Ancaq konsert verməyə yarayan teatrlarımız

Ancaq konsert verməyə yarayan teatrlarımız
11 mart 2016
# 15:35

Kulis teatrşünas Könül Əliyeva-Cəfərovanın məqaləsini təqdim edir.

1. Boynu minnətli üzü töhmətli teatr əslində kimə lazımdır?

2. Teatr: 10 mart-100 dərd

3. Teatr: Bədbəxtliyə görə mükafatlandırma

Əlahəzrət TEATR, doğum günün mübarək?

Teatr şəhərin yaradıcılıq həyatının vacib təzahürlərindən biridi...

Teatr hər hansı bir şəhərin digər şəhərlər arasında mövqeyini təyin və nümayiş etdirən faktor, şəhər mədəniyyətinin variantlarından biridi...

Teatr şəhərin həm maddi, həm də mənəvi mədəniyyətində ifadəsini tapan dialoq formasıdı...

Teatr şəhərlə şəhər əhalisinin dialoqu, şəhərin öz əhalisi ilə danışdığı dildi...

Teatr müxtəlif tələbatlara, fərqli zövqlərə, gözləntilərə malik şəhər publikası kontekstində fəaliyyət göstərir və beləliklə də, müəyyən mənada, sosial statusuna, sənət düşüncəsinə, bədii zövqünə, siyasi mövqeyinə görə fərqli olan, bu və ya digər submədəniyyətə məxsus insanları vahid məkanda birləşdirir. Əslində, şəhər içrə müxtəlif submədəniyyətlərə malik insanlardan ibarət publika da öz növbəsində teatrın sosial obrazını, bədii-estetik siqlətini, sənət yönümünü təyin edir.

Edirmi? Bu sualın qoyuluşu bir az ədalətsiz olsa da, sualın varoluşunu unutmaq, görməzdən gəlmək çətindir. Xüsusən də, Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən tədbirdən sonra... Elmi-praktiki konfransdan sonra teatr zəhmətkeşlərini, fədailərini (bu ifadə ürəyimi bulandırır – iqtisadiyyatda, siyasətdə və s. çalışanlar insandır, mədəniyyətdə çalışanlar fədai. Axı kim uydurub bu cəfəngiyyatı?!) mükafatlandırma mərasimi keçirildi. Mükafat alan hər fədaini ürəkağrısı ilə alqışladım, bəzilərini üzümə üz tutaraq təbrik də elədim, can dərdi. Lap elə əlahəzrət teatrı təbrik etdiyim kimi...

Əlahəzrət TEATR, doğum günün mübarək...

Bakı teatrlarının problemləri bir yana, məni həmişə ən çox narahat edən bölgə teatrlarının taleyidir, oraya üz tutan gənclərin (əgər varsa) müəmmalı gələcəyidir. Əslində, bölgələrdə teatrın rəqibi (müxtəlif əyləncə-oyun mərkəzləri, kinoteatrlar, sinemaklublar və s.) yoxdur. Buna görə də, yeganə istirahət və əyləncə məkanı olaraq teatrın regionlarda varlığı həm labüddür, həm də yaşamaq imkanları böyükdür. Bu, nəzəriyyədə olduqca maraqlı səslənir və daha cəlbedici görünür. Lakin baxaq mövcud, real mənzərə necədir: həmkarlarımın araşdırmaları və özümün şəxsi müşahidələrim, təbii ki, mövcud faktlar da onu deməyə əsas verir ki, bölgələrdə teatr, əsasən, formal müstəvidə mövcuddur, əslində isə cansız, ölü orqanizmdir. Çünki regionlarda teatr “yuxarıdan inqilab” nəticəsində, sovet rejiminin diktəsi ilə, dövlətin mədəniyyət siyasətinin bir qolu kimi yaranıb. Dövlət bu və bu tipli fəaliyyət strukturlarını “ideoloji maşın” kimi qorumaqda maraqlı idi və o vaxt teatrlar bu funksiyanı da “layiqincə” yerinə yetirirdi. Lakin baxaq indi bu teatrlar hansı funksiyanı yerinə yetirirlər: maarifçi, əyləncə, ideoloji? Heç biri... Heç bir funksiyanı yerinə yetirməyən bir teatrı “xəstə, ölü orqanizm” kimi saxlamağın heç bir əhəmiyyəti də yoxdur. Bu gün orada fəaliyyət göstərən fədailəri “başalladıcı” mükafatlarla təltif etmək, onların bədbəxtliyinə bədbəxtlik qatmaqdır. Üzdə büruzə verməsəm də, mənim üçün o mənzərəni izləmək, həqiqətən, çətin idi.

Kiçik bir araşdırma aparmaq kifayətdir ki, bölgə teatrlarının paytaxt teatrlarından və bir-birindən qopduğunu və bir-birinin fəaliyyətindən bixəbər olduğunu görəsən. Bölgə teatrlarına gənc kadrlar gəlmir, teatrların yaradıcı heyətinin böyük bir qismini qeyri-peşəkarlar, özfəaliyyət səviyyəli aktyorlar təşkil edir. Bəlkə elə bu səbəbdən də yerli hakimiyyət orqanları bu teatrları “konsert verən” müəssisə qismində görür və qavrayır. Hərçənd yerli hakimiyyət orqanları üçün La Skala da konsert müəssisəsidir, elə ona görə də...

Əlahəzrət TEATR, doğum günün mübarək...

Azərbaycan dövlətinin etnik siyasətinin tərkib hissəsi kimi yaradılan Qusar Ləzgi Dram Teatrı və Qax rayonu Əlibəyli kəndində yerləşən Gürcü Dram Teatrı faktiki olaraq heç bir fəaliyyət göstərmir və dövlətin etnik siyasətinin, milli azlıqlara olan tolerant münasibətinin, multikulturalizmin ifadəsindən başqa bir şey deyil.

Qaçqın-köçkün teatrları – Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrının bədii və texniki səviyyəsi heç bir vəchlə qənaətbəxş sayıla bilməz və onların milli teatr prosesinə, demək olar ki, heç bir qatqısı yoxdur. Bu teatrlar sistemli tədbirlər vasitəsilə inkişaf etdirilərək həmçinin ideoloji əhəmiyyət kəsb edə, beynəlxalq teatr festivallarında Azərbaycanın ideoloji siyasətini təbliğ edə bilər. Əks halda...

Əlahəzrət TEATR, doğum günün mübarək...

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatr sistemində köklü dəyişikliklərin edilməsini, dövlət teatrlarının çağdaş təməllər üzərində qurulmasını nəzərdə tuturdu. Mütəxəssislər tərəfindən proqram və proqramda nəzərdə tutulan islahatların daha çox cari məqsədlərə deyil, strateji niyyətlərə yönəldiyi və bu islahatların mütərəqqi xarakteri, milli teatr prosesinin inkişafına əhəmiyyətli təsir göstərəcəyi vurğulanırdı. Artıq qoyulan müddətin 7 ili geridə qalıb. Doğrudur, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər, teatr konfransları keçirildi, binalar təmir olundu, ən son texnika ilə təchiz edildi. Nə dəyişdi? Burada susma haqqımı qullanıram... Mən yox, içimdəki səs isə deyir ki, “yeni hamam, köhnə tas”. Tas elə taslığında qalmaqdadır. Teatrlar dövlətin “əlinə baxmaqdan” qurtulmayınca tas elə tas olaraq da qalacaq. Teatr azad olmayınca, alternativ teatr sistemləri formalaşmayınca teatr industriyasının yenidən qurulmasına yönəlmiş istənilən lokal tədbir və islahatlar öz nəticəsini verməyəcək və görülən işlər paliativ (yarımçarə) xarakterli olacaq.

Nə qədər sərt səslənsə də deməliyəm ki, avropatipli teatr dediyimiz bu nəmənə bir millət, bir xalq olaraq etnogenezisimizdə yoxdur. Bu, rus mədəniyyətinin süzgəcindən keçib gələn bir ənənədir və bizim əynimizdə özümüzünküləşməyənəcən həmişə “başqasının köynəyi” təəssüratını yaradacaq. Qədim Yunanıstana məxsus, lakin hazırda Türkiyənin ərazisinə daxil olan Efes (200.000 nəfərlik əhalisi, 25.000 nəfərlik teatr binası), Aizonia, Pergamon (50.000 nəfərlik amfiteatr), Milet (15.000 nəfərlik teatr), Hierapolis (9500 nəfərlik), Aspendos, Knidos və s. antik yunan şəhərlərini birləşdirən ortaq cəhət bunların hamısında teatr binasının olmasıdır. Təkcə Efesdə 200 min əhali yaşadığı halda, orada 25 min nəfərlik tutumu olan teatr tikilib. Bu o deməkdir ki, bir tamaşanı bir neçə dəfə oynasaydılar, şəhərin o tamaşanı görməyən bir nəfəri də qalmayacaqdı. Teatrı ruhunda, genində, canında, qanında hiss edən bir toplumda belə nümunələrin sayı istənilən qədərdir.

Azərbaycan teatrının da qədim tarixi ənənələri var... Ancaq o teatr italyan qutusunda deyil, meydanlarda, küçələrdə baş verib. Mənə görə, teatrın yaşamağının, bir mədəniyyət faktı kimi mövcud olmağının yeganə yolu onu bər-bəzəkli binalardan “xilas edib” yenidən meydanlara (təbii ki, hərfi mənada yox) buraxmaqdır. O, meydanlarda, küçələrdə hansısa bir formada nəfəs almağın və özünə qayıtmağın yolunu mütləq tapacaq. Orada nə baş verəcəksə, üzvi şəkildə baş verəcək və üzvi şəkildə baş verən istənilən teatr olayı özünün məntiqi axarını mütləq tapacaq və yerini tutacaq.

Əsl mədəni mühit özü özünün teatrını yaratmalı...

Dövlətin yaratdığı minnətli teatrın kölgəsində mürgüləməməli...

Özünün teatrını və mədəniyyətini yarada bilməyən bir mühit isə nə şəhər mühitidir, nə də mədəni mühit. Buradan boylananda isə görünən odur ki, Azərbaycanda Bakıdan başqa şəhər yoxdur. Dərinə gedəndə elə Bakının özü də...

Əlahəzrət TEATR, doğum günün mübarək...

# 1170 dəfə oxunub

Müəllifin son yazıları

# # #