Bakıda müasir incəsənət biennalesi keçiriləcək

Bakıda müasir incəsənət biennalesi keçiriləcək
12 noyabr 2019
# 19:28

Noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Kulis.az-ın verdiyi xəbərə görə, bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Həmçinin UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda film təqdim ediləcək, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

“Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində reallaşacaq sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaq. Biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.

# 2459 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #