Şəki Dövlət Dram Teatrında Azərbaycan Respublikaсынын Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığıyla “Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festifalının açılış mərasimi keçirilib.
Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, festivalın direktoru Şaiq Səfərov, Əməkdar İncəsənət Xadimi, teatrşünas professor Aydın Talıbzadə mərasimdən əvvəl təşkil olunan mətbuat konfransında festival haqqında ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıblar.
Verilən məlumata görə Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub.
Respublikamızda artıq üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat Komitəsinə dünyanın müxtəlif ölkələrindən 60-dan yuxarı təklif daxil olmuş, onlardan ən yaxşılar seçilərək dəvət olunublar. “Sərhədsiz Teatr“ festifalının iki istiqamətdə, milli və beynəlxalq mərhələdə keçirilməsi qərara alınıb.
Daha sonra açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlamış, festival iştirakçılarına uğurlar arzu ediblər.
Mərasimdən sonra İran İslam Respublikasının Titovak teatrının hazırladığı “Maqbet-Zar” tamaşası təqdim olunub, tamaşadan sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Festivalın açılışında Şəki ictimaiyyətinin nümayəndələri, Azərbaycanın aparıcı teatr və mədəniyyət işçiləri, xarici və yerli qonaqlar iştirak ediblər. Qonaqlar həmçinin Şəki Teatrında fəaliyyət göstərən Teatr Studiyasının tələbələrinin ifasında kiçik proqramla tanış olublar.
Qeyd edək ki, festival çərçivəsində Şəki Dövlət Dram Teatrının səhnəsində Gürcüstan, İran, Rusiya, Meksika, Azərbaycandan isə Şəki və Şuşa teatrlarının tamaşalarının oynanılması nəzərdə tutulub.