Aclıqdan intihar edən iki aktyora ehtiram nümayişi

Aclıqdan intihar edən iki aktyora ehtiram nümayişi
4 iyul 2019
# 12:34

Kulis.az teatrşünas, telejurnalist Vəli Əkbərin “Şarpantye, musiqini ver!…buyurun teatra” yazısını təqdim edir.

***

Sözün hər iki mənasında teatrların rampasının endiyi bir vaxtda əyalətdə Molyerə və teatra yenidən vurulmaq bir eşq hadisəsidir. Bu eşqin ahəngi, işığı bütün səhnəni və zalı da öz ağuşuna almışsa, gəl tamaşa elə!

***

Həyat tamaşasının finalı isə ölümdür. Ölüm ən sonuncu həqiqətdir ki, insan onun dərkinə varsa da, varmasa da təslim olmaq zorundadır. Amma son nəfəsində belə, ömrü hansı əqidə üçün yaşadığını bilmək məncə, bir ayrı zövqdür.

***

Zövq aldığın hər nəysə, o səni ayaqda tutur. Dostları və şəyirdləri onun sonuncu tamaşa zamanı səhnədə yer almasını istəmirdilər. Buton (aktyor Rəşad Rüstəmov), Laqranj (aktyor Rəhim Qocayev) tərəddüdlər içərsindədirlər. O isə səhnəyə çıxmağa israrlıdır. Çünki o, Molyerdi (aktyor Xanlar Həşimzadə). Bu son gözlənti, son ümid, qu quşunun son nəğməsi olacaqdı…

Və amiranəliklə:

- Şarpantye, musiqini ver!

***

Musiqi bizə sözün deyə bilmədiklərinə pıçıldamağa qadirdir və o bizi haralara aparmır...

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında J.B.Molyer “Vasvası xəstə” M.Bulqakovun “Molyer” əsərləri əsasında hazırlanan "Xəstəlik Xəstəsi və ya Yaşasın Teatr" adlı ikihissəli tragifarsının premyerasıdan əvvəl tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli ilə söhbətimiz düşündüm ki, o qədər də alınmadı. Rejissorun həyacanlı tavırları mənə də sirayət etmiş oldu və söhbəti axarına buraxdım...

Molyer Şəki Teatrının səhnəsini üçüncü dəfə fəth edəcəkdi. 1673-cü ilin fevralın 17-də səhnəylə vidalaşan Yan Batistin 2019-cu ilin iyunun 22-də Azərbaycanın əyalət teatrında nə işi vardı? Tamaşanın aktuallığı hardan doğurdu?

Teatrın baş rejissoru Mirbala Səlimli əvvəlcə Molyer haqqında maraqlı faktları xatırlatmaqla M.Bulqakovun və Kristof Morinin onun haqqında yazdıqları dahiyanə əsərlərdən sitat gətirdi. Fikirlərimizi Molyerin son durumu və böyük insanın bizə təslim etdiyi irsi üzərində fokuslandı. Və o Molyerə ki...

***

Molyer 51 yaşında xəyanətkar sevgilisi tərəfindən tərk edilmiş və ağır xəstəlik onu tam əldən salmışdı. Hakimiyyət tərəfindən də sıradışı edilmiş dramaturqun əzabları birə-beş artmışdı. Bir zamanlar Fransa cəmiyyətinin və hakimiyyətinin sevimlisi olan Molyerin sonuncu əsəri olan “Vasvası xəstə” Arqan rolunda onun ifası ilə dördüncü dəfə nümayiş olunacaqdı. Amma, söz verməsinə baxmayaraq, Fransanın hakimi-mütləqi XIV Lüdovik zalda görünmürdü.

***

Görünənsə o idi ki...

