Kitabınıza görə şirinlik almısınız? - SORĞU

Kitabınıza görə şirinlik almısınız? - <span style="color:red;">SORĞU
6 aprel 2016
# 08:30

Yeni kitabı çıxmış gənc yazıçıya qocaman yazıçı “şirinlik” verir: ya pul, ya da hədiyyə. Bu haradasa ənənə halını alıb.

Yazıçı və şairlərimiz kitaba görə şirinlik alıblarmı? Ya da əksinə, kiminsə yeni çıxan kitabına şirinlik veriblərimi?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Vidadi Babanlı: “Bizim vaxtımızda mən “şirinlik” söhbəti görməmişəm. Məni ancaq yaxşı kitabıma görə tərifləyiblər. Heç vaxt şirinlik almamışam. Ancaq mənimlə eyni vaxtda ədəbiyyata gələn İslam Səfərli danışırdı ki, o vaxt bir pyes yazıb Üzeyir Hacıbəyova aparmışdım. Sonradan o pyes “Göz həkimi” kimi tamaşaya qoyuldu. Üzeyir Hacıbəyov o pyesə görə İslam Səfərliyə 100 manat verib. Əslində bu bir səxavətdir. Yeni yazan gənci həvəsləndirmək üçün yaxşı bir addımdır”.

Fikrət Qoca: “Şirinlik söhbətinə yaxşı baxmıram. Bir yazıçının kitabı çıxır, o birisi də ona şirinlik verir. Bu elə bil yaxşılığın cavabıdır. Əslində kitab yazmaq özü yaxşılıqdır. Sən də ona başqa cür yaxşılıq eləməlisən. Yoxsa cibinə pul basmaq nədir? Bu ələbaxımlıqdır, sonrası dilənçiliyə aparır. Şirinlik alverin bir növüdür.

Aqil Abbas: “Özüm heç bir kitabıma görə şirinlik almamışam. Çünki buna ehtiyacım olmayıb. Ancaq hər cavan yazıçının kitabı çıxanda kitab mağazasına gedib ondan 20-30 ədəd alıram. Həm də ki o yazıçının cibinə pul basıram. Mənə görə, burda pis şey yoxdur. Belə də olmalıdır. Rusiyada 200 illik davam edən ənənə var. İmkanlı bir adam yeni kitabı çıxan rus şairini evinə dəvət edir. Böyük bir qonaqlıq təşkil edir, öz dostlarını da çağırır ki, şairin kitabı çıxıb gəlin yeyib için. Məclisin sonunda hər kəs ortaya pul atır. Pul yığılıb verilir şairə və deyilir ki, bu sənin bir illik dolanışığındır, get yenə bir kitab yaz. Mən istəyərdim ki, Azərbaycanda da bu ənənə olsun”.

Aqşin Yenisey: “Bizim kimi neqativdən güc alan arxaik şüurlu cəmiyyətlərdə istənilən şirinlik növünə yaxşı baxmaq lazımdır, hətta bəzən rüşvətə də. Çünki bu neqativin, kortəbii nevrozun üstünə bir də qanunun sərtliyini yükləyəndə insanlar yırtıcıya çevrilirlər. Fikir verin, ətrafımızdakı adamların çoxu ona görə qəzəbli deyillər ki, rüşvət verirlər, ona görə qəzəblidirlər ki, rüşvət ala bilmirlər. Kitaba görə şirinliyə də bu cür yanaşıram. İnanın, bu gün ədəbiyyatımızda çap olunan əksər kitablar elə bu şirinliyə görə yazılır. Mənim özümə gəldikdə isə, kitabıma görə şirinlik almışam. Onların arasında Aqil Abbasın verdiyi şirinlik xüsusilə yaddaqalan olub. İlk dəfə təsadüfən görüşəndə məni yanında oturdub xeyli qonaq-qara ilə birlikdə xeyli yedirib-içirdi, sonra da gizlindən əlini pencəyimin cibinə saldı. Tanımırdım deyə şübhələndim ki, birdən telefonumu-zadı götürər. Mən də tez əlimi həmin cibimə saldım. Əlimin üstündən asta vurdu və yavaşca dedi ki, yazılarını izləyirəm. Məclisdən çıxanda gördüm ki, cibimə bir ovuc "şirvan" basıb. Həmin pulları o vaxt Elnur Astanbəyli ilə bir gecədə xərclədik, indi xərcləməyək. Bu ənənə başqa sənət növlərində yoxdur. Məsələn, bəstəkar Firidun Allahverdi həmişə məəttəl qalırdı ki, Rəşad Məcid niyə gənc yazarlara ayaqqabı alır?”

