“Atam həbs edildi, 9 yaşında yetim qaldım” MÜSAHİBƏ

“Atam həbs edildi, 9 yaşında yetim qaldım” MÜSAHİBƏ
4 oktyabr 2013
# 13:48

Kulis.Az Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun 2003-cü ildə “EL” jurnalında çap olunmuş müsahibəsini təqdim edir.

Uşaqlığı 1937-ci ildə bitdi. Həmin ildə atam Teymur müəllim Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edildi və bu onun sonuncu iş yeri oldu. Sentyabrın 29-u atamı həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb xalq düşməni damğası vurdular, doqquz aydan sonra iyulun 4-də isə güllələdilər.

Protokolda yazılmışdı ki, istintaq zamanı atam özünü günahkar hesab etməyib etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi.

Evdar qadın olan anam Sona xanım beş uşaqla təkcə qaldı. Böyük qardaşım Sabirin 11, ortancıl qardaşım Mahirin 10, mənim 9, kiçik bacım Zərifənin 5 yaşlarımız, körpə Leylanın isə cəmi 2 ayı var idi. Atamın ölümüylə də bizim bəxtəvər uşaqlığımıza son qoyuldu.

O illərdə ailəmiz Qasım İsmayılov küçəsindəki 7 saylı evdə, ikiotaqlı mənzildə yaşayırdı. Özüm də bu evdə dünyaya göz açmışdım. İndiyədək həmin evin qarşısından keçəndə uşaqlıq xatirələri gəlib durur gözümün qarşısında – atamın gecəylə buradan aparılması, bizlərin keçirdiyi təşviş...

...O uzaq sentyabr axşamı hava çox isti idi. Saat təxminən 10 olardı. Pəncərələrimiz dama açıldığından biz çox vaxt burada palaz salıb yatardıq. O axşam da anam palazları salıb yer hazırlamışdı. Atam qəzet oxuyurdu, mən də yanında uzanmışdım. Axşamın sükutunda qapının döyüldüyünü eşidib dik atıldıq. Atam cəld qalifesini geyinib qapıya tərəf getdi. Qapını açdı. İçəri iki nəfər keçdi. Oturdular. Mən də atamın qucağında əyləşdim. Adamlardan biri nə isə dedi. Anamın üzünün rənginin qaçdığını görüb qorxdum. Atam köynəyini geyib, kəmərini bağladı, anama “Mənə pul ver”, - dedi. Anam çaşmış halda “Bəyəm pulun harada olduğunu bilmirsən?” –deyə soruşdu. Atam dolabdakı pulları götürdü. Anam narahat halda “Nəsə baş verib?”, - deyə maraqlandı. Atam “Məndən şübhən olmasın. Bir azdan qayıdacam, darıxma...”, - dedi. Sonra onu apardılar. Mən pəncərəyə tərəf qaçıb arxasıyca baxdım. Atam həmin adamların əhatəsində tini burulub gözdən itdi. Bu mənzərə hafizəmdə ömürlük həkk olundu. Atamı bir daha görmədim. O gecədən sonra hələ uzun aylar pəncərənin qarşısında əyləşib onun burulub gözdən itdiyi tinə baxırdım. Onda elə bilirdim ki, atam qayıdacaq. Amma qayıtmadı...

Sonra bizi də yerimizdən tərpətmək istədilər. Yadımdadır, anamı gecəylə NKVD-yə çağırıb bir neçə saat orada saxladılar. İndiyəcən də bilinmir ki, bizi hansı möcüzə sayəsində sürgündən azad etdilər. Yoxsa həyatımızı Qazaxıstan çöllərində keçirməli olacaqdıq. Atamın reabilitasiyanacan 20 il ərzində qapımızı Əhməd dayımdan başqa bir nəfər də döymədi. Dayım botanik idi və uzun illər botanika bağının direktoru vəzifəsində çalışırdı. “Miçurinçilər” hərəkatının fəal üzvü olub Bakıda bir çox faydalı ağacların əkilməsinin təşəbbüskarı kimi tanınırdı. Lakin, təəssüflər olsun ki, dayım da cavan yaşında dünyadan köçdü. Tamamilə köməksiz qalan anam olmazın əzablarla beş uşağı böyüdüb oxutdura bildi.

Anamla atamın çox romantik görüş tarixçəsi var. Atam anamı toyundan qaçırmışdı. Sonra onlar evlənmiş, beş övlad dünyaya gətirmiş və xoşbəxt həyat sürmüşdülər. Ta o vaxtadək ki, onları zorla ayırmışdılar. Atamı güllələyəndən sonra savadsız anam işə düzəlməyə cəhd etdi. Axı uşaqları dolandırmaq lazım idi. 1940-cı ildə o, “Azərnəşr”ə işə düzəldi. Burada asılqanda işləməyə başladı. Səhər saat 7-də işə çıxan anam günortalar tikiş tikir, gecələr isə işçilərin kirli xalatlarını yuyurdu. Orada bufetdə işləyən Şura adında bir qadın anamın ailə saxladığını bilib hər gün işə çıxmayanların payından ona 10 pirojki verirdi ki, bizə gətirsin. Beləcə acından qırılmaqdan saxlayırdı. Uşaqlığımızın böyük bir hissəsi “Azərnəşr”in zirzəmisində keçirdi. Amma bu “firavan” həyat da çox çəkmədi. Pirojkilərin üstündə anamla üz-göz olan müəssisənin direktor müavini Axundov onu işdən azad edib “Bakinski raboçi” zavoduna poladtökmə sexinə səfərbər etdi. Bu o demək idi ki, biz uşaqlar başsız qalmalıydıq. Yenə də möcüzə nəticəsində anam yeni iş yeri tapa bildi – bu dəfə atelyedə. Yadımdadır, bir dəfə anam atamın şinelindən mənə və qardaşıma iki palto tikmişdi.

Uzunsürən xəstəlik keçirdiyimdən məni məktəbə bir il gec qoydular. Məktəbə gedəndə atam hələ sağ idi. 6 saylı məktəbin 1-ci sinfinə də məni özü aparmışdı. Havalar çox isti keçdiyindən dərslər sentyabrın 1-i yox, 15-i başlamışdı. Müəlliməm Yuliya Nesterovna indiyə kimi yadımdadır. Şagirdlər, o cümlədən mən onu çox istəyərdik. Sonra məni yaxınlıqda yerləşən 189 saylı məktəbə qoydular. Bir müddət sonra isə 132 saylı məktəbə keçdim. Bu məktəb qızlar və oğlanlar oxuyan iki ayrı sinfə bölünəndə mən 6 saylı məktəbə qayıtdım. 1942-ci ildə bir il oxumadım. Olduqca ağır zəmanə idi. Qardaşım Mahirlə bərabər şəhər su kəmər idarəsində çalışıb özümüzə cibxərcliyi qazanırdıq. Ev-ev gəzib sayğacları yoxlayırdıq. Yarıac həyat sürürdük. Tərslikdən evimizin yanında şəhər çörəkxanası yerləşirdi. Çörəkxananın qoxusu evimizə dolub bizi rahat yatmağa qoymurdu.

6 saylı məktəbdə rəssam Toğrul Nərimanbəyovla bir sinifdə oxumağa başladım. Yadımdadır, sinfə girəndə Toğrulun yanında boş yer olduğundan həmin parta arxasında əyləşdim. O gündən indiyədək dostuq.

- O zamanlar artıq rəsm çəkirdiniz?

- Bəli. Rəsm çəkməyə uşaqlıqdan həvəsim var idi. Bu həvəsi mənə və qardaşlarıma atam yiyələndirmişdi. 30-cu illərin ortaları olardı. Atam işdən qayıdıb masa arxasına oturar, şam etməyə başlayardı. Biz də onun ətrafına yığışar, səs-küy salardıq. Həmin otaqda divardan bir rəsm əsəri asılmışdı. Doğrusu, xatırlamıram bu şəkil bizim otaqda nə vaxt peyda olmuşdu. Ailəmiz bu mənzilə köçəndə bəlkə də artıq burada idi. Qızıl çərçivəyə və şüşə altına salınmış şəkildə saçları çiyinlərinə dağılmış gözəl bir qadın təsvir olunmuşdu. Qadının əlləri dəmir zəncirlə bağlı idi. Deyəsən, bu, knyagina Tarakanovanın portreti idi. Qadının çox maraqlı duruşu və baxışı var idi. Mən ona saatlarla tamaşa edirdim. Həmin vaxtlar atam mürəkkəb qablarımızın altına bir manat qoyub hərəmizə bir parça kağız verib tapşırardı ki, gördüyümüz filmlərin qəhrəmanlarını təsvir edək. Beləliklə, üçümüz də rəsm çəkməyə başladıq. Bu məşğuliyyət uzun müddət davam etdi. Hər axşam atamızın növbəti tapşırığını və tərifini səbirsizliklə gözləyərdik.

