İlk Azərbaycan serialını çəkən rejissorumuz 90 yaşında

İlk Azərbaycan serialını çəkən rejissorumuz 90 yaşında
6 fevral 2017
# 10:21

Bu gün Azərbaycanın xalq artisti, görkəmli kino xadimi Lütfi Məmmədbəyovun 90 yaşı tamam olur. Kulis.az görkəmli sənət adamının həyat və yaradıcılığı haqqında yazını təqdim edir.

O, sadəcə olaraq populyar deyildi, o, sevilirdi. Onun müxtəlif teatrlarda yaratdığı obrazlar, quruluş verdiyi tamaşalar, rejissoru olduğu radio və televiziya tamaşaları, müxtəlif filmlərdə oynadığı rollar, çəkdiyi telefilmlər ona geniş tamaşaçı rəğbəti qazandırmışdı.

O, ciddi, düşünən, özünə qarşı çox tələbkar olan sənətkar idi. Eyni zamanda səmimiyyəti, alicənablığı, insanlarla tez ünsiyyətə girməsi ilə fərqlənirdi. Ən başlıcası isə yorulmaq bilməyən fəaliyyəti ilə öz doğma Vətəninə, xalqına məhəbbətlə xidmət edirdi.

Haqqında söhbət açdığımız görkəmli teatr və kino sənətkarı, Azərbaycanın xalq artisti, aktyor və rejissor Lütfi Məmmədbəyovdur.

Lütfi Məmmədbəyov istedadlı sənətkar, teatr və kinonun əsl ustası idi. Sənətə olan böyük məhəbbəti ilə özünə əbədilik qazanmışdır.

Lütfi müəllimin yaradıcılıq bioqrafiyasından danışmazdan əvvəl onun həyat tarixçəsinin səhifələrini gəlin birlikdə vərəqləyək.

L.Məmmədbəyov əslən şamaxılıdır. 1902-ci ildə Şamaxı zəlzələsindən sonra bu nəsil ölkənin müxtəlif bölgələrində məskunlaşmışdır. Onun ata babası Cahangir bəy Məmmədbəyov Şamaxının say-seçilən bəylərindən olmuşdur. Qəribə də olsa Lütfinin atası Şahbaz bəy komissar olduğu üçün bəylərə qarşı mübarizə aparmışdır. O, hətta sovet hökumətinin ilk illərində necə deyərlər, banditlərə, qolçomaqlara qarşı vuruşmuşdur.

Günlərin birində soyadı qara siyahıya düşən bir nəfəri həbs etmək üçün Şahbaz bəy onun evinə gedərkən həyətdə gözəl qızla rastlaşır. Heç bir şey barədə fikirləşmədən Gülarə adlı bu qızı götürüb Şamaxıya qaçır. Sonra onlar Bakıya gəlib ailə qururlar. Gülarə xanım valideynlərini görmək üçün Ağdaşa gələrkən Lütfi 1927-ci il fevralın 6-da burada dünyaya göz açır. Bir neçə ildən sonra kiçik uşaq-Hamlet anadan olur.

Atasını erkən vaxtlardan itirən Lütfi ailəyə kömək məqsədilə 14 yaşı tamam olanda işləməyi qərara alır və Əmircandakı mədəniyyət evində səhnə fəhləsi olur. Ailədəki çətinliklərə baxmayaraq, L.Məmmədbəyov 1946-cı ildə Bakı Teatr Texnikumunun aktyorluq şöbəsini, 1968-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirir.

O, uşaqlıqdan həvəs göstərdiyi səhnə fəaliyyətinə Bakı Mərkəzi Pionerlər Sarayında başlayır və burada dram dərnəyinə rəhbərlik edir. 1947-ci ildən bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyir, 1949-cu ildə bu teatr müvəqqəti olaraq bağlandıqdan sonra L.Məmmədbəyov Gənc Tamaşaçılar Teatrının truppasına işə götürülür.

Bundan sonra gənc aktyor fəaliyyətini Gənc Tamaşaçılar teatrında davam etdirir. Burada o. A.Qurbanov, Ə.Ağayev, F.Şərifova, Y.Vəliyev, S.Ələsgərov kimi sənətkarlarla birlikdə səhnəyə çıxır, onlarla tərəf müqabil olur, tamaşalarda oynayır, bir-birindən maraqlı surətlər yaradır.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azər Paşa Nemətov uşaqlıq illərini belə xatırlayır: “Mən Lütfi Məmmədbəyovu ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində görmüşəm. O, Məlikməmmədi, Yaşarı oynayırdı. Elə o vaxtdan da mənim xəyallarımda qəhrəman kimi qalıb.”