Etimad Başkeçid: “Çap olunmuş kitablarıma görə heç vaxt heç kəsdən “şirinlik” almamışam, belə fikrim də olmayıb. Bəzi dostlarımızın xətrinə dəyməsin, amma belə şeyləri əskiklik sayıram. “Bəzi dostlar”ı da qınamalı deyil, normal vəziyyətdə heç bir yazar gedib, kitabdan bir şey anşırmayan pullu kimsələrdən şirinlik ummaz. Kitab əhli olsa, yenə dərd yarıdır. Mənə “şirinlik” vermək istəyən çox olub. Sonuncusu yaradıcılığını da, xətrini də çox istədiyim Mövlud Süleymanlı idi. Sənətkar kitabım barədə “525-ci qəzet”də böyük bir yazı yazmışdı. Sonra özüylə görüşdük. Ordan-burdan söhbət eləyəndən sonra Mövlud müəllim əlini cibinə atıı: “Qoy sənə şirinlik verim!” Ancaq nə illah elədisə, pulu götürmədim. Rəhmətlik Vaqif İbrahimoğlu da onun kimi – kitabım barədə məqalə yazması bəs deyilmiş kimi, pul da vermək istəyirdi. Nəticədə o, mən, bir də “Yuğ”un indiki direktoru Gümrah Ömər gözəl bir məkanda oturub, kitabın nəşrini “odlu su”yla qeyd elədik. İndi buna şirinlik demək olarmı, bilmirəm. Mən heç vaxt təqdimat filan da keçirmirəm deyə, kitabları orada xırd eləmək imkanım da olmayıb. Özümə gəlincə, çox şirinlik vermişəm. Halal xoşları olsun! Kitabı əlinə götürüb, qapı-qapı gəzdirmək, bəlkə də, reklamın bir növüdür. Amma reklamda həmişə hap-gop və şişirtmə var. Ona görə də, mənə verilən kitablara görə 5-10 manatı həmişə gülə-gülə verirəm.

Rəşad Məcid: “Şirinlik almağa bir az yaxşı baxmıram. Bir tərəfindən yazıçıya səmimi maddi dəstək durursa, o biri tərəfində bir az baqqal münasibəti də duyulur. Ancaq özüm yeni kitabı çıxanlara çox şirinlik vermişəm. Xüsusən də imza günlərində. İndi imza günləri toylarımıza bənzəyir, gərək gedib nəmər yazdırasan. Öz kitablarımın imza günlərində dostlar həm kitab alıblar, həm də şirinlik veriblər”.

Kənan Hacı: “Bu ənənə sovet dövründən qalsa da yaxşı ənənədir. Yazarın kitabı satılmırsa, acından ölməmək üçün şirinlik almalıdır. Buna pis baxmıram. Mən illərlə işsiz qalmışam, əvvəlcə Yafəs Türksəsin şirinlik payına şərik olurdum. Sonra öz kitabıma görə şirinlik almışam. Təkrar edirəm, şair acından ölməmək üçün gedib kimdənsə şirinlik almağa məcburdur. Çünki bu bədbəxt şairin əlindən yazmaqdan başqa iş gəlmir. Çox təəssüf ki, pulunu balta kəsməyən adamlar bir fahişəyə beş-on min pul xərclədiyi halda şairin cibinə bir əlli manat basanda canları çıxır”.

Ayxan Ayvaz

# 989 dəfə oxunub

Müəllifin son yazıları

# # #