Dünya müharibəsi veteranı: “Komandirim yadıma gəlmir”

Dünya müharibəsi veteranı: “Komandirim yadıma gəlmir”
9 may 2014
# 08:00

Kulis.Az II Dünya Müharibəsinin iştirakçısı Əfqan Abbasovla müsahibəni təqdim edir.

- Əvvəlcə sizi qələbənin 69-cu ildönümü münasibəti ilə təbrik edirik.

- Çox sağ olun.

- Müharibəyə nə vaxt çağırıldınız?

-20 yaşım vardı. 1942-ci il, yanvarın 24-də Laçın rayonundan yola düşmüşəm. Fevralın 17-də Moskvada olmuşam. Moskvanın yaxınlığında hərbi hissədə təlim keçəndən sonra məni Saratov şəhərinə göndərdilər. Almanlar bombalamağa başlamışdılar. O zaman 20 yaşım vardı. Volqanın sağ sahilində 3-4 ay qalandan sonra bizi apon sərhədinə, Omsk şəhərinə apardılar. Omskda xidmət etdikdən sonra hərbi məktəbə göndərdilər. Sonra təyyarə motoru zavoduna göndərdilər. Müharibə bitəndən sonra 1946-cı ildə məni buraxdılar və qayıtdım Laçın rayonuna.

- Müharibəyə gedəndə rus dili bilirdinizmi?

- Yox bilmirdim.

- Çətinlik olurdumu?

- Əlbəttə, olurdu. Laçından 22 nəfər vardı. Həmçinin kəndçim Novruzov Xəlil Molla Qurban oğlu vardı yanımda. Onu sonra məndən ayırdılar. Ondan ayrılandan sonra ağlayırdım. Laçın rayonundan olanları ayırmışdılar.

- Döyüşlərdə iştirak etdinizmi?

- Əlbəttə iştirak etmişəm. Saratovda döyüşmüşəm 43-cü ildə.

- Komandirinizi xatırlayırsınızmı?

- İndi yadıma gəlmir. Amma iki komandirim olub, biri Moskvadan, biri Leninqraddan. İkisi də rus idi. Moskvalı hərdən mənə sataşırdı. Mənə “Qafqazskiy malçik” deyirdilər.

- Yeməyiniz necə idi?

- Az-çox yemək olurdu. Sup verirdilər. Tütün verirdilər. Bir qutu olurdu. Sonradan tərgitdim.

- Döyüş yolunuzdan danışardınız, xatırlayırsınızsa. Müharibədə dönüş Stalinqrad döyüşündən sonra başladı?

- Stalinqrad döyüşü vaxtı mən Omskda idim. Hər gün yaralılar gəlirdi. Masallıdan bir oğlan vardı, yaralanmışdı. Mən onu bir də 29 ildən sonra tapdım. Onunla məktublaşsam da, görüşə bilmədim.

- Sizin döyüş yoldaşlarınızdan əsir düşən oldumu?

- Novruzov Ələmşah vardı. Əsir düşmüşdü. Müharibədən sonra onu tez-tez rayon mərkəzinə çağırırdılar. Sonra mən işə qarışdım, daha çağırmadılar.

- İtkilər çox olurdu?

- Bizim kəndimizdən 48 nəfər müharibəyə getmişdi. Onun 24-ü qayıtmadı. Onların arasında əsir düşənlər də vardı.

- Sizə müharibə veteranı kimi hörmət edirdilərmi?

- Müharibədən sonra “Kommunist” qəzetində elan verdilər ki, hər kəs öz yaşadığı yerə qayıda bilər. Mən də sənəd alıb qayıtdım hərbi hissəyə ki, evə qayıdım. Amma hərbi hissədə məni buraxmırdılar. Çünki serjant rütbəsi almışdım və məni zabit etməyi fikirləşirdilər. Sonra Daxili İşlər Nazirliyinə gəldim və məni Dövlət Yanğından Mühafizə idarəsinə göndərdilər. Ordan isə Laçın Yanğından Mühafizə şöbəsinə göndərdilər.

- Müharibə ilə bağlı unudulmaz xatirəniz varmı?

- Elə də yaddaqalan və xoş xatirə yoxdur. Məsələn Saratovda gecə bombardman başladı. Hay düşdü və bizi Volqanın sahilinə göndərilər. 9 təyyarə Almalıq deyilən yeri bombaladılar. Ondan sonra həmin təyyarələrinin üçünü vurduq.

- Müharibə vaxtı bilərəkdən əsir düşənlər vardı. Eyni zamanda bəziləri əsir düşəndən sonra almanlar tərəfə keçib və legionlarda Sovetlərə qarşı döyüşüblər. Onlara necə baxırdınız?

- Mənim kəndimdən Mehrəliyev Bəhrəm Əkbər oğlu vardı. O əsir düşmüşdü və geri qayıtmadı. Sonra Gürcüstandan bir nəfər onunla bağlı danışdı ki, Berlində olanda qəribə bir hadisə baş verib. Bir nəfər fit çalırmış və gürcüstanlı da ona yaxınlaşanda başa düşüb ki, Azərbaycandandır. Salam versə də, bu adam onun salamını almır. Sonra başa salır ki, mən sənin fit çalmağını eşidib gəlmişəm, özüm də Azərbaycanlıyam. Sonra söhbətləşirlər. Ona başa salır ki, buraxsalar da getmə. Sonra həmin Bəhram geri qayıtmadı.

- Onlara necə baxırdınız? İndi bəziləri deyir ki, legion da döyüşənlər qəhrəmandır.

- Əsir düşənlərin çoxunu qayıtdıqdan sonra həbs edirdilər. Ona görə də heç nə demək olmur.

-1943-cü ildən sonra milli diviziyalar təşkil olunmağa başladı. Siz o diviziyalarda döyüşmək istərdinizmi?

- 416-cı diviziyanı Mircəfər Bağırov yaratdı və onlar Berlinə qədər getdi.

- Stalin öləndə nə hiss etdiniz? Axı o sizin komandanınız idi, birlikdə müharibədə qalib gəlmişdiniz...

- Laçında bu hadisəni eşidəndə ağlaşdıq.

- Ermənilərlə necə yola gedirdiniz müharibədə?

- Gürcülərlə o qədər yaxın deyildik, amma ermənilərlə bir-birimizi başa düşürdük.

- Siz 20 yaşınızda müharibəyə getmisiniz. Sizə faşizmi necə başa salırdılar? Məsələn təbliğat üçün filmlər göstərirdilərmi?

- Bizə sadəcə deyirdilər ki, nemes düşməndir. Film göstərmirdilər. Hitlerin düşmən olduğunu deyirlər və sərhədi qorumağı tapşırırdılar. Başa salırdılar ki, düşməni qırmaq lazımdır. İclaslarda komandirlər hazır olmağımızı əmr edirdilər.

- Sonda nəsə demək istəyirsiniz?

- Maşın istəyirəm.

- Mersedes?

- Yox, Sosial Müdafiə nazirliyi veteranlara maşın verir. Ondan birini istəyirəm. Müraciət də eləmişəm. OKA-dı nədi, ondan...

Qan Turalı

Cəlil Cavanşir

# 2685 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #