Gənc Tamaşaçılar Teatrı Qazaxıstandan qayıdıb

Gənc Tamaşaçılar Teatrı Qazaxıstandan qayıdıb
16 iyun 2017
# 17:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Qazaxıstan Respublikasının paytaxtı Astanada hər il ənənəvi keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalından qayıdıb.

Kulis.azın verdiyi xəbərə görə, festival Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi, Qazaxıstanın görkəmli teatr və kino rejissoru, Qazaxıstanın Xalq artisti və qəhrəmanı Azərbaycan Mambetovun anadan olmasının 85 illik yubileyi və “EKSPO - 2017” Beynəlxalq sərgisi münasibətilə iyun ayının 12-də start götürüb.

İyunun 17-dək davam edəcək festivalda yaradıcı heyətimiz görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edib. Tamaşamız iyun ayının 13-də paytaxt teatrı olan “Jastar”da nümayiş etdirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını seyr edənlər arasında ölkəmizi Qazaxıstan Respublikasının səlahiyyətli səfiri Rəşad Məmmədov və Astanada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi və fəalları da var idi.

Teatr sənəti sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, dünya klassiklərinin, klassik dram nümunələrinin gənc nəslin təhsilində təbliğ edilməsi məqsədilə keçirilən festivalda 10 xarici və qazax teatr kollektivi iştirak edir. Belə ki, festivalda ölkəmizlə yanaşı, Rusiya, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın aparıcı teatrları da təmsil olunurlar.

“Festival – möcüzəli, qeyri-adi hadisədir. Bura teatr kollektivlərinin, artistlərin, tənqidçilərin, rejissorların, teatralların ünsiyyət yeridir. Bu festival fikir və təcrübə mübadiləsi, qarşılıqlı yaradıcılıqlı layihələrinin təməl nöqtəsidir. Məhz bu səhnələrdə yeni, ortaq layihələr meydana gəlir” – bu fikirləri Astana şəhər mədəniyyət, arxiv və sənədləşmə şöbəsinin rəis müavini Narima Muhambetalina festivalın açılış mərasimində səsləndirib.

Festivalın ekspert şurasında Qazaxıstan, Rusiya, Almaniya, Moldovadan dəvət edilmiş tanınmış teatrşünas alimlər, beynəlxalq teatr festivallarının rəhbərləri təmsil olunaraq, tamaşalarda və müzakirələrdə iştirak ediblər.

Hər nümayiş etdirilən tamaşadan sonra festivalın fəxri qonaqları və münsiflər heyəti səhnə əsəri haqqında öz fikirlərini, aktyorlara tövsiyələrini bildirirlər. “Mən gəldim qızlar” haqqında maraqlı rəylər bildirən münsiflərin sözlərinə görə festivalın yeni start götürməsinə baxmayaraq aktyorlarımızın ifa etdiyi səhnə əsəri rejissor işi və aktyor ifası baxımında olduqca peşəkardır.

“Festivalda nominasiya olmasa da, əslində bu bir bayram idi – teatr bayramı. Festival yeni layihələrin, yaradıcılıq münasibətlərinin, festival və qarşılıqlı qastrol səfərlərinin reallaşa biləcəyi bir sənət bayramı, yaradıcı insanların ünsiyyət qurması üçün əlverişli bir vasitədir” – deyə ADGTT-nın direktoru, Əməkdar Artist Mübariz Həmidov bildirib.

Məlumat üçün bildirək ki, festival ilk dəfə 2010-cu ildə paytaxt günü münasibətilə yaradılıb.

# 1377 dəfə oxunub

Müəllifin son yazıları

# # #