“Nəsimi poeziyası” adlı qiraət müsabiqəsi elan edilib

“Nəsimi poeziyası” adlı qiraət müsabiqəsi elan edilib
31 yanvar 2018
# 17:29

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqə iki turdan ibarətdir.

Müsabiqənin I turunun ilk mərhələsi fevral-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunacaq. İlk turda münsiflər heyəti tərəfindən hər şəhər (rayon) Mərkəzləşmiş Kitabxana Sistemləri üzrə bir nəfər qalib seçiləcək.

Müsabiqənin ikinci mərhələsi aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaq. Bu mərhələdə hər bir şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Bu mərhələdə regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcək.

Müsabiqənin II turu - final mərhələsi may ayında Bakı şəhərində təşkil olunacaq və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər (I yer üzrə bir nəfər, II yer üzrə iki nəfər, III yer üzrə üç nəfər və 4 həvəsləndirici yer) xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.

# 1774 dəfə oxunub

Müəllifin son yazıları

# # #