Heydər Əliyev Mərkəzində “İpək Yolu” sərgisi

Heydər Əliyev Mərkəzində “İpək Yolu” sərgisi
26 oktyabr 2017
# 09:49

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Hennessy X.O İpək Yolu Odisseyi” sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən “Hennessy Evi”nin prezidenti Bernard Peiyon tarixi İpək Yolu ilə bağlı layihənin unikal memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. “Bu günün tarixçəsi İpək Yolundan başlayır. Böyük İpək Yolu 2000 ilə yaxındır ki, insanları, dəyərləri birləşdirir, insanları bir-birinə yaxın edir”-deyən cənab Peiyon bildirib ki, 7 müxtəlif ölkə, 7 müxtəlif şəhərdən olan 7 müxtəlif rəssam bu dəfə İpək Yolunu fərqli baxışlardan göstərməyə çalışıb.

Sərginin kuratoru, beynəlxalq insəcənət eksperti Erve Mikaelof 10 ilə yaxındır Heydər Əliyev Fondu ilə əməkdaşlıq etdiyi xatırladıb. O, ötən müddətdə reallaşan bir sıra layihələr çərçivəsində Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan rəssamlarının Heydər Əliyev Fondunun sayəsində ölkənin müasir incəsənətini dünyada uğurla tanıtdığını deyən Erve Mikaelof görülmüş bütün bu işlərə görə Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. İnsanlar və mədəniyyətləri birləşdirən “İpək Yolu Odisseyi”ndə təmsil olunan Rəşad Ələkbərov bu layihənin maraqlı anlarla və təcrübələrlə yadda qaldığını deyib. “Regiona uyğun təbii materiallarla işləməyimiz də bizim üçün maraqlı idi”-deyə Rəşad Ələkbərov bidirib.

Qeyd edək ki, “Hennessy X.O” və “National Geographic” jurnalının təqdim etdiyi “İpək Yolu Odisseyi” Fransanın Konyak əyalətindən başlayıb. Bu yaddaqalan anları yaşamaq üçün Hennessy şirkətinin doğma şəhərinə dəvət olunmuş “İpək Yolu Odisseyi”nin 7 iştirakçı rəssamı 7 orijinal sənət əsəri yaradıb.

Burçak Bingöl (İstanbul), Roko İremaşvili (Tbilisi), Rəşad Ələkbərov (Bakı), Vyaçeslav Useynov (Daşkənd), Viktor Sirnev (Bişkek), Asxat Axmedyarov (Astana), Yin Xiuzhenin (Pekin) əsərləri oktyabrın 25-dən etibarən iki həftə ərzində Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

# 1260 dəfə oxunub

Müəllifin son yazıları

# # #