Vaqif Səmədoğlunun qəbrinə ayaqqabı qoyan qız danışdı

Vaqif Səmədoğlunun qəbrinə ayaqqabı qoyan qız danışdı
30 yanvar 2015
# 15:37

Xalq Şairi Vaqif Səmədoğlunun qəbrinə bir cüt ayaqqabı qoyan gənc yazar Lamiyə Mərdan gsr.fm-ə verdiyi açıqlamada şairi necə tanımasından danışıb.

Yazar deyib ki, zövqünün formalaşdığı illərdə onu Emin Sabitoğlunun bəstələrindən, Flora xanımın, Xədicə Abbasovanın səsindən tanıyıb: “Vaqif Səmədoğlunu polyak qızına yazdığı sözlərlə, “Salam, ata” şeirində yaratdığı portretlə kəşf etdim özümçün. Nizami küçəsində ara-sıra şəhərimizdə hər an rastlaşa bilməyəcəyimiz gülərüz, ağ saç, filmlərdən çıxmış kimi simasını görürdüm. Bu ölkədə neçə dənə kəpənək qalstuk, araxcın taxan baba var ?! Dünyanı yeni tanımağa başlayan gənc üçün belə insanların mövcudluğu almaz tapmış qədər dəyərli olur”.

Lamiyə Mərdan Vaqif Səmədoğlunun Kulis.az-a verdiyi müsahibədən də danışıb: “Dövrü mətbuatda müsahibələri çıxdıqca oxuyurdum. Bir müsahibəsində deyirdi, gözəl xanım dünya siyasətindən qat-qat maraqlıdır. Onun incə zarafatları, həyat yoldaşı haqqında olan suallara cavabları, dostları ilə bağlı xatirələrini oxuduqca sevinirdim. Həqiqətən də, nə yaxşı ki, Azərbaycanın qızıl gəncliyinə təsadüf etmiş insanların həyatlarının son illərini belə olsa görmək, onlarla eyni küçələrdə gəzmək mənə də nəsib olub. Çünki elə bir böhran dövrünün gəncləriyik ki, saatlarca haqqında danışa biləcəyimiz yerli film, sevgilinlə gəzdiyin küçələri yadına salacaq musiqi, səs, söz inci qədər çətin tapılır, hətta sözün düzü heç tapılmır.

Onların gəncliyi isə xəzinə kimidir. Sevgilimlə Azərbaycan ədəbiyyatından bəlkə də ən çox oxuduğumuz şeirlər, dinlədiyimiz musiqilər onun sözlərinə bəstələnmiş olanlardır. Olduğum yerdən geriyə baxanda ən gözəl xatirələrin fon musiqisi onun sözləridir”.

Yazar Vaqif Səmədoğlunun qəbri üstə ən sevdiyi ayyaqbılarını qoyub: “Oktyabr ərəfəsində yazdığı bir şeirini oxumuşdum. Xəstə olduğunu bilirdim, ağrılarından qurtulmaq istədiyini yazırdı. Yanvarın 28-i ölüm xəbərini oxuyanda, anladım ki, çox böyük bir tarixin bitiş nöqtəsinə çatmağımıza lap az qalır və bütün bunları canlı görürük. Ağrılarından azad olmuşdu, ancaq məni gün boyu narahat edən bir nüans vardı. Şairin 1963-cü ildə ölümə bu qədər uzaq, bəlkə də bir o qədər də yaxınkən yazdığı bu misralar:

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin.

Ən sevdiyim ayaqqabılarımı çıxartdım qutusundan.

Ölümündən öncəki müsahibələrindən birində də “hər kəsi yasıma dəvət edirəm” demişdi. Bu cümləni qura bilmək üçün insan həyatını o qədər dolu-dolu yaşamalıdır ki, ölümün gözünə gülərək baxa bilsin. O baxa bilmişdi. Özümü borclu hiss edirdim. Ən sevdiyim ayaqqabılarımı çıxartdım qutusundan, hansı ayaqqabı ki, sevgilimdə də eynisindən vardı. O ayaqqabılar mənimlə uzaq yaşıl adalara getməsə də, ən sevdiyim şəhərləri gəzmişdi. Polşadan olan qatar yoldaşımla Emin Sabitoğlu dinləyərək uzun yol getmişdi, hekayəsi, doğmalığı vardı”.

Yazar ayaqqabıları ora qoymağa icazə verilməyəcəyindən qorxurmuş: “Ayaqqabıları heç tərəddüd etmədən dəfn mərasiminə apardım. Gün boyu çox fikirləşdim. Ayaqqabıları ora qoymağa icazə verərlərmi, qolumdan kimsə tutub “nə edirsən a bala?” deyərmi. Bütün reaksiyaları nəzərə alaraq bunu etdim.

Vaqif Səmədoğlunun misraları kağızda qalmamalıydı. İşin mahiyyəti daha önəmlidir. Bəzi insanlar doğrudan da ölmür, sözlərdə, alqışlarda, iki sevgilinin ən xoş anında, bir xəstənin ümid dolu baxışında yaşayır. O ayaqqabılar kimin üçün isə önəmsiz ola bilər. Bəlkə də timsah dərisindən deyil lakin, hekayəsi və dəyəri var. Ayaqqabılar sadəcə simvol idi, bəlkə , bəlkə , bəlkə də heç o ayaqqabıları ayağıyalın kimsə geyinib getməyəcək, mənimçün şeirin hərfi mənasından çox həyatıma qatdıqları önəmlidir. Öz adıma düşünürəm Vaqif Səmədoğluya ən böyük heykəli yarada bildim”.

# 1237 dəfə oxunub

Müəllifin son yazıları

# # #