Bakıda qəribə toy - FOTOLENT

Bakıda qəribə toy - FOTOLENT
3 iyun 2014
# 11:03

Bu günlərdə Bakıda qeyri-adi toy mərasimi baş tutub.

Asif Atanın Mütləqə İnam Ocağı özünün evlənmə qaydası olan “Beşikbaşı” mərasimini həyata keçirib.

Mərasimin qaydalarına uyğun olaraq Ocaq Yükümlüsü müqəddəs kitab saydıqları Asif Atanın Ocaq əlifbası ilə yazılmış kitabını bəylə gəlinə hədiyyə edib. Nikahın ruhani təsdiqi sayılan sənəd də yeni evlənənlərə təqdim olunub. Evlənənlər əllərində məşəl bir-birinə sədaqət andı içiblər: «Ata Ruhu qarşısında, Mütləqə İnam Ocağı qarşısında and içirəm: Ailə Müqəddəsliyini qoruyacağam, onu xəlqi dəyər səviyyəsində yaşatmağa çalışacağam!».

Sonra bəylə gəlin Ocaq bayrağını öpüblər.

“Beşik mərasimi” qaydasına görə, evlənənlərə beşik bağışlanıb.

Ocağın Yükümlüsü Soylu Atalı tədbirdə çıxış edərək bu günün müqəddəs olduğunu deyib: “Ürəyinizdə Günəş olsun istəkli yurddaşlarımız. Bu gün mənaca müqəddəs gündür. Bu müqəddəs gündə sizin hər birinizin diqqətini yeni ənənəmizə cəlb edirəm. Bu gün biz Asif Atanın Mütləqə İnam Ocağı olaraq evlənənlərimizə – Nüşirəvan bəyə və Aysel xanıma milli-insani ruhda bir mərasim keçiririk. Bu mərasim yalnız bir hissəsiylə həyata keçirilir. Yəni toplumun keçirdiyi restoran toyu ilə paralellik təşkil edir. Hesab edirik ki, getdikcə evlənmə başlanğıcdan sona qədər “Beşikbaşı mərasimi” üstə keçirilməlidir. İndiyə qədər çoxsaylı “Beşikbaşı” mərasimləri keçirmişik, ancaq paralellik təşkil edib. Ocaq hələlik iki dəfə “Beşikbaşı mərasimi”ni başlanğıcdan sona qədər paralellik olmadan həyata keçirib…

Ailə qurulması olduqca məsuliyyətli bir hadisədir. Ona görə də biz bunu mərasimləşdiririk. Mərasimin də məğzi ondan ibarətdir ki, evlənməyin əsas qayəsini dünyaya övlad gətirmək təşkil edir. Dünyaya gələn övlad beşikdə böyüyür, ana beşik başında analığını ifadə edir. Ona görə hadisə müqəddəsdir. Hadisə ona görə müqəddəsdir ki, xalqın təməli qoyulur. Xalq ailələrdən yaranır. Bu gün baş verən bu hadisə yalnız bir ailəyə aid deyil, yalnız bir elə aid deyil, bütövlükdə xalqa aiddir, çünki hər bir fərd müəyyən bir dövrə qədər yaşayır, amma xalq əbədidir. Xalqın əsası qoyulur. Dünyaya gələcək övladlar xalqın ruhunu daşımağa gəlir, xalqın mənəviyyatını yaşatmağa gəlir. Ona görə də hər bir insan öz məsuliyyətini gözönünə almalıdır. Biz də “Beşikbaşı”nda üzümüzü tuturuq onlara. Diləyimiz odur ki, onlar öz qurduqları ailənin mənasını dərk eləsinlər, ailələrinin mənasına sadiq qalaraq xalqı var edən böyük gələnəkləri yaşatmış olsunlar.

Bu gün çox təəssüf edirəm ki, xalqımızda ailə qurma ənənəsi milli ruhda həyata keçirilmir, ailənin baş tutması məzmun baxımından aydınlaşmır. Nə baş verir, ailə nə deməkdir, gənclər üçün bəlli olmur. Ailənin qurulması həşirə düşür. Ailə xalqın mahiyyətini ifadə eləyir, onu həşirə salmaq olmaz.

Biz bu fikirləri deməliyik və sizinlə birlikdə zaman-zaman xalqın özünə yadlaşmasına dur deməliyik. Bu gün müqəddəs dəyərlərimizi qorumağın ilk addımlarını atırıq. Bu işə yardımçı olan sizlər də ilkinlərdənsiniz, böyük işimiz qutlu olsun, mərasiminiz qutlu olsun”.

Soylu Atalı “Beşikbaşı mərasimi” üstə Asif Atanın qutsal uğurlamasını (xeyir-duasını) oxuyub.

# 15852 dəfə oxunub

Müəllifin son yazıları

# # #