Atam lüt fotolarımı bəyəndi – Aydan Salahova

Atam lüt fotolarımı bəyəndi – Aydan Salahova
23 yanvar 2015
# 12:42

Rusiyada yaşayan azərbaycanlı rəssam Aydan Salahova “nargismagazine.az” saytına müsahibə verib.


Kulis.az axşam.az-a istinadən müsahibəni qısaldılmış formada təqdim edir:

- Adınızın sizin üçün xüsusi bir müqəddəsliyi var?

- Aydan – “Aydan düşmüş”...

- Yaradıcılığınızda hər zaman fərqli, hətta dini mövzulara da müraciət edirsiniz. Sizin üçün ən mənalı mövzu hansıdır?

- Dini mövzular mənim üçün əsas deyil. Məni hər sahədə qadın mövzuları maraqlandırır. Məsələn örtük... Düşünürəm ki, onu başına örtəndə sən sosial mühitdən uzaqlaşırsan. Bu zaman özünlə söhbət daha təmiz olur. Qadınların kişilərdən fərqli olaraq ikinci beyni var. Bu da onlara daha yaxşı müşahidələr etməyə imkan yaradır. Qadın özünü kişinin yerinə qoyub, hərəkətlərinə, düşüncələrinə nəzarət etməyə qadirdir. Əlbəttə bu, şizofreniya əlamətidir.

- Sənətdə üstünlüyü çılpaqlıq təşkil edir?

- Bütün dövrlərdə incəsənətdə kişilər tərəfindən hazırlanan heykəllərdə və fotolarda qadınlar arzuolunun obyekt kimi çılpaq təsəvvür edilib. Mən isə əsərlərimdə kişiləri arzu obyektinə çevirirəm. Onu da vurğulayım ki, həm kişi, həm də qadın bədəni gözəldir.

- İndi qızlar soyunmağa daha çox üstünlük verirlər...

- Yəqin onlar düşünürlər ki, belə daha yaxşı və rahatdır.

- Bəs sizin üçün yaxşısı nədir?

- Geyim – bu, bir teatrdır. Sən burada oynayacağın rola və əhvalına görə geyinirsən. Dubayda mən hicabda da, mini ətəkdə də gəzirdim. Karraredə olanda isə mən, demək olar ki, heç nə geyinmirəm, yəni ancaq iş geyimində oluram: bu, rahatlıq verir – makiyaj etməyə, saçını daramağa ehtiyac yoxdur. Daha çox “treniki”ni (idman stilli boş şalvar – red.) sevirəm.

- Müasir teatrı bəyənirsiniz?

- Teatrı sevmirəm, heç vaxt da getmirəm.

- Bəs nəyi xoşlayırsınız?

- Kinoya getməyi, rəqs etməyi, gecə klublarında olmağı xoşlayıram.

- İstədiyi kimi, özünü çərçivələrə salmadan yaşayan çox az adam var. Siz də bu nadir insanlardansınız. Bunu necə bacarırsınız?

- Cavab sadədir: mən sadəcə, nə istəyirəm onu da edirəm. Yaş artdıqca yalnız vaxtı qiymətləndirirsən.

- Buna görə, qalereyanızı bağladınız?

- Bəli. Həyatımın qalan hissəsini qalereyanın işlərinə sərf etmək istəmədim. Şəxsi həyatıma ehtiyatla, qənaətlə yanaşmağa çalışıram. Məsələn, köməkçi bir görüş olduğunu deyir, mən həmin an düşünürəm: həyatımın bir hissəsini bu görüşə sərf etmək istəyirəm? İnsanlar qarşısında yaxşı və ya pis olacam, reaksiyalar nə olacaq – uzun müddətdir ki, bunları vecimə almıram.

- Dünya ilə aranızda harmoniyanı necə yaradırsınız?

- Bunun üçün çox şeylərdən keçməli oldum: ailəm, cəmiyyət, siyasi aləm. İnsanlar qayğıya çox vaxt ayırırlar. Onlar istədikləri kimi yox, cəmiyyətin qəbul edəcəyi kimi davranırlar: istəklərə zidd davranmaq olmaz. Əsasən də qadınlar. Bizim qadınlar başadüşülməyən, başqalarının həyatını yaşayırlar: ola bilsin ki, onlara ərə getmək lazım deyil, amma gedirlər. Ola bilsin ki, onlara heç bir övlad da lazım deyil, amma on uşaq dünyaya gətirirlər. Arzularına qulaq asmalısan.

- Oğlunuzun erkən ailə qurmasına necə baxırsınız? Axı onun 21 yaşı var.

- Çox yaxşı. Çünki onun və həyat yoldaşı Aneçkanın həyata baxışı düzgündür. Çox şeyi gözəl başa düşürlər. Onlar münasibətlərində bir-birlərini boğmayacaqlar.

- Niyə bu gün münasibət qurmaq çətindir?

- Mən ancaq özüm haqqında danışa bilərəm. Mənim üçün münasibət qurmaq çətindir. Çünki mən yaradıcı insanam, rəssamam. Heç bir kişi heç bir halda ikinci yerdə olmağı istəməz. Mənim üçün isə hər zaman birinci yerdə yaradıcılıq dayanıb.

- Bəs sevgi?

- Əvvəl düşünürdüm ki, bu, özünəqəsddir. Hətta mənim bir əsərim də var: “Sevgi və ölüm”. Bu gün mənim üçün əvəzolunmaz məhəbbət var: bu, sakitlik, düzgün hisslər, ehtiras olmayan və fəlakətsiz duyğudur... Yaş artdıqca özünü məhv etmədən düzgün sevməyi öyrənirsən.

- Bəs sizin yaradıcılığa olan sevginiz hansıdır: ehtiras, yoxsa hiss?

- Hiss...

- Atanızla münasibətiniz necədir?

- Biz dostuq: iş yoldaşı iş yoldaşı ilə, rəssam rəssamla olduğu kimi. Atam uşaqlıqdan hər şeyə hörmətlə yanaşıb, mənə azadlıq verib. O eyni zamanda gözəl məsləhətçidir – qulaq asır və yönləndirir. Mənim üçün Tahir Salahov yalnız ata deyil. O hər şeydən əvvəl rəssam, yaradıcı insandır. O da eynilə düşünür ki, mən əvvəlcə rəssam, sonra övladam.

- Münasibətinizdə bu günə kimi problem olmayıb?

- Bir dəfə lüt fotolarımın yayıldığı müsahibə ilə bağlı səs-küy qalxdı. Atam zəng edib soruşdu: “Nə olub?”. Biz görüşdük və ona jurnalı göstərdim. O, baxıb dedi: “Gözəl şəkillərdir, yaxşı da pozlar vermisən. Fotoqraf kimdir?”. O rəssamdır. Bu fotolara qızının lüt olması baxımından yox, yaradıcı tərəfdən yanaşdı. Biz onunla universitetdə, evin divarlarında lüt qız portretləri görməyə öyrəşmişik.

- Bakı haqqında nə deyə bilərsiniz?

- Bakı – Yer üzünün ən gözəl şəhəridir. Bura mənim üçün ən yaxşı istirahət yeridir: dadlı yeməklər, günəş, qədim yerlərdə gəzmək, bağ... Amma Bakıda çalışmaq əhvalım olmur. Son vaxtlar Azərbaycanda yaradıcı sahədəki irəliləyişə çox sevinirəm. Rusiyadan fərqli olaraq, bizdə bu sahəyə pul ayrılır. Azərbaycan rəssamlarını dünyada daha çox tanıyırlar, nəinki Rusiyadakıları.

# 2333 dəfə oxunub

Müəllifin son yazıları

# # #