- İnstitutda da Toğrul Nərimanbəyovla oxudunuz?

- Yox. Mən instituta daxil olmaq üçün 1950-ci ildə Leninqrada getdim və sənədlərimi Repin adına instituta verdim. Tərcümeyi-halımda, valideynlər qrafasında atam haqqında həqiqəti yazdım. Onda heç ağlıma belə gəlmirdi ki, bu amil nəyəsə maneçilik törədə bilər. Ancaq instituta qəbul olunmayanda və sənədlərim geri qaytarılanda həmin qrafanın altından yağlı qırmızı xətt çəkildiyini görüb hər şeyi anladım. Həddindən artıq ağır keçirdim bu uğursuzluğumu. Təsəvvür edin, mənimlə gələn adamların əksəriyyəti qəbul olunmuş, mən isə kənarda qalmışdım. Onda kimsə mənə ürək-dirək verib demişdi ki, Leninqradda baron Ştiqles adına (sonralar “Muxinskoe” kimi tanınan) bir məktəb də var. Baş vurdum ora. Burada iki boş yer qalmışdı. Həmin yerlərə qırxa yaxın namizəd sınaqdan keçməli idi. İlk olaraq sənədlərimi apardım institutun rektoruna ə soruşdum ki, tərcümeyi-halımda atamla bağlı amilin onun üçün bir əhəmiyyəti varmı? Rektor diqqətlə oxudu, fikrə daldı, sonra otaqdan çıxdı, 5 dəqiqə sonra qayıtdı və dedi: “Bilirsiniz, mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. əgər bütün imtahanları əla versəniz, Sizi qəbul edəcəm”. İmtahanlar artıq başlanmışdı. Hamısını verdim və daxil oldum. Çox sonralar, artıq SSRİ Rəssamlar İttifaqının birinci katibi olduğum illərdə həmin institutun rektoruna 70 illiyi münasibətilə sovet rəssamları adından təbrik teleqramı göndərib özüm haqqında xəbər verdim.

Leninqradda isə çox illər sonra maraqlı bir hadisə oldu. 1976-cı ildə mən Repin adına instituta məşhur heykəltəraş Annikuşının yubileyi münasibətilə dəvət almışdım. Yubileydə çıxış edərkən dedim: “Mən bu binada iki dəfə olmuşam. Birinci dəfə rəssamlar kursuna qəbul olunmayanda və ikinci dəfə SSRİ Rəssamlar İttifaqının sədri kimi”. Nə deyim, bu da bir taledir, bəxtdir...

1958-ci ildə ailəmlə Bakıya gəlib bir sıra problemlərlə qarşılaşdım. Bir müddət Rəssamlar İttifaqına qəbul olunmadım. Yaşıdlarım, o cümlədən Toğrul çoxdan bu ittifaqın üzvü idilər. Həm də bu vaxt ittifaqın üzvlərinə ev paylayırdılar. Mənim evim yox idi, ailəmlə anamgildə ikiotaqlı mənzildə yaşayırdıq. Yoldaşımla qızımdan başqa həmin mənzildə qardaşım və bacım olurdular. Yadımdadır, 28 mənzil üçün növbədə ittifaqın 150 üzvü dayanmışdı. Səttar Bəhlulzadə Əmircanda yaşadığından Bakıda ona verilən mənzildən imtina etdi və ittifaqın rəhbərliyindən mənzilin mənə verilməsini xahiş etdi. Beləliklə, bu ikiotaqlı mənzilə mən köçdüm. Qonşularım rəssamlar Maral Rəhmanzadə, Ağalar Abdullayev, Cahangir Rüstəmov və başqaları idi.

