Yazıçılarımız teatra gedirmi? - SORĞU

Yazıçılarımız teatra gedirmi? - <span style="color:red;">SORĞU
2 noyabr 2016
# 08:30

Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefası hələ də gündəmdədir. Aktyorun son tamaşası anşlaqla keçdi. Bu hadisə istər-istəməz teatrı da gündəmə gətirib. Mövzunun maraqlılığını nəzərə alıb yazrlarımıza iki sualla müraciət etik:

Teatrlara gedirlərmi? Son illər hansı tamaşanı uğurlu hesab edirlər?

Cavabları təqdim edirik.

Sabir Rüstəmxanlı

Image result for Sabir rüstəmxanlı

- Sonuncu dəfə “Ölülər” tamaşasına baxmışam. Tam ardıcıl izləyə bilmədiyimə görə qiymətləndirmə apara bilməyəcəm. Kiminsə haqqını yemək istəmirəm. Əvvəllər Opera və Balet, Gənc Tamaşaçılar Teatrı ən çox getdiyim teatrlar idi. Son zamanlar isə “Azdrama”ya daha çox gedirəm. “Ölülər” çox xoşuma gəldi. Daha sonra Elçinin “Qatil”, Mirələmovun “Qisas” tamaşaları xoşuma gələn tamaşalar olub. Başqaları da var təbii, ancaq indi yadıma ilk düşənlər bunlar idi.

Aqil Abbas

Image result for Aqil Abbas

- Mütəmadi olmasa da, teatra gedirəm. Bəyəndiyim tamaşalar çoxdur, ancaq ən çox bəyəndiyim tamaşa “Şah Qacar”dır.

İlqar Fəhmi

Image result for ilqar fəhmi

- Mövcud şərait üçün teatrların fəaliyyəti qənaətbəxşdir. Biz adətən sənətdə maksimum nailiyyət istəyirik, sənət yaradanların imkanlarının çərçivəsini nəzərə almırıq... Fuad Poladovun “Azdrama”dan getməyi əlbəttə ki, xoşagəlməz haldır. Böyük sənətkarlarımız o qədər çox deyil ki, hansınınsa teatrdan aralanmağını əhəmiyyətsiz hadisə hesab edək. Amma Fuad Poladov harda, hansı teatrda olmağından asılı olmayaraq elə Fuad Poladovdur... “Azdrama” da istənilən sənətkarın getməyindən asılı olmadan elə “Azdrama”dır...

Son illərdə “Azdrama”da, Gənc Tamaşaçılar Teatrında baxıb bəyəndiyim tamaşalar var. “Şah Qacar”, “Qatil”, “Müharibə”, “Yaşlı xanımın gəlişi”, “Boy çiçəyi” tamaşalarını qeyd edə bilərəm. Bundan əlavə YUĞ teatrının eksperimentlərini həmişə maraqla qarşılamışam.

Rəbiqə Nazimqızı

Image result for rəbiqə

- Belə tamaşalar var. İstisnasız, Mikayıl Mikayılovun, Gümrah Ömərin və Tərlan Rəsulovun bütün tamaşalarında maraqlı nəsə olur. Bəhram Osmanovun “Müharibə”si, Mikayıl Mikayılovun “İlahi oyun”u, Gümrah Ömərin “Naməlum Axundzadə”, Gəncə teatrında İradə Gözəlovanın səhnələşdirdiyi “Dəli yığıncağı”, Tərlan Rəsulovun “Boy”u. Çoxdur. Təbii ki, YUĞ birincidir. Qalanlarında maraqlı tamaşa olanda baxıram.

Elçin Hüseynbəyli

Image result for elçin Hüseynbəyli

- Son zamanlar Gənc Tamaşaçılar Teatrında Xocalı ilə bağlı tamaşaya getmişdim. Bir də öz pyesim əsasında səhnələşdirilən “Qaçaq qocalar”a... Ən çox bəyəndiyim tamaşalardan biri elə özümün yazdığım “İki nəfər üçün oyun”dur. Çox gözəl hazırlamışdılar. Uşaq Teatrında tamaşaya qoyulmuşdu. Sonra Əli Əmirlinin “Messenant”, Elçinin “Qatil” tamaşasını çox bəyənmişdim. Yunus Oğuzun “Nadir Şah”ında pafosları çıxsaq, yaxşı tamaşa idi.

Ülviyyə Heydərova

Image result for ülviyyə heydərova

- Son illər mənə təsir edən tamaşalar YUĞ-da “Naməlum Axundzadə”, “Medeya”, “Azdrama”da “Şah Qacar”, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşalarıdır. Tamaşa yaxşı olanda hamı gedib baxır.

Əsəd Cahangir

Image result for Əsəd Cahangir

Son illər baxdığım tamaşalar arasında ən çox bəyəndiyim Xalq Yazıçısı Elçinin “Qatil” pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi eyni adlı tamaşadır. Tamaşada Münəvvər Əliyeva-Hikmət Rəhimov dueti əla alınmışdı. Özəlliklə də Hikmətin kəskin daxili dinamizm, gərgin psixologizmlə şərtlənən oyunu Azərbaycan səhnəsi üçün hadisə sayılacaq qədər yenilik idi.

Azərbaycan teatrının ümumi durumuna gəlincə bu, bir qədər uzun söhbədir. Bugünkü teatr özünün keçmiş əyyamlardakı ehtişamını itirib. Fikrimi ən qısa tezislərlə ifadə etməyə çalışacam:

- Teatrın ən ciddi problemlərindən biri yeni dramaturq imzasıdır. Elçin və Əli Əmirlidən sonra hələ də yeni imza görünmür;

- Teatrlar əksərən importnı müəlliflərə və klassik dramaturqlara üz tuturlar. Lakin bu əsərlər çağdaş Azərbaycan gerçəkliyi ilə o qədər də əlaqələndirilmir. Təbiidir ki, istisnalarla. Məsələn, rejissor Bəhram Osmanovun antik və intibah dövrünə, gürcü, türk, skandinav dramaturgiyasına istinadən “Çar Edip”, “Kral Lir”, “Kaş araba aşmayaydı”, “Uçqun”, “Müharibə” tamaşaları...

- Teatrın söz azadlığı yoxdur. Bəzən bunu “sənət sənət üçündür” ibarəsi altında ört-basdır etməyə çalışırlar. Əslində bu teatrın öz aktuallığını itirməsindən başqa bir şey deyil. Teatrın çağdaş problemlərdən uzaq düşməsi, xalqı narahat edən ümummilli taleyüklü məsələlərə toxunmağa cəsarət etməməsi tamaşaçı problemi yaradıb. Xalq onun sözünü deməyən, onun dərdinə həmdərd olmayan teatra ayaq qoymaq istəmir. Və tamamilə haqlıdır.

- Teatr əməkdaşlarının maaşı həddən artıq azdır. Sup yeməklə Məcnun, Koroğlu, Aslan şahın partiyalarını oxumaq, Edip, Lir, Hamlet, Maqbet, İblis, Aydın oynamaq çətindir. Bu aktyorları seriallarda çəkilməyə məcbur edir. Enerji parçalanır.

- Teatr tənqidi son dərəcə zəifdir. Dediyim bu məsələlər barədə bir məqalə də oxumamışam. Teatrşünaslar əksərən dostbazlıq, dəstəbazlıqla məşğuldur. Dünya dağıla öz dəstələrindən olmayan rejissorun ən uğurlu işindən belə yazmazlar. Teatr tamaşaları haqda Mehdi Məmmədov, Cəfər Cəfərov sözünə ehtiyac var.

- Dünya teatr praktikası, məsələn, alman teatrı postdramaturji bir dövrə gəlib çıxıb, bizim teatrlar hələ də maarifçi-realizm estetikası ilə düşünürlər. “Qanlı Nigar”, “Lənkəran xanının vəziri” kimi qeyri-adi rejissor işləri daha zühur eləmir. Vaqif İbrahimoğlunun vəfatı teatr sənətinə ağır zərbə oldu. Məsələn, Afaq Məsudun “O məni sevir” adlı zərif materiya planında, ruhani cərrahiyyə işi olan bir pyesini oxumuşam. Onu kim qoya bilər səhnəyə?

- Respublika Prezidentinin sərəncamı ilə 2008-2018-ci illərdə teatrların inkişafı ilə bağlı qanun qəbul edilib. Bu sənədə əsasən demək olar ki, bütün teatrlar ən müasir tələblər uyğun səviyyədə təmir olunub. Teatr zallarına daxil olanda ürəyin fərəhlənir. Amma iş təkcə baryerə daş üzlük çəkilməsi, interyerin qızıl suyuna çəkilmiş lepkalarla bəzədilməsindədirmi. Məncə, teatra münasibətin özü təmir olunmalıdır. Çünki bu gün kütləvi informasiya erasında teatrın öz mövcudiyyətini sürdürməsi əvvəlki on illərlə müqayisədə qat-qat çətindir.

Teatr o qədər müasirləşməlidir ki, internet texnologiyası adamının beyninin işləmə sürəti və zövqü ilə ayaqlaşmağı bacarmalıdır, arxaik sənət yorğanını üstündən atmalıdır. Teatra kino elementləri, bilavasitə canlı həyat elementləri gəlməlidir. Bunlar olmasa ən yaxşı tamaşanın belə özfəaliyyət kimi görünməsi təhlükəsi var.

# 1893 dəfə oxunub

Müəllifin son yazıları

# # #