O aktrisa erməni imiş ARAŞDIRMA

O aktrisa erməni imiş ARAŞDIRMA
20 iyun 2014
# 16:00

Kulis.Az Şahin Xəlilin məşhur türk oyunçuları Adilə və Səlim Naşitlər haqqında məqaləsini təqdim edir.

Naşit bəy 1928-ci ilin yanvarın 1-də "Şəhzadəbaşı teatrı"nın ikinci mərtəbəsində anadan olmuş körpəsinin qulağına pıçıldadı: "Sənin adın Səlim olacaq!" Naşit bəyin ən böyük ikinci arzusu məhz övlad sahibi olmaq idi. Birincisi isə teatr səhnəsindən tamaşaçıları doyunca güldürmək.

Aktyor olmaq istəyini heç cür həkim ata və anasına anlada bilməmişdi. Nəticədə valideynləri onu baytarlıq məktəbinə yazdırıb, gələcəkdə baytar olmasını gözləyirdilər. Amma bu gözləməyin bir mənası olmadı. Demək olar hər gün dərsdən qaçıb, teatr tamaşalarına gedirdi.

Bu onun atasının qulağına çatdı və ilk dəfə olaraq Naşit atası ilə ciddi söhbət etdi və nə olursa olsun aktyor olacağını bildirdi. Atası oğlunun qərarına çarəsizcə razı olmaq məcburiyyətində qaldı. Sonralar oğlunun tamaşalarının birində oldu və anladı ki, həqiqətən Naşit aktyorluq üçün doğulub. Naşitə "Sultan Həmidi güldürən adam" deyirdilər. Saray teatrında o zamanların gülüş kralı Abdi Əfəndi kulis arxasına gələrək onu öz davamçısı elan etmişdi.

Teatrda hər şey əla olsa da, ailəsində vəziyyət başqa cür idi. Çünki, Naşitin həyat yoldaşı Ləman xanım ona heç cür övlad bəxş edə bilmirdi.

Tək səbəb də bu deyildi. Çünki, Naşit Amelya adlı erməni əsilli aktrisaya aşiq olmuşdu və bu sevda onu heç cür rahat buraxmırdı. Amelyanın elçiləri isə bitib tükənmirdi. Bunlar Naşiti daha da əsəbi edir, aktyor özünə yer tapmırdı.

Və nəhayət bir gün Ləmandan ayrıldı və Amelya ilə evləndi. Bu evlilikdən onların Səlim və Adilə adlı oğlan və qız övladları dünyaya gəldi. İllər keçir, uşaqlar böyüyürdü. Hər iki uşaq ataları kimi aktyor olmaq istəyirdilər. Ən çox isə Səlim. Naşit isə Səlimi həkim görmək istəyirdi. Eyni ilə bir zamanlar atasının onu məcburən baytar etmək istəməsi kimi...

Səlimin sünnəti zamanı heç kim olduqca xoşbəxt görünən ailənin əslində necə pis günlər keçirdiyini bilməzdi. Aktyorun əsəbləri gərgin olduğundan teatrı buraxmışdı. Dolanışıq üçün isə pul lazım idi. Naşit bir gecə qapısını döyüb ona lotoreya reklamının siması olmaq təklifi verən şəxslərə də "hə" cavabı vermişdi. Bu bir kral üçün biabırçılıq olsa da Naşit ailəsinə görə məcbur olmuşdu.

Amma bu iş aktyorun qüruruna toxunurdu və çox keçmədən o bu işi buraxır. Son ümidi yenə teatr idi və yalandan "sağalmışam" deyərək, səhnəyə qayıtdı. Amma vəziyyəti daha da pisləşdi. Psixi pozğunluq yaşayan aktyor tamaşalar zamanı qəfildən sözləri, özünü unudur, əsməyə başlayır, özünü idarə edə bilmirdi. 1942-ci ildə "Ruh və əsəb xəstəxanası"na yatırıldı. Üç ay müalicə aldıqdan sonra evə yazıldı. Amma səhhətində yaxşılığa doğru heç bir dəyişiklik yox idi, əksinə daha da dözülməz olmuşdu. Adicə xörəyin çox duzlu olmasına görə evdə dava-dalaş salırdı. Bir səhər isə Səlimə şorba içirərkən vəfat etdi.

Sevimli atalarının ölümü uşaqları pərişan etmişdi. Artıq teatr haqda düşünmürdülər. Ancaq dolanışıq üçün işləyirdilər. Hər ikisi geyim dükanına işə düzəlmişdi və bu onlar üçün çox ağır idi. Səhnə üçün çırpınırdılar. Günlərin bir günü Adilə Şəhər teatrına rəfiqəsini görməyə gedir və həmin gün Fərih Egemenlə tanış olur. Egemen onu truppaya yazdı və bununla da Adilənin arzusu gerçəkləşdi. Amma Səlimin vəziyyəti pis idi. İşdən də qovulmuşdu. Bunu evdə anasına dedi. Anası isə təklif etdi ki, yemək bişirsin, oğlu da aparıb kafelərə versin. Yəni evə pul gələcəkdi...