Həmin vaxt Rəssamlar İttifaqının qurultayı da keçirilməli idi. O zaman qurultay çox yüksək səviyyədə keçirilirdi. Moskvadan SSRİ Rəssamlar İttifaqının birinci katibi Sergey Gerasimov və başqa çox yüksək vəzifəli şəxslər gəlmişdilər. Rəssam Mikayıl Abdullayev SSRİ Rəssamlar İttifaqının Zaqafqaziya üzrə katib idi. Qurultayda Rəyasət Heyəti seçilməli idi. Ətrafımda çox sanballı adamlar əyləşmişdilər. Gizli səsvermə başlandı. İttifaqın bütün üzvləri bir-biriylə dalaşıb siyahılardan adlarını pozdular. Rəyasət Heyəti tamamilə işdən kənarlaşdırıldı. Nəticədə Rəssamlar İttifaqının sədri vəzifəsinə Nizami surətinin yaradıcısı Qəzənfər Xalıqov seçildi. Mən isə gözləmədiyim bir məqamda yaradıcı məsələlər üzrə sədr müavini vəzifəsinə təyin etdilər. Rəyasət Heyətinə Asəf Cəfərov, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev və Baba Əliyev seçdilər. İttifaqın keçmiş sədri Məmmədağa Tərlanov isə məsul katib vəzifəsinə təyin edildi. Beləliklə, Rəssamlar İttifaqının bütün rəhbərliyi dəyişdi. Bir müddət sonra Qəzənfər Xalıqov da işdən kənarlaşdırıldı, onun vəzifəsi mənə həvalə edildi. Daha sonra mənə Rəyasət Heyətinin toplantısını keçirməyi tapşırıb günün gündəliyini təqdim etdilər. Burada deyilirdi ki, Məmmədağa Tərlanovu məsul katib vəzifəsindən azad etmək lazımdır. İclasda Məmmədağanın özü yox idi. Həmin vaxt yazıq, deyəsən, Şəhər Komitəsində rəssamlarla bağlı hansısa ciddi məsələləri həll edirdi. Tərlanovun işdən azadolunma məsələsini özü olmadan həll etmək istəmirdim. Məsələni sona saxladım. Əvvələ isə gənc rəssamların ittifaqa qəbul olunması məsələsini saldım. Əslində, vaxtı udmaq istəyirdim. Bir azdan Məmmədağa gəldi, əyləşdi. Məmmədağa ilə bağlı məsələyə başladım və yanımda oturan heykəltəraş Cəlala dedim: “Cəlal, düzünü de, sədr olmaq istəyirsən?”. Cavab verdi ki, yox. Elbəyə müraciət etdim: “Elbəy, bəs sən sədr olmaq istəyirsən?”. O da cavab verdi ki, yox, istəmirəm. Başqalarından soruşdum: “Asəf, Toğrul, sizin sədrlik etmək istəyiniz varmı?”. Dedilər nə danışırsan, əlbəttə, yox. Dedim ki, bilirsiniz, mən də sədr olmaq istəmirəm...

Buna görə də belə bir təklifim var: gəlin Rəssamlar İttifaqının katibi vəzifəsinə yenidən Məmmədağa Tərlanovu seçək. Yəni, hər şeyi öz bildiyim kimi tərsinə etdim. Axı Məmmədağa həqiqətən bu vəzifəyə layiq idi. Görün nə dərəcədə saf və dürüst adam idi ki, bu iclasın onu işdən azad etmək üçün keçirildiyini belə hiss etməmişdi. Mənim təklifimdən sonra Məmmədağa ayağa qalxdı və 40 dəqiqə ərzində fikirləri, gələcəkdə ittifaqda görüləcək işlər barədə danışdı. Nəticədə zalda oturan hamı bir nəfər kimi əlini qaldırıb onun namizədliyinə səs verdi. Məmmədağanı vəzifədən azad etmək istəyən bir neçə nəfər isə suyu süzülə-süzülə iclası tərk etdi. Bütün bunlardan xəbərsiz Məmmədağa yeni layihələrdən danışdı. O, həddindən artıq sadəlövh və təmənnasız adam idi. Bilirsiniz, vaxtilə hətta ona palto, kostyum alırdım. Onunla bir neçə il işlədik. 1962-ci ildə məndən başqa bütün Rəyasət Heyətini işdən kənarlaşdırdılar. İlin axırlarında keçirilən bu qurultaydan sonra köhnə heyətdən ittifaqda yalnız mən qaldım. Yeni adamlar gəldilər. Anlayırdım ki, burada qalmağım çoxlarının ürəyincə deyil.

Özümə çox gərgin iş rejimi qurmuşdum. Dayanmadan çalışırdım. Həmin vaxt mənə yeni 3 otaqlı mənzil verdilər. Yeni evimizdə qonşularımız rəssamlar Səttar Bəhlulzadə, Tağı Tağıyev, xalçaçı Lətif Kərimov kimi tanınmış şəxsiyyətlər idilər. 1964-cü ilin 25 martında ikinci qızım Aydan dünyaya gəldi.

60-cı ildə bəstəkar Qara Qarayevin portreti üzərində işləməyə başladım. Bu işə çox ciddi yanaşırdım. Portretə başlamazdan bir il əvvəl Qarayevin “İldırımlı yollarla” baletinin məşqlərində iştirak edib bəstəkarın daxili aləmini, onun düşüncələrini anlamağa çalışırdım. İşə başlamamış bəstəkarla oturuşu, portretin rakursu haqqında danışdıq. O, yalnız xüsusi mərasimlərdə geyindiyi ağ sviterin ilə royalın qarşısında oturub çənəsini əllərinə dirədi. Anladım ki, lazımi poza tapılıb. Çox illər sonra dahi rus bəstəkarı Dmitri Şostakoviçlə təsadüfən görüşəndə o, tələbəsi olan və xətrini çox istədiyi Qara Qarayevin portretini bəyəndiyini söylədi.

- Qızınız Aydan da gənc nəslin nümayəndələrindəndir. Onun sənətindən razısınızmı?

- Aydan mənim tələbəm olub. 19 il onun oxuduğu Surikov adına institutda sənət emalatxanasının rəhbəri olmuşam. Burada da qızıma dərs demişəm. İndi Aydan Moskvada çox tanınan bir qalleristdir. O, yeni adlar, istedadlar aşkar etməklə məşğuldur. Aydanın qallereyasında əsərlərini nümayiş etdirmək çoxları üçün şərəfdir. Özü çox ciddi və işgüzardır. Bu yaxınlarda yubileyim münasibətilə mənim sərgimi təşkil etdi. Burada son yeddi rəsm əsərimi, o cümlədən Mstislav Rostropoviçin portretini nümayiş etdirdi. Bu portretin də, öz növbəsində, çox maraqlı bir yaranma tarixi var. Rostropoviç Bakıda olarkən rəsmini çəkmək haqqında istəyimi ona bildirdim. Razılaşdı və “Sabah gedirəm. Gəlin elə səhər saat 7:30-da görüşək və işə başlayaq”, - deyə təklif etdi. Sübh tezdən musiqiçinin yaşadığı otelə gəldim. Aşağıda məni mühafizəçilər saxladılar və 15 dəqiqə onların mənasız sorğu-suallarına cavab verməli oldum. Musiqiçinin yanına gələndə o “Gecikirsiniz”, sonra isə “Mən də bütün gecəni yatmayıb yığışmışam. Saat 11-də prezidentlə görüşməliyəm”, - dedi. Sonra Rostropoviç nəyisə axtarmağa başladı. Bütün otağı ələk-vələk etdi, çemodanları tökdü, kağızları qarışdırdı. Çaşqınlığını görüb ona kömək etməyə başladım. Sonra Fatma xanım Abdullazadə gəldi. O da axtarışlara qoşuldu. Özümüz də bilmirdik ki, nəyi axtarırıq. Bir azdan məlum oldu ki, Fransanın prezidenti Şirakdan gələn çox vacib bir faks kağızı itib. Demə, xadimə onu lazımsız kağız kimi zibilə tullayıbmış. Yaxşı ki, tapıldı. Musiqiçinin əşyalarını təzədən bağlamalara yığdıq. O səhər Rostropoviçin portretinin eskizini işlədim. Onun əsasında da iri bir rəsm əsəri yaratdım. Sonra Rostropoviç eskizin üzərində: “Əzizim Tahir, istedadına görə çox sağ ol! Sənin Slavan” sözlərini yazdı.

# 2979 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #