Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində

Xorxe Luis Borxesin şeirləri - Etimad Başkeçidin tərcüməsində
14 iyun 2019
# 21:01

Bu gün dahi Xorxe Luis Borxesin anım günüdür. Kulis.az bu münasibətlə onun bir neçə şeirini Etimad Başkeçidin tərcüməsində təqdim edir.

Müxəlləfat

Pilləkəni qoyub, qalxırsan yuxarı.
Bir pilləsi çatışmır pilləkənin.
Nə tapacaqdın ki, çardaqdan
Köhnə cır-cındırdan savayı?
Əməllicə kif qoxuyur buralar.
Kiçik pəncərədən yel vurur içəriyə.
Yastı dama toxunur başın.
Döşəmə cırıldayır.
İrəliyə addım atmağa qorxursan.
Qayçının уаrı tayı.
Atılmış alətlər.
Ölülərdən hansınınsa yırğalanan kreslosu.
Lampa altlığı.
Mitili çıxmış qotazlı Paraqvay qamakı.
Qoşqu ləvazimatı, kağız-kuğuz.
Aparsio Saravianın ştabının qravürü.
köhnə ütü, içərisində kömür.
İşləməyən saat, qırılmış kəfkiri yanında.
rəngi soluxmuş boş çərçivə.
Kartondan şahmat taxtası, şikəst edilmiş fıqurlar.
İki tutacağı olan manqal.
Dəri qalağı.
Foksun nəm çəkmiş «Əzabkeşlər kitabı»,
qəribə, qotik şriftlərlə yazılmış bir kitab.
Fotoşəkil - artıq kimin istəyirsən onun təsviri.
Bu sürtülüb-yeyilmiş dəri haçansa pələng olub.
İtirilmiş qapının açarı.
Nə tapacaqdın ki, çardaqdan
Köhnə cır-cındırdan savayı?
Mənim bu sözlərim - unudulmuşluğun abidəsi,
Bürüncdən bərk deyil,
Elə bununla da onlara bənzəyir.

Lanço kixanonun yuxusu

Yuxudan ayıldı, dabanbasaraq
ardınca təqibçi dəstəsi düşüb,
Üzünü əlləyir, kənar adam tək
Ölüdür, diridir, özü də bilmir.
Aylı bir gecədə kahinlər onu
Çöllükdə torpağa uzatmışdılar.
İns-cins yox. Şaxtadır. Yalnız ağrılar
Bütün vücudunu sarmış, qıvrılır.
Servantesin yuxusuna girir, ardınca
Kixano Don Kixotu görür yuxuda.
İki gün ötüşür, budur, qalxır о
Üçüncü yuxudan ayılır həmən:
Kixano yuxuda gördüyü lüger
deşilib, içəri su axıdır, su.
Lepanto döyüşü, qırma, qurğuşun.

Mən

Görükməz ürəyin titrəyişləri,
Öz уolu-riziylə dövr eləyəqr qan,
Yuxu - bu anbaan dəyişən Protey,
Bu laylar, lehimlər, liflər, damarlar,
Bunların hamısı mənəm, üstəlik,
Xunin davasından qalmış qılıncın,
Çöllü-biyabanın, səhralıqların
Faniyə, zülmətə qovuşub itən
qızıl günəşinin xatirəsiyəm.
Mən –
sahilə yan alan şxunaları,
Yelkənli gəmilər görən adamam
Mən-
sıralanmış kitab və qravürlərin
Qədimi, soluxmuş boyalarıyam,
Mən - çoxdan ölmüşlərə qibtənin özü.
Amma, doğrudan da, nə qəribədir,
Bir küncdə-qıraqda oturub yenə,
Yenə sətirləri yan-yana düzmək.

Panter

Özündən xəbərsiz, ay qarasına
Nəsibinə düşmüş qısa yol ilə
Dəmir barmaqlığın о üzündəki
Xəzinəyə doğru gedir yenə də.
Neçələri gəlib, neçəsi gedib.
Amma ki, Zenonun yuxularında
Axillesin haçansa qoyduğu izi
Məhbəsdə yenidən çəkən Pantersə
Nə təkrarlanacaq, nə yox olacaq.
Nə təpə görəcək, nə çəmən, nə çöl,
Nə də öz titrəyən caynaqlarını
Dadlı, təzə ətə sancmayacaq və
Əbədi təşnəsi sönməyəcəkdir.
Dünyanın çox üzü, çox sifəti var,
Bunlardan heç biri, heç zaman ancaq
Özü öz yolundan dönməyəcəkdir.

O mənəm

Mən bilənlərdənəm: olsa-olsa fanidir o,
Əlləşib-vuruşub, səy göstərərək
Şəffaf hüdudların о tərəfində
Özünü və ya bir başqasımı
(ikisi də birdir əslində)
Görmək istəyənlərə bənzər yaxşıca.
Mən bilənlərdənəm: çoxdan belədir
Hər şeyi unutmaq ağır işgəncə
Və ulu tanrının inayətidir
İnsan çılğınlığı və şövqü üçün.
Mən yollar keçmişəm saysız-hesabsız
Ancaq nə günlərin, nə saatların
Qayım, çoxsifətli, dünyanı saran,
Görünməz torunu yenə bilmədim.
Mən heç kim idim və kam almadım
Davada xəncərin çılğınlığından.
Mən əks-sədayam, kölgəyəm, bihuşluğam.

# 3906 dəfə oxunub

Müəllifin son yazıları

# # #