L.Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik edirdi. 30 ildən sonra xalq teatrı statusu alan bu dərnəkdə o, Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmiş, oğlan və qızlara aktyor ustalığını öyrətmişdir. Onun yetirmələri arasında Həsənağa Turabov, Yaşar Nuri, Rafiq Əzimov, Siyavuş Aslan, Tariel Qasımov, Mərahim Fərzəlibəyov, Məleykə Əsədova kimi xalq artistləri vardır. Həmin aktyorlar sonralar bu dərnəkdən pərvazlanaraq, teatr və kino sahəsində öz fəaliyyətlərini uğurla davam etdirmişlər. Hətta bu xalq teatrı o qədər məşhur olmuşdur ki, sənətkarın sağlığında teatr el arasında “Lütfi Məmmədbəyov teatrı” adlandırılmışdır.

Azərbaycan xalq artisti Tariel Qasımov bu sənət ocağına ilk gəlişini belə xatırlayır: “Lütfi müəllimin dərnəyinə yeniyetmə yaşlarında gəlmişəm. O, teatrda elə bir isti mühit yaratmışdı ki, kollektiv böyük bir ailəni xatırladırdı. Lütfi müəllim isə bu ailənin atası idi. Bu gün mən həmin teatra gəlməyimə, təcrübə toplamağıma, aktyor ustalığına yiyələnməyimə heç də təəssüf etmirəm. Biz gənclər onun böyük istedadına hörmətlə yanaşırdıq, onunla fəxr edirdik. Bizim əsas məqsədimiz gözəl obrazlar yaratmaq, müəllimimizin etimadını doğrultmaq idi.”

Dövrümüzün böyük sənətkarı, Xalq yazıçısı Elçin çıxışlarının birində bu məsələ ilə bağlı demişdir: “Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Xalq Teatrı Azərbaycana çox böyük, gözəl sənətkarlar verdi. Ömrünün son illərində də bu istiqamətdə fəaliyyətini davam etdirirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor kimi gənclərə sənətin sirlərini öyrədirdi.”

Azərbaycanın xalq artisti Rasim Balayev isə L.Məmmədbəyovun xalq teatrındakı işini belə xatırlayır: “Hamı Lütfi müəllimin dərnəyinə gedib sonra ali məktəbə daxil olurdu. Mən isə əksinə, instituta girib sonra onun dərnəyinə getmişəm. Buna görə məni çox qınayırdılar. Amma onun çəkdiyi televiziya tamaşalarında oynamağımın mənim üçün böyük xeyri oldu.”

Gənc Tamaşaçılar Teatrında işgüzarlığını, sənətə vurğunluğunu, istedadlı aktyor olduğunu görən Dövlət Dram Teatrının rejissorları 1961-ci ildə Lütfi müəllimi bu teatrda işləməyə dəvət edirlər. L.Məmmədbəyov bu böyük səhnədə də rollar ifa edir, özü də tamaşalara quruluş verirdi.

L.Məmmədbəyovun həyat yoldaşı Sevil xanım Lütfi müəlliminin əməksevərliyi, sənətə bağlılığı barədə danışarkən demişdir: “Lütfi zəhmətkeş insan idi. Gündəlik işlərini görüb qurtarmamış yatmazdı. O, teatrda məşqdə olur. Məşqdən gündüz saat 2-də çıxıb, Azərbaycan Dövlət televiziyasına gedirdi. Orada da məşqlərini edib, başçılıq etdiyi Xalq teatrına yollanırdı. Tamaşalarda çıxış etdiyi üçün axşam saat 7-də yenidən Akademik Milli Dram Teatrına qayıdırdı. Evə demək olar ki, gecə saat 11-də, bəzən 12-yə işləmiş gəlib çıxırdı...”

Xalq artisti L.Məmmədbəyovun televiziyada və kinodakı fəaliyyəti də çox gərgin keçirdi. Televiziyada o, “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Vicdanla üz-üzə”, “Yad qızı” kimi televiziya tamaşalarının rejissoru olub.

L.Məmmədbəyovun kinoda oynadığı iri və kiçik rollar da yaddaqalandır. Onun kinoda ilk işi 1955-ci ildə çəkilmiş “Bəxtiyar” musiqili kinokomediyasındakı Həbib surətidir. Həbib SSRİ xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun yaratdığı Bəxtiyarın dostudur. Uşaqlıqdan bir yerdə böyümüş bu dostlar gənclik illərində də bir-birilərindən ayrılmırlar. Bəxtiyar çətinliyə düşəndə də, xoş günlərində də Həbib onun yanındadır. Aktyor L.Məmmədbəyov Həbibin simasında etibarlı, çətin anda dostunun başının üstünü kəsdirən, onun işinə yarıyan bir xarakter yaratmışdır. Bu personaj özünün fəallığı, diribaşlığı, sözünün kəsərliliyi ilə yadda qalır.

1956-cı ildə istehsal olunmuş məşhur “O olmasın, bu olsun” musiqili kinokomediyasında da L.Məmmədbəyov dost rolunda oynayır. Filmin baş qəhrəmanı Sərvər Gülnazı sevir. Lakin Gülnazın atası Rüstəm bəy qazanc əldə etmək üçün qızını qoca baqqal məşədi İbada ərə vermək istəyir. Sərvərin dostları, o cümlədən L.Məmmədbəyovun ifa etdiyi gimnazist tədbir töküb Gülnazı Sərvərlə evləndirirlər. Dostlar bu həyati əhəmiyyətli işi uğurla yerinə yetirdiklərinə görə necə də sevinirlər.

“Bəxtiyar” filmində olduğu kimi, “O olmasın, bu olsun” kinokomediyasında da L.Məmmədbəyovun personajı hadisələrin Sərvərin, yəni dostunun xeyrinə həll olunmasında əməlli-başlı canfəşanlıq edir və istədiyinə nail olur.

Dostlardan fərqli olaraq, L.Məmmədbəyovun 1957-ci ildə istehsal olunmuş “Qızmar günəş altında” kinopovestində yaratdığı briqadir Xəlil obrazı əvvəlkilərdən bir qədər fərqlənir. O, ordudan tərxis olunduqdan sonra əsgər paltarını dəyişmədən belə kənddə təsərrüfat işlərində çalışır. Əgər əvvəlki filmlərdə Lütfi müəllimin personajları dostlarının xoşbəxtliyi üçün öz insanlıq borclarını yerinə yetirirdilərsə, bu filmdə briqadir Xəlil bir vətəndaş kimi bütöv bir kolxozun inkişafı naminə işləyir, öz təşkilatçılıq bacarığı ilə başqalarına nümunə olur.

L.Məmmədbəyov özünün istedadını, teatr və kino ustası olduğunu baş rolda çəkildiyi “Səhər” tarixi-inqilabi filmdə bütün əlvanlığı ilə göstərə bilmişdir.

“Səhər” bədii filmi 1960-cı ildə yazıçı M.Hüseynin eyni adlı romanının motivləri əsasında yaradılmışdır. Filmdə 1905-1907-ci illərdə Bakıda baş verən inqilabi hadisələrdən söhbət açılır.

Aktyor bu filmdə siyasi hadisələrin burulğanına düşən, bolşeviklərin yağlı vədlərinə inanıb inqilabçılarla birgə azad və firavan həyat uğrunda mübarizə aparan neftçi fəhlə Aslan rolunda oynayır. Atası Pirəli kişinin etirazına baxmayaraq Aslan fikrindən dönmür, neft mədənlərində fəhlələrin mitinq keçirmələrində, inqilabi vərəqələrin yayılmasında fəal iştirak edir.

Filmdə Aslanla bağlı ikinci bir xətt də vardır. Bu, Aslanla Sevdanın məhəbbət tarixçəsidir. Həmin lirik xətt filmdə ən maraqlı səhnələrdən biridir. Növbəti dəfə Sevda ilə görüşən Aslan həyatının ən xoşbəxt anlarını yaşayır. L.Məmmədəyov həmin gəncin xoşbəxt anlarını, şən və qayğısız dəqiqələrini ustalıqla ekranda canlandırır. O, necə də xoşbəxtdir. Lakin bu xoşbəxtlik çox da uzun sürmür. İnqilabi hadisələrdə iştirakına görə Aslan məşhur “Mənim adım Aslandır” mahnısını oxuya-oxuya evə qayıdarkən Abuzər bəy tərəfindən güllə ilə qətlə yetirilir. Aktyor qəhrəmanının ölüm səhnəsini də təbii və inandırıcı şəkildə oynayır.

Bundan sonra Lütfi müəllim daha iki bədii filmdə çəkilmişdir: “Leyli və Məcnun” və “Sehirli xalat”.

Dahi Azərbaycan şairi M.Füzulinin eyni adlı əsərinin motivləri əsasında 1961-ci ildə yaradılan “Leyli və Məcnun” film-dastanında L.Məmmədbəyov aktyor həmkarı M.Cənizadə ilə birgə kiçik bir epizodda rol almışlar. Onlar qaçmamaq üçün bir-birinə bağlanmış zənci qullar qiyafəsində filmə çəkilmişlər. Tacir bu qulları satmaq üçün bazara çıxarır. Məcnun bazarda qulları görüb onları azad etdirir.

Hər iki aktyor bundan əvvəl “Bəxtiyar” və “O olmasın, bu olsun” filmlərində də birlikdə çəkilmişdilər.

