Elektron kitablar kağızın yarı qiymətinə olacaq

Elektron kitablar kağızın yarı qiymətinə olacaq
20 yanvar 2015
# 13:00

Türkiyədə yayımlanan ilk elektron kitabın sahibi “Can Yayınları” bu sahədə əlinə aldığı liderlik kreslosunu kiməsə ötürmək fikrində deyil. “Edebiyathaber”-in yaydığı məlumatda e-kitab sahəsində lider olan qurumun yenə bir ilkə imza atdığı bildirilir.

Yanvar ayının birindən etibarən qüvvəyə minən manifestdə açıqlanan qərara görə, bundan sonra “Can Yayınları” etiketi daşıyan bütün e-kitablar kağız formatda satıldığı qiymətin yarı qiymətinə satılacaq.

Avropa və Amerikada dövrlə ayaqlaşaraq texnoloji cihazlara axın edən və sürətlə genişlənən elektron yayım Türkiyədə hələ ki tam qəbul edilməyib. Oxumaq və əldə etməklə bağlı oxucuların qarşılaşdıqları problemləri aradan qaldıran, onların işlərini asanlaşdıran e-kitab sisteminin Türkiyə bazarında özünü təsdiqləyə bilməməsinin birinci səbəbi maraqlı və keyfiyyətli əsərlərin az olmasıdırsa, ikinci səbəbi qiymətlərdədir.

Nəhayət, e-kitabın Türkiyədəki taleyini dəyişdirəcək ilk addım “Can Yayınları” tərəfindən atıldı. Yeni e-kitab siyasətinin nəşriyyat üçün böyük fədakarlıq yox, sadəcə ədalətli qiymət siyasəti olduğunu deyən qurumun rəhbəri Can Öz: “Biz naşirlər tətbiq etməyə başladığımız gündən bəri oxucuya niyə e-kitab oxumalı olduğunu izah edəcək məntiqi səbəblər açıqlamadıq. Məncə, tətbiq etdiyimiz bu qiymət siyasəti bütün naşirlərin üzərində düşünməli olduğu məsələdir. Bu il müəllif hüquqları və müqavilələr hüquqi baxımdan mane olmazsa, nəşriyyatımızın dərc etdirdiyi bütün kitabların elektron versiyasını tərtib etməyi hədəfləmişik” – deyə, bildirib.

Kaspi.az

# 1417 dəfə oxunub

Müəllifin son yazıları

# # #