Oxucu: “Kitab insanı dəyişə bilməz” LAYİHƏ

Oxucu: “Kitab insanı dəyişə bilməz” <span style="color:red;">LAYİHƏ
29 sentyabr 2014
# 11:24

Kulis.Azın “Oxucu” layihəsinin budəfəki qonağı hüquq fakültəsinin tələbəsi Ülvi Əhmədovdur.

Digər yazılar:

"6 yaşımdan bu yana əlimə nə keçibsə oxumuşam"

“Ədəbi mühit cin bazarına oxşayır”

- Neçə yaşında kitaba marağınız var?

- Uşaq yaşından mütaliəyə həvəsim var. Artıq üçüncü, dördüncü sinfə gedəndə rus və Azərbaycan ədəbiyyatından kiçik hekayələr oxuyurdum. Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı, Abdulla Şaiqin uşaq şeirləri ən çox oxuduqlarım arasında idi. Həmçinin o zamanlar “Tumurcuq” adlı məktəbli qəzeti çap olunurdu. Qəzetin hər sayında çıxan şeir və hekayələri oxumağı böyük həvəslə gözləyirdim.

- Əsasən hansı kitabları oxuyursuz?

- İctimai-siyasi, tarixi, avtobioqrafik romanlara üstünlük verirəm. Həmçinin lirik şeirləri oxuyuram.

- Müasir yazarlarımızı mütaliə edirsizmi? Kimləri bəyənirsiz?

- Bəli müasir yazarlarımızın kitablarını oxuyuram. İlqar Fəhminin “Akvarium”, Aytən Cavanşirin “Vəkil” romanlarını bəyənirəm.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Fikrimcə kitab insanı, daha doğrusu oxucunu dəyişə bilməz. Hər hansı bir əsəri oxuduqca insan təsirlənə bilər, əsəri oxuduğu zaman ərzində əsərin təsirində ola bilər, amma kitabı bitirdikdən sonra sanki narkozun təsirindən ayılan kimi ayılacaq.

- Sizi ağladan kitab olub?

- Xeyr. Təsirləndirən kitab olub. Son oxuduğum “Pereyra iddia edir” romanını misal gətirə bilərəm.

- Daha çox roman oxuyursuz, ya hekayə kitabları?

- Roman oxumağa üstünlük verirəm. Fikrimcə roman canlı bir filmdir, oxuduqca özünü hadisələrin mərkəzində görmək olur.

- Ən çox sevdiyiniz 3 roman, 3 hekayə, 3 şeir.

- Antonio Tabukki “Pereyra iddia edir”, Knut Hamsun “Aclıq”, Alber Kamyu “Yad” romanları. Qabriel Qarsia Markes “Sənin qar üzərindəki izinlə” hekayəsi.

Mirzə Ələkbər Sabirin “Oxutmuram əl çəkin”, Bəxtiyar Vahabzadənin “Latın dili”, “Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirləri.

- Şairlərimizdən kimləri bəyənirsiz?

- Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Mirzə Ələkbər Sabirin satirik şeirləri. Müasir dövrümüzdən isə Aqşin Yeniseyi çox sevirəm.

- Səhv etmirəmsə özünüz də yazmağa başlamısız. Mütaliə sizdə yazmağa həvəs yaradıb.

- Bəli iki hekayəm ayrı-ayrı vaxtlarda hekayələr toplularında dərc olunub.

- Elektron kitabları oxuyursuz?

- Xeyr o qədər də üstünlük vermirəm. Kitabdan oxumaq daha rahatdır. Bundan başqa elektron formada əsərin heç bir təsiri olmur.

- Saytlarda bədii əsərlər oxuyursuz?

- Bəli kiçik hekayələr oxumağı üstünlük verirəm.

# 1697 dəfə oxunub

Müəllifin son yazıları

# # #