Elçin Hüseynbəyli: “Nazirlikdəkilər də bilmir teatr nədir?”

Elçin Hüseynbəyli: “Nazirlikdəkilər də bilmir teatr nədir?”
16 sentyabr 2013
# 11:06

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov APA-ya verdiyi müsahibədə “Ulduz” jurnalının baş redaktoru, yazıçı, dramaturq Elçin Hüseynbəylini tənqid edib: “Elçin Hüseynbəyli çox yaxşı nasirdi. Amma pyesləri məni qane etmir. O bizimlə münasibətə düzgün başlamadı. Televizorda mənim haqqımda demişdi ki, onun qarnının ağrısı nədir? Ayıbdır axı! Heç olmasa, mən səndən iki yaş böyüyəm. Əgər ziyalısansa, qarnının ağrısı nə deməkdir? Biz kolxozda oturmuşuq? Ferma söhbəti edirik? Sonra da deyir, pis yazırıqsa, bizi yetişdirsinlər.

Mən də Elçin Hüseynbəyliyə cavab verdim ki, bura şitillik deyil, səni yetişdirək. Mənə mükəmməl pyes lazımdır. Əlli yaşlı adamdan dramaturq düzəldə bilmərəm. Bu nə yanaşmadır, nə düşüncədir? Məsələn, Sezar haqqında pyes yazıb, çox tərifləyir. Deyirəm, ay əzizim, Bernard Şounun “Sezar və Kleopatra” pyesi var, mən həmin əsəri tamaşaya qoyaram da. İnsafın olsun, sənin “Sezar”ın o kriteriyalardan aşağıdır axı! Yaxşı, sənin xoşuna gəlmək üçün qapını açım ki, əsərlərini gətir. Olmur, axı!”

Elçin Hüseynbəyli Kulis.az-a verdiyi açıqlamada İsrafil İsrafilovun ittihamlarına cavab verib: “İndiyədək mənim 10-dan çox əsərim tamaşa qoyulub. Onlardan 6-sını Hüseynağa Atakişiyev səhnələşdirib. Bir neçə əsərimi isə Loğman Kərimov tamaşa qoyub. İndi İsrafil İsrafilovun deməyindən belə çıxır ki, bu rejissorlar zəifdirlər?

Özü də mənim tamaşalarım iki-üç quruluşda qoyulub. İsrafil İsrafilovun açıqlamalarından belə başa düşürəm ki, o, “Sezar” əsərini oxumayıb. Oxusaydı belə danışmazdı. Onu da deyim ki, bu əsər haqqında tanınmış teatrşünaslar da yazıb. Belə çıxır ki, onlar da heç nə bilmir?”

“Ulduz” jurnalının baş redaktoru deyib ki, dəfələrlə İsrafil İsrafilovla əlaqə saxlamağa çalışsa da cəhdləri uğursuz olub: “Nə telefonlarıma cavab verib, nə də məktublarıma. Həmişə zəng edəndə katibəsi deyir ki, yanında qonaq var. Mən də dedim ki, ay qız, qonağı evdə qəbul edərlər, iş yerində yox. İşdə işgüzar söhbət olar, ancaq bu qədər yox da. Mənim dram əsərlərimi Mədəniyyət və Turizm Nazirliyi alıb, buna görə pul ödəyiblər. Nazirlikdəkilər teatrı bilmir? Bu açıqlamalar verməklə adamı lap həvəsdən salırlar”.

# 2699 dəfə oxunub

Müəllifin son yazıları

# # #