Cibgir: “İndi cibgirliklə dolanmaq çətindir” MÜSAHİBƏ

Cibgir: “İndi cibgirliklə dolanmaq çətindir” MÜSAHİBƏ
15 fevral 2013
# 08:45

Kulis.az məşhur jurnalist İlqar Əlfioğlunun cibgirdən aldığı müsahibəni təqdim edir.

Müsahibim də mənim özüm kimi Sovet dövründən qalanlardandır. Cavanlarıyla da görüşə bilərdim, amma mənə elə gəldi ki, təcrübəli, fəaliyyətinə hələ yetmişinci illərdə başlamış birisinin danışdıqları daha maraqlı olar...

Söhbətə uzaqdan başladım. Bir az havadan danışdıq, bir az zəmanədən, bir az qarşıdakı yeni il bayramından və yavaş-yavaş gəldik mətləb üstünə. Təbii ki, söhbət əsnasında heç bir qeyd götürmürdüm. Artıq neçə dəfə başıma gəlib: kağiz-zad çıxaran kimi, bayaqdan dil-dil ötən müsahibim başlayır xəsisliyə, sözləri az qala kəlbətinlə çəkəsi olursan... Odur ki, bu müsahibəm yüz faiz dəqiqliyə iddialı olmayacaq və buna ehtiyac da yoxdur. Əsas məsələ bizi maraqlandıran suallara bir peşəkarın dilindən cavab almaqdır. Söhbətimiz neçə saat çəkmişdi, amma evə dönəndə birnəfəsə yazdım. Necə deyərlər “isti izlərlə”... Üstündən zaman keçsəydi, mütləq nələrsə unudulacaqdı...

- İndi cibgir olmaq əvvəlkinə nisbətən çətindir, yoxsa asan?

- Cibgir olmaq daha asandı. İndi cibgirliklə dolanmaq çətindi...

- Qabaqlar necəydi ki? Bir fərqi var?

- Qabaqlar deyəndə, hansı zamanları soruşursan?

- Cavanlığımızı, sovet dövrünü...

- Bilirsən nə boyda fərqi var? Onda cibgir olmaqçun gərək neçə il şəyirdlik edəydin. Təzə başlayan uşaq-muşağı qoyardılar cibə girsin? Kim idi onları qoyan?

- Bəs şəyirdlik deyirsən, şəyirdin işi nədən ibarət idi ki?

- Şəyird cibə girmirdi. Şəyirdin vəzifəsi cibgirə göz qoymaq idi. Bir də ki, cibgir çıxartdığı pulqabılarını ona ötürürdü.

- Pulu özü götürürdü?

- Yox, pul da içində, ötürürdü şəyirdə. Bilirsən nədən ötrü?

- Bir az bilirəm, amma sən de görüm düz bilirəm, yoxsa, yox...

- Cibgiri tutmaq üçün ya gərək pulqabını çıxaranda əlindən yapışasan, ya da soyulan adamın pulqabısı onun cibindən çıxsın. Odur ki, cibgir işini görən kimi, əlinə keçəni ötürürdü şəyirdinə...

- Bəs cibində o qədər əşyayi-dəlil olan şəyirdi tuta bilməzdilər?

- Niyə tutmurdular, əlbəttə tuturdular. Mən özüm birinci dəfə necə tutulmuşam ki?.. Amma, hər halda şəyirdi tutmaq elə asan deyil. Çünki cibə o girməyib. Uzaqbaşı deyər ki, yerdən tapdım... Nə sübut eləyəcəkcən?

- Bəs deyirsən axı, sənin özünü tutmuşdular.

- Tutdular da, buraxdılar da... Şəyirdi çox vaxt tuturdular ki, ustanın üzünə durquzsunlar. Yaxşı cibgiri tutmağın asan yolu budur. Durquzurlar üzünə, bir-iki dənə də yalançı şahid gətirirlər, vəssalam! Yoxsa indiyədək kimi düz-əməlli əməliyyatla tutublar ki?..

- Onda tutulanda tez buraxdılar səni?

- Dəqiq yadımda deyil, amma deyəsən dörd-beş gün qaldım.

- Üzə durmadın?

- Əlbəttə yox! Bizim zamanlar ideya vardı, sədaqət vardı, oğru qardaşlığı vardı. Ustam mənə neçə il ata əvəzi olmuşdu. Dərdimi doğma atama da deməyəndə, ona deyirdim...