1964-cü ildə macəra janrında yaradılmış “Sehirli xalat” bədii filmində məşhur illüzionist İo-Kionun köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Pionerlərdən Rəşad və Zərifə İo-Kionun sehrli xalatı vasitəsilə kosmik gəmidə Aya səyahətə çıxarkən uşaqları Əli müəllim müşayiət edir. Bu rolu filmdə L.Məmmədbəyov oynayır. Rəşid və Zərifə bizim günlərdən gələcəyə birdən-birə düşdükləri üçün gördükləri hər şey onları heyrətləndirir. Buna görə də onlar gəmidəki gələcəyin uşaqlarında gülüş doğururlar. Lakin Əli müəllim - L.Məmmədbəyov Rəşid və Zərifəyə gördüklərini tələsmədən, sakitcəsinə başa salır, izah edir. Aktyor bu səhnədə əsl pedaqoq kimi çıxış edir.

L.Məmmədbəyov respublikamızda televiziya serialları çəkən ilk rejissordur. O, birinci dəfə 1993-cü ildə tanınmış yazıçı-dramaturq Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında on iki seriyalı filmə quruluş vermişdir. Bu film hər dəfə televiziya ekranlarında nümayiş etdiriləndə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

Filmdə rejissor işi və aktyor oyunları diqqəti cəlb edir. Burada baş rolu (Əfsanə) xalq artisti Məleykə Əsədova oynamışdır. Bu gözəl əfqan qızının obrazını aktrisa ustalıqla yaratmışdır. Filmə baxarkən hiss edirsən ki, aktyorlar kamera qarşısında öz qəhrəmanlarının həyatını yaşayırlar. Əlbəttə, bu məsələdə rejissorun əməyini xüsusilə qeyd etmək lazımdır.

Bundan sonra altı seriyalı “Dodaqdan qəlbə” (1998), yenə də altı seriyalı “Yağışdan sonra” (1998) televiziya seriallarını çəkib, tamaşaçıların ixtiyarına vermişdir. Lütfi müəllim 1953-1976-cı illərdə filmlərin Azərbaycan dilinə dublyaj olunmasında bir aktyor kimi də iştirak etmişdir.

Lütfi müəllimin həyat yoldaşı Sevil Məmmədbəyova rejissorun seriallar üzərində necə işləməsi barədə mətbuata verdiyi müsahibələrinin birində demişdir: Son illər teatrda maliyyə çətinliyi oldu. İncəsənətə lazımi qədər pul ayrılmırdı. Elə problemli illərdə Lütfi Azərbaycanda ilk serialları – “Dodaqdan qəlbə”, “İtgin gəlin” və digər serialları çəkirdi. Sonralar həmin seriallar ekrana çıxanda irad tutanlar çox oldu. Dedilər ki, yaxşı səsləndirilməyib, küləyin səsi, yarpaqların xışıltısı eşidilir... Bu cür söhbətlər Lütfiyə də gəlib çatırdı, əsəbiləşirdi. Ona görə yox ki, tənqidə qarşı həddindən artıq dözümsüzüydü, yaxud söylənilən iradlar həqiqətdən tamamilə kənarıydı. Əlbəttə, nöqsanlar var idi. Ancaq demək asandır. O qədər çətinliklərlə, maddi cəhətdən imkansızlıqlarla film çəkmək rejissordan sənətinə çox böyük maraq, sevgi, dözüm tələb edir. Lütfi elələrinə belə cavab verirdi: “Bunlar Azərbaycanın ilk çoxseriyalı filmləridir. Mən bunu bacardım. Başqaları daha yaxşısını etsinlər.” Əslində, o belə söyləməklə özünə haqsızlıq edirdi. Çünki onların hansı əziyyətlərin bahasına ərsəyə gəldiyini yaxşı xatırlayıram. Nəinki pul ayrılmırdı, heç Lütfiyə kinokamera da vermirdilər. Aktyorlar sağ olsunlar, hamısı könüllü, sevə-sevə çəkilir, zəhmət haqqı istəmirdilər. Çəkilişə lazım olanları - kamera, maşın, rekvizit isə evimizdən gedirdi. Hamısını öz əllərimlə bir yerə yığırdım, yemək hazırlayıb göndərirdim...”

Görkəmli sənətkar, Azərbaycanın xalq artisti, rejissor və aktyor Lütfi Məmmədbəyov 2004-cü il fevralın 1-də 77 yaşında insult keçirərək vəfat etmişdir. Bütün var qüvvəsini və bacarığını Azərbaycan incəsənətinin inkişafına sərf edən L.Məmmədbəyovun xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Onun çoxşaxəli zəngin yaradıcılığı və mənalı həyat yolu gənc nəsil üçün bu gün də örnək olaraq qalır.


Aydın Kazımzadə

azadinform.az

# 1639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #