Sevirsən sev, sevmirsənsə, broşkoyu qaytar

Sevirsən sev, sevmirsənsə, broşkoyu qaytar
5 noyabr 2014
# 16:22

Ha deyim ki, sən mənimsən

Mənim səndə yerim yox,

Molla yasin oxuyanda ölüləri əl çalan

Binaları ucaldıqca adamları alçalan

Bu şəhərdə yerim yox.

Ramiz Rövşən

Uşaqlar üçün tamaşa haqqında böyüklər üçün yazı

Hər insanın arada bir ağlamağa, dost çiyninə, dost dizinə ehtiyacı var.

Hər şey belə başlayır… Dostunun olmadığını duyduğun andan, əvvəlcə hər şeydən yorulmağa, bezməyə başlayırsan. Əşyalar üstünə-üstünə gəlir, nəfəsin kəsilir, şəhərin dar küçələri səni udurmuş kimi hiss edirsən. Özünü şəhərin qida borusunda görürsən, bir də ayılırsan ki, düz şəhərin mədəsinin ortasındasan. Bir sürü zombiləşmiş insan ruhsuz-ruhsuz, cansız-cansız üzərinə yeriyir, hər kəs səndən nəsə qoparmağa çalışır. Barmaqlarını... əllərini… qollarını…qulaqlarını… gözlərini… dodaqlarını… Sonra da ruhunu qoparırlar bu şəhərin yalquzaqları. Qalırsan düpbədüz yalquzaqlar şəhərinin ortasında ruhsuz, cansız.

Bir dosta ehtiyacın olur, başını çiyninə yaslayıb, əllərini ovcunun içinə alıb sadəcə gözlərinin dərinliklərində, içinin içində batmaq, yoxa çıxmaq istəyirsən. Ağlamaq istəyirsən, bağırmaq istəyirsən, susmaq istəyirsən dostunun gözlərində… Güzgüyə baxırsan –cərəyandan ayrılmış ütüyə bənzəyirsən, şarjı boşalmış telefon kimi görünürsən, mürəkkəbi bitmiş qələmi xatırladırsan, istifadə olunmuş birdəfəlik çay paketi kimi durursan. Ütü… telefon… qələm… çay paketi… Bir sürü ruhu qoparılmış cansız əşyalar. Yalquzaqlar şəhərinin yalquzaq əşyaları. Xatirələri tükənmiş insanlara necə də bənzəyir. İstifadə olunmuş əşyalar və xatirələri tükənmiş adamlardır yalquzaqlar şəhərinin sakinləri. Mən də onlardan biri...

Deyəsən, məşhur nağılın məşhur personajı Tıq-tıq xanım da bizim birimizdir – yalquzaqlar şəhərinin son istifadə tarixi bitmiş sakini. O da duyur içində bulunduğu durumu, o da axtarır bu durumdan qurtuluş yollarını. Odur ki, sürmə çəkib gözünə, sığal verib telinə, düşür çölün düzünə, dost axtarır özünə. Guya ki, tökülmüşdü çöllərə.

Çölün düzünün nə qədər qəddar, nə qədər amansız olduğunu da bilir. Bildiyi üçün də özünü əvvəlcədən sığortalayır: “İşdir, birdən acıqlandırsam səni, nəylə vurarsan məni” cümləsini yaxşı-yaxşı əzbərləyir.

Rejissor Qurban Məsimov (həm də Kukla Teatrının baş rejissoru) olduqca aktual, günümüzün problemini əks etdirən “Tıq-tıq xanımın nağılı”nı səhnələşdirib, “Tıq-tıq və Taq-taqın nağılı” kimi təqdim etdi. Uşaqlar üçün tamaşa qurmaq böyüklər üçün tamaşa qurmaqdan daha çətindir deməzdim, amma daha məsuliyyətlidir. Uşaq psixologiyasını yaxşı bilməlisən, uşağın tamaşaya reaksiyasını əvvəlcədən proqnozlaşdırmalısan. Xüsusən milli nağıllarımızı ədəbi əsas kimi seçmisənsə. O nağıllar ki, onları dinləyə-dinləyə əsl qorxu və həyəcan filmi izləmişik (Məlikmməmmədi xatırla)... O nağıllar ki, onları dinləyə-dinləyə cəsarəti hiylə ilə səhv-dəyişik salmışıq (Cırtdanı xatırla)... O nağıllar ki, onları dinləyə-dinləyə “qisasa qisas, qana qan”ı öyrənmişik (Şəngülüm, Məngülümü xatırla). Daha nələr, nələr. Nəticəsi də göz qabağında – “kompleksli aqressivlər ordusu”.

Bu cür çətin və təhlükəli məqamda rejissor əlverişli bir üsula əl atır: nağıla yeni personaj əlavə edir. Mən də rejissorun bu addımını alqışlayaraq tanış süjetə yeni gözlə baxmağa yollanıram. Quruluşçu rejissor Qurban Məsimov, quruluşçu rəssam Rəvanə Yaqubova, bəstəkar Vüqar Camalzadə.

Tanıdığımız, məşhur Tıq-tıq xanım (Cəmilə Allahverdiyeva), əslində təqdim olunduğu kimi özündən razı, xudpəsənd, lovğa deyil. O, hər şeyi yaxşı başa düşən, artıq yaşadığı cəmiyyətdən unsanmış, yorğun bir dozanqurdudur. O, cəmiyyət tərəfindən çıxdaş edilmiş (“dışlanmış”), eybəcərliyi üzünə vurulmuş, “ikinci növ” olduğu başına qaxılmış biri olaraq qərara gəlir: “Sevmirəm mən heç kəsi, Qoy, hamı sevsin məni”. Bu arada, Tıq-tıq xanımın sivil bir personaj olaraq, hər cür cəsarətli addımlara da açıq olduğunu xatırlatmaqdan çəkinməyəcəyəm. Bu gün vətəndaş nikahından, azad cəmiyyətdən dəm vuran post, post, bir də postmodernist(ka) yazarlarımız, ateist(ka), feminist(ka), sionist(ka), ekspressionist(ka), lap elə illüzionist(ka) və s. və i.a. “istlər” və “istkalar” “Tıq-tıq xanımın nağılı”nı diqqətlə oxusalar, görərlər ki, onlar nə birincidir, nə də axırıncı. Hətta yığışıb “vətəndaş nikahı” ideyasının ilk qaranquşu kimi, Tıq-tıq xanıma abidə ucaltmaq üçün xeyriyyə aksiyaları da keçirərlər.

O ki qaldı tamaşaya, mənə görə, Tıq-tıq xanım (C.Allahverdiyeva) Siçan bəydən (Əməkdar artist R.Rəhmanov) qat-qat səmimidir və hadisələrə real yanaşmağı bacarır. Ona görə ki, özünü olduğundan fərqli təqdim etməyə çalışmır. Siçan bəy (R.Rəhmanov) isə günümüzdə olduqca sıx rastlaşdığımız simalardandır. Hətta Çoban (R.Rəhmanov) və Tülkü (Samirə Nəcəfova) obrazları da Siçan bəydən səmimidirlər. Tamaşaya əlavə olunmuş Taq-taq (Rəhim Rəhimov) nikbin personajdır. Hətta o qədər nikbindir ki, beləsinə nəinki həyatda, heç nağıllarda da rast gəlmək mümkün deyil. Bəlkə də, buna görə rejissor Q.Məsimov belə bir personajı uydurmaqla uşaqları (elə böyükləri də) inandırmağa çalışır ki, yer üzündə heç də hamı “sevirsən sev, sevmirsənsə, broşkanı qaytar” məntiqi ilə yaşamır. Bunun tam əksi olan “sevəcəyəm səni, sən sevməsən də” məntiqi ilə yaşayanlar da var. Elə Taq-taq kimi. Uzun sözün qısası, Taq-taq sonda Tıq-tıqın darda olduğunu duyur və oxu axtarmağa gedir. Tıq-tıqı xilas edərək, tamaşanı xoşbəxt sonluqla bitirir.

Bu gün Kukla teatrı ancaq kukla teatrı deyil. Artıq dünya teatr məkanında kukla teatrının ancaq uşaqlara aid olması təsəvvürü də sındırılıb. Məni qınamayın, ancaq mənə elə gəlir ki, kukla teatrının istənilən ədəbi əsasdakı istənilən mətləbləri təcəssüm etdirmək imkanları dram teatrından, lap elə opera teatrından da artıqdır ki, az deyil. Son dövrlərdə dünya kukla teatrında baş verən tendensiyalara ötəri də olsa, nəzər salanda yuxarıdakı fikrin təsdiqini tapmaq çətin deyil. Məsələn, Modern Hotel Teatrının işlərinə qibtə etməmək mümkün deyil. Elə Tiflisdə baxdığım “Stalinqrad döyüşləri” tamaşasında (R.Qabriadze) köks ötürərək, “Bəyin oğurlanması” bədii filmindən M.Babayevin personajının məşhur kəlmələrini təkrarlamağa məcbur oldum.

Könül Əliyeva

Teatrşünas

# 5921 dəfə oxunub

Müəllifin son yazıları

# # #