- İndi sağdır?

- Yox... Ölüb. Moskvada tutmuşdular, zonda öldü, Solikamskda...

- Bayaq dedin ki, indi cibgirliklə dolanmaq çətindir...

- Elədi də... İndi pullu adamları cibgir harda tutur ki?.. Pulu olanlar dünyaya öz maşınının pəncərəsindən baxır. Dükanları ayrı, bazarları ayrı... Nə avtobusa minirlər, nə tünlük yerə girirlər. Elə soyaram onları, amma əlim çatmır. İndi cibgirin girinə keçən yazıq-yuzuqdu...

- Qabaqlar bəyəm başqa cür idi?..

- Əlbəttə. Bir dənə Torqovı vardı, bir dənə Köhnə univermaq, bir dənə də Təzə. Hamı al-verə ora gedirdi də... Torqovıda voyentorqun dükanı vardı, yaman mal alırdılar, hamı da ota cumurdu. Maşın da indiki kimi deyildi, heç min adamdan birisinin də yoxuydu. İndi əyninə şalvar ala bilməyənin də maşını var. Noolsun ki, köhnədi...

Amma bunu da deyim ki, cibə girmək xeyli asanlaşıb. Küçədə pullu tapsan, soğan kimi soyarsan. Camaat keydi elə bil. Qabaq belə deyildi; adamlar elə bil ayıq idi. İndikilərin işi müsibətdi... İllah da ki cavanlar. Nə qədər dar geysələr, yenə soyursan, heç tükləri də tərpənmir. Baxırsan ki qulağında o zəhrimar, kayfdadı... Eləsinin nəinki pulunu, lap belə özünü də apararsan, bir də mənzil başına çatanda xəbər tutar...

- Əşşi onun zəmanəyə nə dəxli var? Cavan həmişə cavandı. Bizim vaxtımızda elə deyildi məgər?..

- Sən nə danışırsan? Biz tükü-tükdən seçirdik... Amma o vaxtlar pul vardı ha, cibgirlərdə. Bizimkilər zona həftədə azı 10 minlik bazarlıq yollayırdılar.

-10 min yəni indiki pulla neçə eləyir?

- Neçə eləyir? Əşşi hesabla da: 65 qəpik bir dollar idi...

-10 minə bir maşın ərzaq alardın ki...

- Bəs necə! Alırdıq. Maşın-maşın...

- Deyirlər qabaq cibgirlərdən, oğrulardan pul yığırdılar, həbsxanada yatanlara yardım üçün.

- Hə, pul yığılırdı. Amma könüllü. Heç kəsdən zorla pul almazdılar...

- Sənin dediyindən belə çıxır ki, oğrular xeyriyyəçiliklə məşğulmuş ki...

- Yox, lağa qoyma. Bizim pul yığmaqdan başqa yolumuz yox idi... Hökümətin umuduna qalsaydı, türmədəki xəstələrin hamısı qırılardı. O qədər vərəm vardı kı... Onlara dərman, güclü yemək çatdırmaq da çöldə işləyənlərin borcuydu. Biz eləməsəydik, kim eləyəcəydi?

- Deyirsən o yardımlar hamısı könüllü idi? Bəs heç pul yığmaq, maşın almaq, özünə ev-eşik qurmaq istəyənlər olmurdu?

- Oğru evi neyləyir? Onun evi türmədi... Bir də ki, o vaxtlar pul yığmaq nəinki bizlərə, heç başqa adamlara da lazım deyildi. Xərcləməyə yer vardı ki?.. Yadında deyil, imkanlı adamlar pulu gizlin qazanırdılar, kimsəyə göstərməyə qorxurdular. Adi firmenni siqaret çəkmək üçün, kimsə anlamasın deyə, “Kosmos” qutusuna doldurardılar... Bir də bu dünyada pul yığmağın nə mənası? Kim özüylə bir şey aparıb ki... Yaxşı hökümət idi, moşenniklər dağıtdı...

- Dağıdanların arasında siz də vardınız da. Siz də o quruluşu saxlayan qanunların kökünü baltalayırdınız...

- Sovet vaxtı qanunu elə qanun yazanlar baltalayırdı. Qanunu qara camaata yazırdılar, özlərinə yox. Özləri kefləri istəyən kimi yaşayırdılar, amma yenə də qorxu içindəydilər. Sonra da girəvə düşən kimi kasıb-kusub quruluşunu dağıtdılar ki, daha heç kəsdən qorxmasınlar. Əslində o hökümət biz oğruların hökümətiydi. Hökümət bərabərlik istəyirdi, biz də moşennikləri lütləyib kasıb-kusuba paylayırdıq.

- Lap Koroğlu, Qaçaq Nəbiymişsiniz ki!

- Nədi, guya özün bilmirsən bizim elədiklərimizi? Kasıb-kusuba az əl tutanımız olub?.. Sən indi o qəhrəmanların adını zarafatla çəkdin, amma Sovetin “statyalarını” onlara tətbiq eləsən, “residivist” sayılardılar; nə qədər iş düşərdi: başdan-ayağa “razboydu”.

Qabaq bir pullunu soyurdun, səsini çıxara bilmirdi. Desəydi, soruşacaqdılar ki, səndə o qədər pul hardandı. İndi daha qorxu-hürkü qalmayıb... Kim nə təhər istədi, elə də sökür... Sökənlərə də əlin çatmır ki, ürəyindən tikan çıxarasan! Gör heç indi Koroğlunun adını çəkən var? İndi kimsə onun kimi hərəkət eləsə, Avropa Şurasına-zada baxmazlar, güllələyərlər...

- Deyirsən indi pullulara əliniz çatmır. Amma qabaq çatırdı, elədir?

- Əşşi, onda nə vardı ki...Ayda ikicə gün işləsən bəs eləyirdi: bir 5-i, bir də 20-si – “avans-poluçka” günləri... Pulu alan kimi, çıxırdılar bazarlığa. Kimin cibinə əl sallayırdın, boş qayıtmazdı. Torqovının, Köhnə Univermağın bu başından girib o biri başından çıxana qədər bir dünya pulun olurdu.

- Camaat da pul qazanırdı ha!

- Bəs necə...

- Mən balaca olanda qonşumuzun evini yarmışdılar. O vaxt biz də həyətdə tanımadığımız adamlar görmüşdük. Milis evimizə gəlib bir dənə yekə albom göstərdi, oğruların şəkilləriydi. Hamısının üzü tüklü, saçları pırtlaşıq. Mən onda elə bilirdim ki, oğru şəkildəkilər kimi olur. Böyüyəndən sonra başa düşmüşəm ki, o yazıqların şəklini türmədə çəkiblər; ona görə bu kökdədilər... İndi də çoxları oğru, cibgir deyəndə xəyallarında pinti, kirli-paslı adam canlandırır...

- Niyə? Cibgir bomj-zaddı bəyəm? Bilmək istəyirsənsə, o vaxt da, bu vaxt da oğrular həmişə yaxşı geyinib. Niyə də geyinməsinlər, pul onlarda, qazanmaq bacarığı onlarda. Adi adam bir dənə kostum almaq üçün iki ay işləməliydi. Bizə isə bahalı kostyumları zavmaqlar özləri gətirirdi, heç qiymətini də soruşmazdıq... Cibgirlər aristokrat idilər. İndikilərlə işim yoxdu ha, köhnələri deyirəm.

- Niyə, mən indi də yaxşı geyinənlərini görürəm.

- Nadir hallarda görərsən. Qabaqlar Zavağzalnıda bir dənə cibgir Rantik vardı, ayaqqabısını Yerevanda tikdirirdi. Elə ayaqqabı bəlkə heç dünyada yox idi – altının mıxları taxtadandı... Cibgirlərin hamısı payızda Tiklas plaş, qışda Diplomat palto geyərdilər... Qızlar da Anjelika şuba... Bir dənə cibgir Rübabə vardı, “Qara Volqa” kitabında yazmışdılar ondan. Bax, həmin o Ruba Şövkət Ələkbərovadan da yaxşı geyinirdi, Sara Qədimovadan da...

- Guya indi ən kasıb adamlar cibgirlərdi?..

- Elə deyıl? Kimi dindirirsən, ehtiyacdan gedir. Ona görə sənət də hörmətdən düşüb. İndi çoxu narkomandı. Ağına-bozuna baxan yoxdu. Az qalırlar adamı küçədə soyunduralar. Belə vəziyyətdə nə sənət, nə sənətkar...

- Hələ bizdə yaxşıdı. Bu yaxınlarda Kiyevdəydim, küçələrdə cibgir əlindən tərpənmək mümkün deyil.

- Yadında saxla: yer üzündə xoxollar qədər “bespeçni” adam yoxdu. Beş-on il əvvəl mən də işləmişəm orda. Küçədə bir dənə sumkası bağlı arvad görməzsən, az qala pullarını tökə-tökə gəzirlər. Onlara baxanda, bizimkilər toyagetməlidi. Kiyev vağzalında cibgirlər adamı “kruqa” salırlar, zorla, gözün baxa-baxa soyurlar, qorxundan cınqırını da çıxara bilmirsən.

- Hə, yaman üzlü şeydilər. Mən də rast gəlmişəm, metroda. Düz milisin, kameraların qabağında girişdilər camaata...

- Oranın milisi də qarışmır, çünki şərikdi. Mən sənə bir şey deyim, polis istəsə, cibgirlərin kökünü kəsər.

- İstəmir ki?..

- Mən düz demədim: İstəsə yox, marağı olsa. Bilsə ki cibgirlərdən qazandığından artıq pul verəcəklər, eləyər. Mən 10 il əvvəl avtobusda işləyirdim. Eyni marşrutda düz iki il. Bütün postavoylar tanıyırdı məni. Görəndə üzlərini yan çevirirdilər, guya heç görmədilər...

- Sürücülər də tanıyırdı?

- Əlbəttə.

- Bəs milisə, sürücülərə bir şey vermirdiniz?

-...

- Verirdiniz də, elə deyil?

- Atalar necə deyir? Əl əli yuyar... Dalı necədi?

- Əl da qayıdıb üzü yuyar...

- Mən bayaq dedim ki, polis istəsə, “interesi” olsa, küçədə bir dənə cibgir qalmaz... Mən indiki cibgirləri deyirəm ha!

- Cibgiri tutmaq üçün nə lazımdı?

- Əvvəla bir cibgiri tutmaq üçün bir neçə milis lazımdı, tək adamın işi deyil.

- Başa düşmədim...

- Əşşi, tutalım, sən opersən, cibgir tutmalısan. Əvvəlcə gərək həmin cibgiri üzdən tanıyasan. Özü də ki, sən tanıyasan; o səni tanımasın. İkincisi, onu iş başında yaxalamalısan, pulqabını yerə atmağa macal tapdısa, heç nə sübut eləyə bilməzsən. Onun biləyindən yapışmalısan; əli sumkanın içində olanda. Sonra da həmin hadisəni görən adamların arasından elə bir şahid tapmalısan ki, məhkəməyə gələcəyinə, üzə duracağına arxayınlığın olasan... Uzun işdi...

- Çox adam tuturlar?

- Hardan? Amma keçən ay bizimkilərdən birini tutdular da...

- Kim idi? Yəni soruşmaq istəyirəm ki, təzələrdəndi, yoxsa köhnələrdən?

- Sən tanımazsan, amma xeyli vaxtdı işləyirdi. İzinə düşübmüşlər, xəbəri olmayıb; üzdən tanıyırmışlar. Operlər onu avtobus dayanacağında görüblər. Basabas imiş, o da bir yaşlı arvada yol verirmiş, qolundan yapışıb pilləkəni qalxmağa kömək eləyirmiş. Amma özü minmək fikrində deyilmiş. O həmişə belə işləyirdi. İşini də elə kömək eləyəndə görürdü. Avtobus aralanan kimi, qaqaş yolu keçib üzbəüzdəki həyətə girir, Vasilevskidə axı xırda həyətlər çoxdu... Girir içəri, amma pulqabını atmaq istəyəndə, qolundan yapışırlar. Şöbəyə aparıb sənəd-sübut hazırlayana kimi, xeyli çəkir. Bizim uşaq da sakitcə oturub lağ-lağı eləyirmiş doznavatelnən. Yazığın hardan ağlına gələydi ki, başqa bir oper də öz maşınıyla düşəcək həmin avtobusun dalına, saxlatdıracaq, o arvadı tapacaq, götürüb gələcək şöbəyə...

- Bəs axırı necə oldu?

- Onu ordan çıxarmaq olar? Hesab-kitab ortadadı, şahid də var, sübut da... İş verəcəklər.

- Hə, yaman ilişib yazıq...

- İndi gör təkcə onu tutmaq üçün neçə nəfər iştirakçı olub həmin əməliyyatda. Biri, ya ikisi – filyor, biri - onun qolundan yapışan oper, biri avtobusa çatıb arvadı tapan, bir də ki, həmin arvadın özü... Axı beş-altı nəfər lazımdı...

- Harda?

- Leninqradda...

- Mənə elə gəlir ən çətini cibgiri tanımaqdı. Yoxsa, durub gözləyəsən ki, ya qismət, kimsə cibə girəcək, sən də tutacaqsan...

- Bəs nə? Ona görə də hələ qədimlərdə, lap inqilabdan qabaq, polisin xüsusi adamları vardı; onlara “filyor” deyirdilər. Filyorların yeganə işi camaat arasında dolaşıb cibgirləri üzdən tanımaq, sonra da operə nişan vermək idi. Yaxşı da donluq alırdılar.

- Bunu mən də eşitmişəm.. Özü də həmin adamların polislə əlaqəsi tam məxfi olurdu.

- Əlbəttə, oğrular bilsəydi ki, kimsə filyorluq eləyir, heç sağ buraxardılar? Filyorluq da bir sənətdı... Gərək elə ustalıqla göz qoyasan ki, oğrular səni tanımasın. Ona görə də filyorların yerini tez-tez dəyişirdilər. Cibgirlər kimi, yaxşı filyorların da diqqət cəlb eləyən zahiri əlaməti olmur. Gərək yadda qalmayasan.

- Bəziləri elə bilir ki, oğrunu cibgiri zahiri görkəmindən seçmək olar.

- Səhv fikirdi. Seçmək olar, amma gərək filyor olasan. Öz aramızdı, səndən yaxşı filyor olar ha! Çox bilirsən, adam tanıyansan.

- Sən zarafat eləyirsən, amma mən həqiqətən o dəqiqə seçirəm.

- Ay kişi, yazıçılıq da filyorluq kimi, cibgirlik kimi diqqət tələb eləyir. Gərək ətrafında heç nə gözündən yayınmasın. Fərq bircə bundadı ki, filyor gördüyünü dokladnoy şəklində qoyur operin ovcuna, yazıçı gedir romanını yazmağa, cibgir isə müşahidə bacarığından özünə “lox” seçməkdə istifadə eləyir... 93-cü ildə Vladivostokdaydım. Yadındadı da, onda ordan yapon maşınları gətirirdilər. Bütün Sovetin pulu tökülmüşdü ora. Kimin cibinə əl atırdın, paçqa-paçqa çıxırdı. Avtobusla maşın bazarına gedirdim, tamaşaya. Bir də gördüm bir kişi əyilib ayağının altındakı çantasını açanda qoltuq cibindən bir bağlama dollarin ücü çıxdı. Pul məni çəkə-çəkə özünə sarı aparırdı. Bir də gördüm artıq kişinin böyründəyəm, az qalıram girişəm. Onda elə bil məni birdən ayıltdılar. Əlimi saxladım. Yadıma düşdü ki, bayaq çantasını açanda nə bir şey götürdü, nə də bir şey qoydu. Başladım avtobusun içindəki camaata baxmağa. İstəyirdim görəm oper-zad yoxdu ki... Həmin moment hərif bir də çantasını açmağa əyildi, yenə pulları göründü. Daha bu dəfə pulu bilə-bilə göstərməyinə heç şübhəm qalmadı, bir-iki addım çəkildım. Girişsəydim, əlli-ayaqlı gedəcəydım. Bir də gördüm cavan bir gürcü balası buna girişməyə hazırlaşıb. Pul gözünü tutmuşdu, heç nə görmürdü. Yanımdan sivişib keçəndə ucadan ufuldadım; guya ayağımı tapdalamışdı. Yazıq üzr istədi, amma heç əl çəkərəm...

Nə başını ağrıdım, birini o dedi, ikisini mən - sözü çəpləşdirdim.

Dayanacaqda çığır-bağırla yaxasından yapışıb avtobusdan çıxardım. Operlər baxa-baxa qaldılar. Gədənin yanında bir yoldaşı da vardı, o da düşdü.

Elə bilirdilər davaya çəkirəm onları. Amma düşəndən sonra baxdılar ki, iş tamam başqa yerdədi, gədə bilmədi necə təşəkkür eləsin. Kutaisli Anzorun uşaqlarıymış. Dil-ağız elədilər, istəyirdilər məni qonaq aparsınlar, dedim vaxtım yoxdu, Anzora salamımı çatdırın...

- Hə-ə, yaxşı qurtarmısan.

- Bəs necə, pul köpəkoğlu şeydi, adamın gözünü bəzən elə tutur ki, ətrafını görmürsən...

- Səndən bir şey soruşum, bəs cibgir hardan bilir ki, kimin pulu var?

- Pulu olub-olmadığını dəqiq bilməzsən. Cibgir soyacağı adamı əyin-başına görə seçir. Əyin-başı yaxşıdısa, deməli az-çox pulu da olacaq. Məsələn mən, avtobusda-zadda işləyəndə dayanacaqda seçirdım. Əvvəla dayanacaqda adam çox olur və heç kəsin ağlına gəlmir ki, kiməsə göz qoysun, çünki hamı avtobus, trolleybus gözləyir. Baxırsan, seçirsən... Mən tələsən arvadları seçirdim. Baxırdım ki, ayağının birini götürüb, o birini qoyur, avtobus gələn səmtə boylanır, bilirdim ki, harasa tələsir, fikri dağınıqdı. Deməli, avtobusda kiminlə yanaşı durduğu da, pulqabısının harda yoxa çıxdığı da yadına düşməyəcək. İndi Rusiyada yaman başlayıblar. “Krışası” olmayanları ilişdirirlər.

- Qanunlar da sərtləşib?

- Onu kim deyirsə, yalan deyir. Harası sərtdi? İndi hər yerdə böyük oğrulara qarşı qanunlar yumşalıb. Neçə il milyardlar oğurlayırsan, axırda, ilişəndə də sonuncu oğurladığını qaytarıb olursan düzgün adam. Sonra xərclə də özüzçün... Bəlkə elə deyil?

- Elə olmağına, elədi, amma Avropa Şurası da tələb eləyir...

-Nə tələb eləyir? Deyir camaatın malını talayanları tutma? Bunlar düzgün adamlardısa, həmin qaydanı bizim kimi xırda-mırda oğrulara da tətbiq eləsinlər də. İki şirvana görə ağzından süd iyi gələn uşağın birinə üç il iş verməsinlər...

- Cəza olmasa, cinayət də artar axı...

- Yalan sözdür... Cəzanın ağır olması insanları cinayətdən çəkindirməz. Rusiyada ağır cinayətlərə görə indi güllə vermirlər. Gör heç adam öldürənlərin sayı artır?

- Dəqiq bilmirəm, artmayıb məgər?

- Mən lap dəqiq bilirəm: əksinə, azalıb. Əsas məsələ insanlara dolanmaq üçün imkan yaratmaqdı. İşləsinlər, dolansınlar, bizi də dolandırsınlar... Yoxsa indi biri dostunun telefonunu oğurlayır, tutub basırlar içəri. Orda da düşür qurdların əlinə - ailəsini soğan kimi soyurlar: bir tərəfdən nadzorlar, o biri tərəfdən dustaqlar. Xam düşür də əllərinə... Uşaq bilmədiklərini də orda öyrənir. Çıxanda iş də tapmır, başlayır oğurluğa... Cəzanı yumşaltmaq lazımdı. Sizin evdən qızıl oğurlayan oğlan yadındadı? Onda sənin anan şikayət eləsəydi, necə olardı? Amma çağırıb tənbeh elədi, başa saldı... İndi maşallah gör harda işləyir.

- Hə-ə, elədi... Yazıq uşaq o qədər peşman idi ki... Yaxşı ki, onda bizimkilər səsə salmadılar. Heç uşağın ata-anası da xəbər tutmadı.

- Əşşi o qədər elə uşaqları türmədə korlayıblar ki...

- Yeni ili hardasan?

- Harda olacağam? Nə qədər ki, canımda can var iş başında olacam.

- Burda?

- Mən bayaqdan keşişə söyürəm? Burda iş var alə? Gedirəm vətəndaşı olduğum ölkəyə. Amma bizim camaata məsləhət görürəm bayram günləri ehtiyatlı olsunlar. O gün bulvara çıxmışdım, yolka-zad da gördüm. Özlərini basabasa salmasınlar. Unutmasınlar ki, yeni il onlarçun bayram, cibgirlərçün iş vaxtıdı...

- Sənin də bayramın mübarək. Allah amanında!

- Sağ ol. Uşaqlardan görüb eləsən məndən salam de. Görüşərik...

# 4027 dəfə oxunub

Müəllifin son yazıları

# # #