Bir gün Amelya xanım uşaqlarının əlində tutub, Muammer Karacanın yanına apardı və uşaqların aktyor olmaq istədiklərini dedi. Muammer Naşitin dostu idi və onun arvadının bu xahişini yerə sala bilməzdi. Uşaqlara tamaşalarda rol verəcəyinə söz verdi. Adilə bu qərardan xoşbəxt olsa da o illərin məşhur aktrisası Şevkiye May kulis arxasında qızcığazın ürəyini qırdı: "Bax, Adilə, səni bir bacı kimi sevirəm, amma bu boyla və görkəmlə səndən aktrisa olası deyil." Bu söhbətin üstündən çox keçməmiş Adilənin iştirakı ilə tamaşaya baxan Şevkiyə aktrisadan üzr istədi.

Adilənin uğurları fonunda Səlimin işləri yenə düz getmirdi. Karaca teatrında ona axmaq və ikinci dərəcəli yadda qalmayan rollar verilir, bundan başqa işıq qurmaq, dekor düzəltmək kimi işlər tapşırılırdı. Bu Səlimə təsir edirdi. Nəhayət dözməyərək əsgərliyini bəhanə edib teatrdan ayrılır. Bu ərəfədə bacısı Adilə aktyor yoldaşı Ziya Keskinerdən evlənmə təklifi aldı və bu təklifi qəbul etdi.

Əsgərlikdən qayıdan Səlim bacısının xahişi ilə yenidən Karaca teatrına qayıtdı. 1952-ci il Naşitin ailəsi üçün iki gözəl hadisə ilə əlamətdar oldu. Səlim Sotiriya adlı xanımla evləndi. Adilənin isə Ziya Keskinerdən Əhməd adlı oğlu dünyaya gəldi.

Karaca teatrına qayıtdıqdan sonra Səlimə daha səviyyəli rollar verilsə də, aktyor yenə narazılıq edib, Muammeri gənc aktyorların istedadını məhv etməkdə günahlandırırdı. Bir axşam xanımı Oya (Səlimlə evləndikdən sonra xanımı Sotiriya adını Oya adına dəyişdirdi) və oğlu Naşitlə bərabər bacısıgilə şam yeməyinə gedir. Və həmin gecə Naşit teatrı qurmaq ideyası yaranır.

Ankarada Günəş teatrını kirayələdilər və 1961-ci ildə Naşit teatrı açıldı. Amma teatrın pərdələri cəmi 2 ay açıq qaldı. O illərdə olan maddi böhran nəticəsiz ötüşmədi və teatr bağlandı. Bacı-qardaş isə İstanbula qayıdıb Qəzənfər Özcan teatrına qoşuldular. Burda hər ikisi həqiqətən xoşbəxt idilər. Teatr truppası bir ailə kimi idi.

1966-cı il pis bir il oldu. Öncə anaları Amelya vəfat etdi. Daha sonra isə Adilənin oğlu Əhməd ürək əməliyyatını zamanı dünyasını dəyişdi. İyunun 17-i idi. Aktrisa öz doğum günündə oğlunu itirmişdi. O gündən sonra aktrisa bir daha ad günü qeyd etmədi. Ağır faciəyə dostlarının köməyi ilə dözdü. Çox keçmədi Ertem Eyilmezlə işləməyə başladı və “Arzu film” şirkətində ard-arda bir neçə filmə çəkildi.

1976-cı ildə Qızıl portağal mükafatı alan aktrisa ilə qardaşı arasında soyuqluq yarandı. Səlim həm onu qısqanır, həm də bu qədər uğurun fonunda qardaşına bir rol tapmadığı üçün qınayırdı. Amma Adilə Ertemdən dəfələrlə qardaşı üçün rol istəsə də, rejissor bu sözləri qulaq ardına vurmuşdu.

Səlimin arvadı Oya da bağırsaq xəstəliyindən vəfat etdi və bu faciə aktyoru yıxdı. O günlərlə evdən çıxmır, heç kimlə görüşmürdü. Bir gün Səlim Peyker Usta adlı xanımla tanış olur və bu tanışlıq evliliyə çevrilir. Amma atasının evlənməsini istəməyən oğlu ilə münasibətləri pozuldu.

1982-ci ildə Adilənin həyat yoldaşı Ziya dünyasını dəyişdi. Cəmi bir il sonra isə aktrisa Cemal İnce adlı şəxslə gizli evləndi. 1987-ci ildə isə bağırsaq xərçəngindən vəfat etdi. Bu itki Səlimi sarsıtdı. O zamanlar mətbuatda "Düşmən qardaş və bacı" kimi qələmə verilsələr də əslində onlar çox mehriban idilər. Demək olar hər gün deyib-gülərək etdikləri söhbətlərin sonunda qucaqlaşıb, hönkürürdülər. Ana-atalarına, həyat yoldaşlarına, övladlarına, acı talelərinə ağlayırdılar.

Adilənin ölümündən sonra Səlim teatrı buraxmadı. Bir neçə teatrlara işlədi, tv-də, seriallarda rol aldı. 1998-ci ildə xərçəngə tutulması onu səhnədən uzaqlaşdırdı və son olaraq Cem Yılmazın ssenarisi ilə çəkilmiş "Hər şey çox gözəl olacaq" filmindəki ata obrazı ilə aktyorluğa vida etdi.

# 9174 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #