qəbulu şərtləndirən Ekspertlər şurasının üzvü M.Abdulla üzvlərin əksəriyyətinin istedadsız olduğunun günahını özündə də axtarmalıdır. Dəfələrlə qarşıdurma yaradıb öz iş yoldaşlarını əməlli-başlı məşğul edən özü deyilmi? Öz ahıllıq dövrünü yaşayan Abbas Abdullanın stolu üstündə qayçı görməyənlər necə deyə bilərlər ki M.Abdulla düz deyir? Təhqir olunan, söyülən, döyülən Abbas Abdullanın hüquq-mühafizə orqanlarına şikayət məqsədindən AYB-nin rəhbərliyi çəkindirdi, məhz M.Abdulla qadın olduğuna görə...

Sayman Aruzla olan olay da həmçinin... şər, böhtan, iftira – Abbas Abdulla olayı eynən Sayman Aruzla olan olayın eyni notlu ssenarisidir. Belə ssenarilər ustası artıq bizi ciddi fikirləşməyə sövq edir. Klassik olmaq xəstəliyinə tutulan yazar-qadın fəxri ad almaq arzusunu gerçəkləşdirmək məqsədilə rəhbərliyə təriflər deməklə uzun müddət yaradıcılıqdan uzaq düşməsini ört-basdır etməyə çalışmış, ədəbi uğursuzluğunun səbəbini özündə yox AYB-də axtarmışdır. Anarın guya gənclər arasında qarşıdurma yaratması gülüncdür. Müsahibəsində ikrah doğuracaq ifadələri bol-bol işlədən müsahibə müəllifini sən demə AYB-də tez-tez haldan çıxarıb kəsici alətlə silahlandırırlar və buna onu məcbur edən qüvvələr var. Ədəbiyyat yanğısıyla yaşadığını ön plana çəkən M.Abdulla hansı heyrət doğuracaq bir əsər yazdı ki, o da diqqətdən kənar qaldı. Son altı il ərzində dəfələrlə qıy-qışqırığı aləmi bürüyən xanım yazarın məqsədi ədəbiyyat qovğası yox, özünün şəxsi mənafei olub...

Stul, yer, vəzifə, ad davası... AYB rəhbərliyini, öz iş yoldaşlarını ictimaiyyət qarşısında gözdən salmaq cəhdi mənasızdır. Belə mənasız şər-böhtanla dolu cızmaqaralarla vaxtaşırı üz-üzə gəlirik, qərəzli-qərəzsiz sualları cavablandırırıq. AYB heç kəsin, heç kimin qarşısında gözükölgəli deyil. Anarın şəxsiyyətinə bol-bol təhqirlər işlədən, hikkə-təkəbbürlə, qəzəblə, kinlə ətrafa zəhər səpələyən başqa bir xanım yazarın ünvanına səslənən «uşağına süd yerinə zəhər verəcəksən» ifadəsi niyə M.Abdullanın hissiyatına toxunur? AYB-də M.Abdullanın dediyi kimi təhqirlər, yaltaqlıq, nanəciblik, oyunbazlıq, mənfəətgüdmə hökm süsürsə, o, buna necə dözüb? Çalışdığı altı il ərzində rəhbərlik qarşısında öz şəxsi xahişlərini kənara qoyub bu neqativ halları niyə dilinə gətirməyib?

Çoxları bilir ki, M.Abdulla AYB-ə ilk dəfə işə gələndə əyləşdiyi otaqda ayaqlarını yerə dirəyib pəncərəni mişar daşıyla hördürdü. Yaranışdan həmin otaqda olan pəncərəni qapatmağın məqsədini indi başa düşürük. Görünür onun altı il əyləşdiyi otağın pəncərəsi açılmalıdır. Belə başa düşürük ki, «evin havası» dəyişsə yaxşıdır”.

# 2416 dəfə oxunub

Müəllifin son yazıları

# # #