Jan Batist Molyer bir vətən fədaisi, teatr xəstəsi idi. Onun sonuncu əsəri olan “Vasvası xəstə” komediyası (fars) isə XVII əsr Fransa cəmiyyətində tibb sahəsində baş alıb gedən şarlatanlığı ifşa edirdi. Əslində, Jan Batist bu əsərində sətiraltı olaraq çürüməkdə olan Fransa cəmiyyətini və idarəetmə sistemini göstərməyə çalışmışdı. “Vasvasi xəstə” əsərindəki epitaf baş qəhrəman Arqanın timsalında aşırı vasvasılığa uğramış Fransa zadəganlığının, Purqon isə idarəetmə metodologiyasının yarıtmaz təzahürü idi. Amma bütün nikbin sonluqlarla bitən əsrlər kimi, burda da xalq-eşq tandemi qalib gəlir. Bu da müəllif tərəfindən arzulanan ədalət və təbiətin harmoniyası idi.

***

Harmoniya isə təkcə müsbət anlamda olmur, xaosun özünün də bir nizamı var.

Mirbala Səlimli ilə Fransa cəmiyyətində arqanlar və purqonların utilizasiya prossesinin Molyer tərəfindən başlandığını təhlil edərkən bir sual yarandı: rejissor əsəri günümüzə daşıyarkən hansı xəttə üstünlük verib, indi bizdə kimlər daha çox roldadır, arqanlar yoxsa, purqonlar? Usta sənətkar sualı açıq şəkildə saxlayaraq, tamaşanın həm də Şəki Teatrının 140 illiyinə töhfə olduğunu qeyd etdi. Belə bir yubiley yaşına biz kiçik əsərlə çıxa bilməzdik:

- Teatr cəmiyyətimizin əhəmiyyətli parçasıdır. Əsərdəki cəmiyyət və hakimiyyət, zaman və məkan, sənət və məişət münasibətləri həmişə aktualdır. Günümüzün teatrı da hər zaman yaşadığı çətinliklərdən xali deyil. Amma bütün zamanlarda janbatistlər tapılır və onlar dərkolunmaz bir fədakarlıqla müqəddəs dəyərləri yaşadaraq gələcək nəsillərə ötürürlər.

Yəni, bu məqamda, yaşasın Teatr!

***

Və buyurun teatra…

- Şarpantye, musiqini ver!

Molyer-Arqan-Xanlar Həşimzadə (ontopsixoloji triyo) indi səhnədə möcüzə yaradır. Aktyorun ilk jestikulyasiyası tamaşaçıya qarmağını atmış olur. Etiraf edim ki, sonuncu dəfə səhnədə bu cür mis kimi sifətə, bütün üz əzələləri ilə ifa tərzinə, düz 25 il qabaq, Gənc Tamaşaçılar Teatrında mərhum xalq artisti Süleyman Ələsgərovun canlandırdığı obrazda şahid olmuşdum.

Əməkdar artist Xanlar Həşimzadə. Artıq söz demək istəmirəm.

Arqan Fransa zadəganlığının nümayəndəsi kimi aşırı vasvası xəstəliyi ilə ad çıxarıb. Ay ərzində kilolarla dərman yeyir, 12-18 dəfə imaləyə pul xərcləyir. Bu prossesdə onu təbdən çıxaran ancaq xərclədiyi puldur. Tamaşanın ilk konflikt faktı burdan üzə çıxır. O, məsrəfini azaltmaq üçün böyük qızı Anjelikanı həkimi Purqonun araçılığı ilə digər həkim Diafurasın oğlu Tomas Diafurasa ərə vermək niyyətindədir. Arqan kifayət qədər imkanlara sahib olsa da həm xəsis, həm sadəlövhdür. Onun bu məziyyəti gənc arvadı Belina və arvadının məşuqu olan notarius işçisi De Bonfuanın (aktyor Pərviz İsmayılov) da diqqət mərkəzindədir. Onlar ilk fürsətdə Arqanın varidatını sahib çıxmaq istəyirlər.

Arqanın səhnədə təkərlər üzərində quraşdırılmış məqamı – kreslosu da onun xarakterini özündə cəmləşdirib. Rekvizit səhnədə aktyorlara müxtəlif tryükləri icra etməyə əla imkan verməklə bərabər, Arqanın hərdəmxəyal, qeyri-ardıcıl biri olduğuna da işarə edir və onun ələ salınmasına şərait yaradır. Bu tapıntını yazaq rejissorun aktivinə.

Əsərdə digər konflikt faktı: Arqanın qızı Anjelika başqa adama, gənc Kleanta aşiqdir. Bu aşiqlik onun ögey anası Belinanın planlarına uyğun deyil. O, ərinin sərvətini ələ keçirmək üçün Anjelikanın monastra göndərmək fikrindədir. Burda Anjelikanın atasının onu həkimə ərə vermək istəyinə dirənişi qadının istəklərinə yardım edəcək alt faktlardan biridir. Belina bundan məharətlə istifadə edir və Anjelikanın atasına qarşı çıxmasını əsas götürərək, monastra gedən yolları təmizləyir. Konflikt faktları toplanaraq tamaşanı sürətlə kluminasiya nöqtəsinə aparır.

Tamaşada Arqanla (aktyor Xanlar Həşimzadə) dramatik hadisləri davamlı olaraq paylaşan qulluqçu qız, Tionetta (aktrisa Arzu Mustafayeva) aşiqlərin tərəfdarı, xalq sevgisinin daşıyıcısı kimi canlanır. Aktrisa Arzu Mustafayevanın səhnədə debütü olmasına baxmayaraq, tamaşaçı ona heyran qalmaya bilmir. Rejissorun onun üzərindəki mizanları adi tamaşaçı tərəfindən hiss olunacaq müasir şou elementlərlə zənginləşdirilib. Bu da xüsusi baxımlılıq effekti yaradır və tamaşanın uğur siyasətinin vacib hissəsini müəyyənləşdirmiş olur. Arzu Mustafayeva bu işi bəzən məhəlli ərkan və tavr, bəzən də peşəkar səhnə tələblərinə uyğun ustalıqla ifa edə bilir. Burdan da rejissorun aktivinə əhəmiyyətli bir şey əlavə etmək olar.

Səhnəyə Diafurasların gəlişi əslində, Arqanın istəklərinin nə qədər komik olduğunu, əsərin məziyyətlər üzrə əks qütblərini və Fransa səhiyyəsinin bəsit formasını ifşa edən sonuncu səhnədir. Aktyorlar Akif Yusifov, Qurban Rəsulov (ata Diafuras və oğul Tomas Diafuras) bu ifşaedici səhnəni canlandırmaqda kifayət qədər ustalıq nümayiş etdirirlər. Əsərdən və rejissordan gələn tələblər ən incə detallarına qədər icra olunaraq tamaşaçıya ötürülür. Bu məqamda Kleantın da Anjelikanı görmək arzusu ilə onun musiqi müəlliminin əvəzləyicisi rolunda daxil olması əsərdə iki xəttin mübarizəsində tamaşaçının kimin tərəfində olmasını artıq açıq-aşkar müəyyənləşdirmiş olur. Tamaşaçı öz seçimini həyata keçirərək xoşbəxt sonluğa gedən yolu görməyə başlayır. Səhnənin müzikl hissəsi burda bəzi mətləbləri də aşkara çıxarır. Arqan kütbeyin həkimlərdən fərqli olaraq məsələdən duyuq düşür. Onun arvadı Belina isə ələ keçmiş bu fürsətdən istifadə etmək fikrindədir. Arqan başını itirib, kimə inanacağını bilmir. Aktyor Xanlar Həşimzadə aktyor kimi əsərdən gələn öz dramatik yüksəlişini yaşamaqdadır. Onun artıq komik stuasiyalarla dramatik hadisələrin kəsişməsində nicat yolu kimi üz tutacağı son ümidi var. Balaca qızı Luiza (aktrisa Nuranə Mirzəliyeva). Arqan şirin qılıqlarla Luizadan bacısı və Kleant arasında olanlardan doğru məlumat almaq fikrindədir. Öyrədilmiş Luiza əvvəlcə müqavimət göstərsə də atasının mənəvi basqıları altında qalaraq həqiqəti söyləməli olur. Luizanın oyuncaq sandıqcasından çıxardığı gəlincikləri ilə fikrini izah etməsi əla fənd, tamaşaçını gərginlikdən xilas edən daha gözəl bir tapıntı idi. Gənc aktrisa Nuranə Mirzəliyevanın da debütü olan bu rol, rejissorun ciddi nəzarəti altında öz missiyasını uğurlu sonluğa çatdırır. Maryanet teatrı effektlərindən istifadə etməklə rejissor Mirbala Səlimli səhnə əsərinin ali məqsədinə xidmət edən daha bir ciddi uğura imza atır. Teatrın içində teatr! Bütün yardımçı ünsürlər isə burda məhz cana qədər işləmiş olur.

