“Fokus” jurnalının yeni sayı çap edilib

“Fokus” jurnalının yeni sayı çap edilib
28 dekabr 2012
# 17:08

“Fokus” analitik kino jurnalının növbəti nömrəsi çapdan çıxıb. Redaksiyadan verilən məlumata görə jurnalın buraxılışı Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşib. Gənc Kinematoqrafçılar Assosiasiyası tərəfindən nəşr olunan jurnal peşəkar kinematoqrafçılar tərəfindən maraqla qarşılanır.

Dekabr nömrəsində Jan Lyuk Qodarın master-klassı, alman kinorejissoru Verner Hersoqun müsahibəsi yer alıb. Nömrənin özəlliklərindən biri filosof, ictimai xadim Heydər Camalın mühazirəsidir. Bu müəllifin doğma dilində ilk nəşridir. Son dövrlərin səs salmış filmlərindən olan “Dolu” və Amerika Kino Akademiyasının Tələbə Oskarı mükafatına layiq görülmüş “Tabutçunun yelləncəyi” filminə resenziyalar müasir Azərbaycan kinematoqrafı haqda təsəvvür yaratmağa kömək edəcək.

Müharibə edən ölkənin kinosu necə olmalıdı sualına Aysel Əskərova “Kinoda savaş” məqaləsində axtarır. Jurnalın daimi müəlliflərindən olan Aliyə Dadaşova “kino və magiya”, professor Aydın Dadaşov isə Line Rifenştalın filmoqrafiyası nümunəsində “Totalitarizmdə Tv və təbliğat” mövzusunu araşdırır. Foto rubrikanın qəhrəmanı Cahangir Yusifin fotolarıdır.

Tamaşaçılara “Küçələrə su səpmişəm” filmindən tanış olan kinorejissor Nicat Feyzullayevin “Əgər qismətim olarsa” ssenarisi dekabr nömrəsində yer alıb. Teatrşünas Aydın Talıbovun “Triyer üçün Dəccal kimdir?” məqaləsində “Antixrist” filminin orijinal traktovkasını verir.

Bundan başqa “Ağabəyovlar” serialının həmmüəllifi Kamran Qasımov, kino rejissor Mirnaib Səlimli və icraçı prodüser Nadir Əliyevlə müsahibə jurnalda yer alıb.

Jurnalı Nizami Muzeyinin, Qız Qalasının yanındakı “Əli və Nino” kitab mağazasında əldə edə bilərlər.

# 3131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #