Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 25-dən 29-dək II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalda 7 kateqoriyada filmlər yarışacaq. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə QRAN PRİ - diplom, mükafat və 4000 avro pul veriləcək.
BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.
Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.