Səhnədə vəziyyət isə kifayət qədər gərgindir. Başını itirmiş Arqan affekt vəziyyətindədir. Etdiyi hərəkətlərə cavabdeh deyil. Onu öskürək boğur…

***

Onu öskürək boğur. Ciyərləri çürüməkdə olan Molyer ancaq, “Buton, pərdələri bağla”- söyləyə bilir və nəfəsini dərmək üçün səhnənin qaranlıq dərinliyinə çəkilir. Əvvəl qeyd etmədiyim, amma burda lazım olan bir nüansı diqqətə çatdırım. J.B.Molyer “Vasvası xəstə” M.Bulqakovun “Molyer” əsərləri əsasında hazırlanan "Xəstəlik Xəstəsi və ya Yaşasın Teatr" adlı ikihissəli tragifarsı əsər içində əsər tələbindən doğan teatr içində teatr formatını yarada bilmişdi. Rejissor Mirbala Səlimlinin aktivinə yazıla biləcək daha bir uğur, digər teatr janrlarından istifadə etməklə ali məqəsdi ustalıqla ortaya qoymaq bacarığı idi. Teatrın içindəki ikinci teatr isə gözəl səhnə həlli ilə üçüncü teatrı, kölgə teatrını canlandırmağa imkan vermişdi. Rejissor kölgə teatrı effektindən personajların səhnəyə daxil olması üçün də uğrla istifadə edib. Tül pərdələr arxasında fokslanmış işıqlar altında əsrarəngiz aktyor oyunu.

Hələliksə tül pərdələr arxasında Molyer-Arqan-Xanlar Həşimzadə son gücünü toplayır. Ontopsixoloji təmas, məişət və sənət aktyor Xanlar Həşimzadənin biomexanikasında o qədər parlaq görünürdü ki, tamaşaçı az qala aktyorun da xəstə olduğuna inanacaqdı.

- Şarpantye, musiqini ver!

Və qayıdın teatra…

***

Teatr içində teatrda ilk olaraq “Vasvası xəstə”nin razvyazkası başlayır.

Arqanın qardaşı Beraldın (aktyor Rəhim Qocayev) hadisələrə müdaxiləsi ilə əsərin ana xəttindəki mahiyyət üzə çıxır. Qulluqçu qız (xalq) Tionettanın təkid və yardımı əsasında bütün orta əsirlər dövrünə xarakterik xilaskar mələk obrazı, Berald düyünləri açmağa girişir. Berald obrazını yaradan aktyor, rejissor tərəfindən səhnə fakturasına görə doğru seçilmişdi. Onun revaransları həm obrazın daxili məziyyətlərini, demokratikliyini açmağa, həm də fakturanı nümayiş etdirməyə yetərli görünürdü. O, qardaşını aşırı vasvasılıqda ittiham etməklə müasir tibbin əlindən qəbristanlıqlar salmaqdan başqa heç nə gəlmədiyini, şarlatanlıqla Fransa cəmiyyətini iflic etdiyini söyləyir. Onu ayağa qalxıb hər cür ənənəvi üsullardan imtina edərək öz iradəsinə güvənməyə çağırır. Arqanın tərəddüdlər içində çabaladığı bir vaxtda əks cinah son atəşini açır. Səhnəyə daxil olan əczaçı-imaləçi Fleran (aktyor Rəşad Rüstəmov) və ardınca Arqanın həkimi cənab Purqon (aktyor Fərahim Fətəliyev) şantajçı ədaları ilə köhnəliyin son akkordlarını səsləndirirlər. Arqan ritmlər qarşısında çaşbaşdır. Purqon obrazının ifaçısı Fərahim Fətəliyev səhnədəki qısa çıxışı ilə tamaşaçıya sirayət edən aktyorlardan birinə çevrilə bilir. Onun səs, dinamika və biomexanikasındakı sinxronluq nəzərdən qaçmır. Cəmiyyətin sağlamlığı keşiyində durmalı olan Purqon şikəst forması ilə həm də fransız təbabətinin özüdür. Tamaşada xalq-Tionnettanın fəallığı ilə bu cinah tezliklə təslim olmaq zorunda qalır və missiyanı-səhnəni tərk edir.

Bu arada əsərin melodik notu olan sevgi eliksirindən istifadə olunaraq razviyazkanın son mərhələsinə keçid alınır. Arqanın qayğıkeşi daha çox kimdir, arvadı Belina, yoxsa, qızı və onun sevgilisi Kleant? Berald və Tionnettanın sadəlövh Arqanın üzərində qurduğu ölü təəssüratı- hiyləsi işə yarayır. Qurğu nəticəsində arvadı Belinanın Arqana ancaq sərvətinə görə dözdüyü üzə çıxır. Ərinin ölümündən hədsiz sevinən Belina nəticədə pat vəziyyətinə düşür və əsərdəki həyat səhnəsindən birdəfəlik silinir. Aktrisa Lalə Məmmədin yaratdığı bu obraz da kifayət qədər cəlbediciliyi ilə seçilir. Eyni çıxışda bir neçə sifət nümayiş etdirməli olan aktrisa bunun öhdəsindən məharətlə gəlir. O, tamaşada tamaşaçının mənfi emosiyalarını özünə çəkməyi bacarır.

Qızının məhəbbətini sınağa çəkən “ölü” Arqan isə səhnədə başqa səhnənin şahidi olur. Teatrda teatr sevilən nəticə doğurur. Arqan qızının onun ölümündən sonra hətta sevgisindən belə imtina etməyə hazır olduğunu görür. Ata ürəyi dözmür, o, ayağa qalxıb qızını bağrına basır. Bütünlükdə tamaşa boyu zənnimcə, ən sentimental səhnənin ola biləcəyi bu yerdə zəif aktyor oyunu özünü biruzə verir. Anjelika (aktrisa Fidan Lətifova) və Klenat (aktyor Rəşid Mirizadə) tamaşanın bu çıxışı üçün tam inandırıcı deyildilər. Hər iki aktyorun çıxışının olimpi ola biləcək bu səhnə öz zirvəsinə çatmamış kimidir. Ümidvaram, növbəti nümayişlər zamanı bu olimp fəth edilə biləcək. Ən azı ona görə ki, azman sənətkar Xanlar Həşimzadə - Arqan bütün mahiyyəti ilə yenə də onların məhəbbətinə dirəniş göstərməkdədir. O, Kleantdan həkim olmasını tələb edir. Axı, Arqan obrazı ilk konflikt faktındanca doğan xarakterini sona qadər yaşamalıdır. Amma yenə də Berald. Onun təklifi ilə vasvası xəstənin illər boyu müalicəyə sərf etdiyi təcrübə işə yarayır. Berald Arqanı inandırır ki, artıq o özü həkim səviyyəsindədir. Bu təklif Arqanın beyninə ildırım kimi işləyir və gözləri parıldıayır...

Amma bu anda başqa bir ildırım obrazın 1673-cü ilin 17 fevralında son dəfə ifaçısı olan Molyeri-Xanlar Həşimzadəni sarsıdır. Üçlüyün biri, Arqan, tamaşaçı ilə Molyer və Xanlar Həşimzadə cütlüyünü səhnədə tək buraxır...

-Şarpantye, musiqini ver!

Pərdələr qapansın.

***

Əslində, sonda bütün pərdələr sirlərin üzərindən götürülür...

Həyat fanidir, dostların və sevgilərin üzü dönükdür. Heç kim heç kimlə son mənzilə qədər yol yoldaşlığı eləmir... Ən yaxın can yoldaşın, mülki-sərvətini bölüşsən belə, səninlə qəbr evinə şəriklik etməz...

Ah, missiya, ah ali məqsəd!!! İnsan üçün əbədi olan yəqin elə budur: - Tanrı yolçuluğu. Hər kəs öz hekayəsini götürər də gedər...

***

Tamaşanın başqa bir hekayəsi isə hələ davam edir...

Səhnə əsərinin fəci hissəsi də finalına qovuşmaq üzrədir.

“Bu da son, bu da axırı, hər şey bitdi...” Bu monoloqdan sonra o böyük mütəfəkkir yaratdığı teatrın səhnəsindəcə həyatla vidalaşır. Molyer ölür...

Bu kəlmələr Xanlar Həşimzadənin ifasında aktyorun, dramaturqun və teatrın harayı, təəssüfü kimi bir başa tamaşaçının onluğuna dəyir. O, hislərinin sinəsini könüllü şəkildə bu atəş üçün hədəfə çevirir. Səhnədə baş verən ekzaltasiya bütövlükdə zaldadır. Bu tamaşada Molyerin səhnəylə vidası tamaşaçıın da pisliklərə və naqisliklərə əlvida deməsinə yetərli idi. Sənət ekzaltasiya yaratmışdı, zalda müvvəqəti də olsa, katarsis baş vermişdi.

***

Katarsisin baş verdiyi zalda da 1673-cü ilin 17 fevralında olduğu kimi, yenə də XIV Lüdovik görünmürdü...

***

Bu dəfə isə görünən odur ki, Molyer ölür...

Xanlar Həşimzadə də son kəlmələrini deyir. Amma o, aktyor kimi bir daha dirilir, bir daha böyüyür, tamaşaçı onun adını Molyer-Arqanla birlikdə ürəyinə həkk edir. Hər şey bitir. Əslində, hər şey bitməli idi.

Avanssenada Laqranj və Buton yenidən tamaşanın plakat səhnəsini yaratmasaydılar, məncə, tamaşa bir az əvvəl daha uğurlu sonluqla başa çatmışdı. İttihaf epitetinin vurğunlanması xətrinə əlavə edilmiş sonuncu səhnə çıxışı fikrimcə, dramatizmi öldürmüş oldu.

Amma bu mənim vziyonumdur...

Tamaşaçı isə aktyorları yarım saata qədər səhnəni tərk etməyə imkan vermədən ayaq üstə alqış yağdırır.

***

Alqışlar isə böyük bir ünvanadır...

