Rembrandtın 10 məşhur əsəri – SİYAHI

<b>Rembrandtın 10 məşhur əsəri – <span style="color:red;">SİYAHI </b>
27 mart 2018
# 17:30

Kulis.az “Rəssamın 10 əsəri” layihəsində Rembrandt Harmens van Reynin məşhur əsərlərini təqdim edir.

Məşhur holland rəssamı və qrafiki, dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri Rembrandt Harmens van Reyn 1606-cı ildə dəyirmançı ailəsində doğulub. Bir müddət Leyden Universitetində oxuyub (1620), sonralar Leydendə Yakob van Svanenburxdan və Amsterdamda Piter Lastmandan rəssamlıq dərsləri alıb.

1632-ci ildə Amsterdama köçən Rembrandtın əvvəli Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərib (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.).

1630-1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olub. Bu illərdə portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli miqdarda sifariş alıb.

Rembrandt dünya rəngkarlığının zirvələrindəndir. “Həkim Tulpun anatomiya dərsi” (1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün personajlar psixoloji cəhətdən Tulpa tabedir.

Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir (“İbrahimin qurban kəsilməsi” (1635)). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir (“Saskiyanın portreti” (1634), “Avtoportret” (1634)). Daha məşhur əsərləri “Danaya” (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun üzərində yenidən işləyib), “Gecə qarovulçusu”, “Müqəddəs ailə” (1645), “Xəstələri dirildən İsa” (1649), “Hendrikke pəncərə önündə”, “Avtoportret” (1652), “Hendrikke Stoffelsin portreti” (1656-1657), “Yəhudi gəlini” (1666), “Səfil oğulun qayıtması” (1668-1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, “Titusun portreti” (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.

Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir. Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənirdi. O, işıq-kölgə effektlərinə üstünlük verən rəssam idi.

O, 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaradıb. Onun dini və mifoloji mövzudakı əsərlərinə “Müqəddəs ailə”, “Danaya”nı göstərmək olar. Həyatının sonlarında rəssamın yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın “Yan Siks” rəsmində daha çox hiss olunur.

Rembrandt yaratdığı portretlərdə ("Doktor Tülpün anatomiya dərsi" (1632), "Saskiyanın portreti" (təqr. 1634), "Saskiya ilə avtoportret" (təqr. 1635) və s.) obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmişdir. Rembrandtın bu dövrdə çəkdiyi süjetli kompozisiyalarda ("Çarmıxdan endirilmə" (1634), "İbrahimin qurban verməsi" (1635), "Danaya" (1636), "Samsonun gözlərinin çıxardılması" (1636)) bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətlər, digər tərəfdən isə obrazların realist şərhi özünü büruzə verir.

Rembrandt 1642-ci ildə məşhur "Gecə gözətçisi" əsərini başa çatdırıb.

Rembrandtın məşhur əsəri “Danaya”nın sirri XX əsrin 60-cı illərində açılıb. Tədqiqatçılar əsəri rentgen şüaları ilə işıqlandırıblar, nəticədə məlum olub ki, Zevslə əlaqəyə girən çariçanın iki siması var. Əsərin ilk versiyasında rəssamın 1642-ci ildə vəfat etmiş həyat yoldaşı Saksiya təsvir olunsa da, final variantda Rembrandt özünün yeni məşuqəsi Herta Dirksi təsvir edib.

Doktor Tülpün anatomiya dərsi, 1632

İsa Məsih Qaliley dənizində tufan zamanı, 1633

Zinakar oğul Tavernada, 1635

İbrahimin qurban verməsi, 1635

Danaya, 1636 və ya 1643

Samsonun gözlərinin çıxardılması, 1636

Gecə qarovulçusu, 1642

Qadın yataqda, 1645

Hendrike çiməndə, 1655

Səfil oğulun qayıtması, 1666/1669

Van Qoqun ən məşhur əsərləri hansılardır? – SİYAHI

Fahişədən Müqəddəs Məryəm yaradan dahi rəssamın 10 məşhur əsəri

Qustav Klimtin ən məşhur əsərləri – SİYAHI

# 7302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #