V Beynəlxalq Muğam Festivalı başa çatıb

V Beynəlxalq Muğam Festivalı başa çatıb
14 mart 2018
# 22:56

Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açaraq bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında instrumental və vokal bölmələri üzrə beynəlxalq muğam müsabiqəsinin təşkil edildiyi, müsabiqə iştirakçılarının Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən qiymətləndirildiyi, konservatoriyada, həmçinin musiqi gecələrinin keçirildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar tərəfindən tamaşaçılara təqdim olunub. Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da maraqla qarşılanıb.

Firəngiz Əlizadə deyib ki, bir həftə ərzində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyasını, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası izləmək imkanı qazanıblar. Xalq Artisti festival çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında reallaşan “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu da yüksək qiymətləndirib.

Sonra beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb. Solo-muğam ifaçılığı üzrə azərbaycanlı xanəndə Elsevər Muradov və özbəkistanlı ifaçısı İlyos Arabov birinci yerə layiq görülüblər. Tacıkıstan təmsilçisi Sardor Soliyev və azərbaycanlı Pərviz Qasımov ikinci yeri tutublar. İnstrumental muğam ifaçılığı üzrə isə Azərbaycan musiqiçisi Nurlan Cəbizadə birinci, Aria Mohafez (İran) və Elnur Mikayılov (Azərbaycan) ikinci, Otajon Akramov və Azamat Ergaşev (Özbəkistan) üçüncü yerlərə layiq görülüblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi qaliblərə diplom və pul mükafatı təqdim ediblər. Müsabiqədə iştirak edən İsrail ifaçısı Noam Dayan, Misir təmsilçisi Omer Abdo və Azərbaycan musiqiçisi Arifə İmanovaya Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatlar verilib.

Sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və muğam müsabiqəsinin qalibləri çıxış ediblər.

# 1069 dəfə oxunub

Müəllifin son yazıları

# # #