Tamaşa Şəki Teatrının yaranmasının 140 illiyini, Jan Batist Molyer sənətinin böyüklüyünü özündə ehtiva etməklə bərabər bir sıra epitafları da oxutmuş oldu. Molyerlə “Vasvası xəstə” əsərinin üzərində birgə işləmiş, musiqi mətnlərinin və tərtibatının müəlllifi Mark Antuan Şarpantyenin, 140 il əvvəl, 1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında M.F.Axundovun "Hacı Qara" komediyasını oynadan maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin, 1949-cu ildə teatrın çardağında aktyorluq sənətinə xəyanət edə bilməyib aclıqdan intihar edən iki aktyorun, 1975-ci ildə bu sənət məbədini yenidən dirçəldən mərhum rejissor Vaqif Abbasovun, sonrakı dövrdə onun inkişafını təmin etmiş böyük sənətkar Hüseynağa Atakişiyevin, teatrın unudulmaz aktyoru Fərman Abdullayevin, bu teatrdan qaynaq tutmuş postsovet məkanında ad qazanmış Mərdan Feyzullayevin ruhlarına bir teatr dolu sənət fədaisinin və tamaşaçının ehtiram nümayişi idi. Bu səhnədə can qoymuş adını qeyd edə bilmədiyim daha neçə mərhum sənət fədailəri üçün idi bu hörmət və ehtiram. Bu tamaşanı həm də bir zamanlar Şəki Teatrının səhnəsində unikal obrazlar yaradan və rejissorluq edən Cahangir Novruzova, burdan pərvazlanaraq uçan neçə-neçə sənət adamına və bütün Azərbaycan teatrsevərlərinə 2019-cu ilin 22 iyununda icra edilən böyük sənət revaransı da adlandırmaq olar.

***

Tamaşadan sonra...

Quruluşçu rejissor Mirbala Səlimli ilə söhbətimizi davam etdirirk. Rejissorun rəngi-ruhu dəyişib. Klassik “tamaşa baş tutdu” ifadəsi ilə məsələnin qapatmaq mümkünsüzlüyünü bildirərək tamaşaya qədərki söhbətimizin məni açmadığını etiraf edirəm. Tamaşadan sonra hər kəsin əlindəki silahdan atəş açmalı olduğu qənaətindəyəm. Belə mükəmməl iş üçün dərin hörmət və təbriklərimi çatdırıram.

Mirbala Səlimli:

- Çox narahat idim, teatr içində teatr yaratmaqla Molyerin faciəsini onun əsəri ilə sintez edərək tamaşaçıya çatdıra bilib-bilməyəcəyimi düşünürdüm. Uşaqlar çox sağ olsunlar, hər biri çox möhtəşəm idi. Mən adətən tamaşaya zaldan baxmıram, öz pultumdan idarə etməyə çalışıram. Nəfəsimi sonuna qədər tutub durmuşdum. İndi yüngüləm, yükümü yerə qoya bildim. Bu mənim teatr fədailəri qarşısında bir vicdan borcum idi.

Əsəri dilimizə çevirən Şəms Əlizadənin, quruluşçu rəssam Nicat Məmmədovun, geyim üzrə rəssam Sahib Əhmədovun, musiqi tərtibatı verən Zeynəb Orucovanın da bu uğurda payı var. Bu140 yaşlı bir teatrın uğurudur.

***

Bu uğuru yaşadanlar isə əsil sənət fədailəridir...

Teatrdan çıxanda artıq bir neçə saat keçmişdi. Arxa çıxış qapısının tam qənşərində günün qəhrəmanı əməkdar artist Xanlar Həşimzadə ilə rastlaşdıq. Başında hələ də yaratdığı obrazların ilğımı dolaşan tərtəmiz bir aktyor. Sapbasağlam, tam ayaq üstə.

- Sağ olun, usta! – deyib xudahafizləşirik. İçimdə isə həzin bir musiqi var...

***

Məncə, musiqi könüllərin özünü ən həzin ifadə formasıdır… Söz bitəndə isə yalnız musiqi dövriyyəyə girir… İndi mən heç kimi görmək istəmirəm... Heç nəyi izah edə bilməyəcəyəm...

-Şarpantye, musiqini ver!

Yaşasın Teatr!

***

P.S. İyulun 6-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında J.B.Molyer “Vasvası xəstə” M.Bulqakovun “Molyer” əsərləri əsasında hazırlanan "Xəstəlik Xəstəsi və ya Yaşasın Teatr" adlı ikihissəli tragifarsının növbəti nümayişi olacaq.

# 3679 dəfə oxunub

Müəllifin son yazıları

# # #