İntihar edənlər ölmək istəmir-ALT QAT

İntihar edənlər ölmək istəmir-<span style="color:red;">ALT QAT
4 dekabr 2014
# 17:28

İnsanlar niyə intihara meylli olur? İntiharların artmasının səbəbi nədir? Onları buna təhrik edən səbəblər hansılardır? Kulis.Azın “Alt Qat” layihəsində bu suallara şair Murad Köhnəqala və psixoloq Elnur Rüstəmov cavab verir.

Murad Köhnəqala: “Fikrimcə, insanın intihar qərarı müvəqqəti psixoloji haldı. Bu mənada, intihar hadisələrini araşdıran mütəxəssislər xüsusi qeyd edirlər ki, öz ömürlərinə son qoyanların əksəriyyəti son anda peşman olur. Məsələn, özünü asan şəxslərin boğazında çox zaman cırmaq izlərinə rast gəlinir. Yəni, insan son anda intihar etdiyi üçün peşman olur, ölümə müqavimət göstərir. Demək, intihar qərarı ağılın deyil, emosionallığın, çılğınlığın nəticəsidi. İntihar fikrinə düşən adamı bu düşüncədən daşındırmaq mümkündü. İntihar barədə düşünənin ciddi problemləri var. Problemini həll etməklə onu həyatda saxlamaq mümkündü. Hətta həmin anda insanı ümidverici bir nitqlə fikrindən döndərmək olar.

Yaşadıqlarıma və gördüklərimə əsaslanaraq onu xüsusi qeyd edim ki, özünə qəsd etmək ideyası əksər hallarda güclü depressiyadan törəyir. Qəti deyirəm, ağır depressiya keçirməyən insan intihar edə bilməz. Söhbət əqli problemləri olmayan adamdan gedir!

Depressiya yaradan səbəblər isə insanın həyat tərzindən asılı olaraq müxtəlif ola bilir. Burada ağır, yüngül, hətta bizə gülməli görünə bilən səbəblər də mövcuddur. Yəni birini, başqalarına gülünc görünən problem depressiya halına sala bilər.

İntiharların səbəblərindən biri də maddi durumla bağlıdı. Bu da ümidsizliyə, ümidsizlik depressiyaya, depressiya isə intihara gətirib çıxarır. Patriarxal cəmiyyətin qanunlarına görə problemin ağırlıq mərkəzi ailə başçısının, yəni kişinin çiyninə düşdüyündən, bütün maddi çatışmazlıqlara görə o, özünü günahkar bilir və çıxılmaz vəziyyətə düşür. Demək istədiyim bu ki, cəmiyyətimizdəki intiharların əsas səbəbi maddi yoxsulluqla bağlı olsa da, digər daha tutarlı bir səbəb də bizdəki ailə münasibətlərinin yanlış ənənələr əsasında formalaşması ilə bağlıdı.

"Arvad-uşaq sahibi olmaq" düşüncəsi ailə firavanlığı üçün həddən çox öhdəliklər götürmək məcburiyyəti yaradır. Maddiyyata hər şeydən artıq aludə olan bir toplumun ailə instinkti də ibtidai prinsiplərdən bir addım belə kənarlaşmayaraq, özündə vəhşi qəbilə qayda-qanunlarını yaşadır. Bu da intihar hallarının çoxalmasına aparıb çıxarır”.

Elnur Rüstəmov: “Ümumiyyətlə intihar edən insanların böyük bir qisminin məqsədi ölmək deyil, insanları öz problemlərinə yönəltməkdir. Yeniyetmələr zaman-zaman ailəni “Özümü öldürəcəm”lə şantaj edirlər və ya xanım həyat yoldaşının diqqətini cəlb etmək üçün bu addımı atır.

Ən klassik intihar forması özünü asmaq hesab edilir. Statistika göstərir ki, özünü asan insanların belə əksəriyyətinin boğazında cırmaq izləri olur. Bu da onu göstərir ki, ən sonda onlar həyata geri dönmək istəsələr də artıq gec olur.

Yəni insanların böyük bir qismində məqsəd özünü öldürmək deyil. İnsanın ən böyük qorxusu ölüm qorxusudur. İntihara meylli xarakter tiplərinə isterik xarakter tipi deyirlər. İsterik xarakter tipli insanlar intihar zamanı bir şou da göstərirlər. Pəncərəyə çıxıb “Özümü atacam” deyir, amma atmır, hamı yığışıb ona tamaşa edir.

Ancaq son zamanlar belə bir tendensiya yaranıb: İnsanların diqqətini öz probleminə yönəltmək üçün edilən intihar cəhdləri. “Koroğlu” körpüsündə baş verənləri yada salın. Bunların əksəriyyətinin tələbi hansısa bir məişət problemindən doğur. Diqqəti cəlb etmək üçün məhz o yeri hədəf seçirlər. O yerin hədəf seçilməsi özü bir texnoloji məqamdır. İnsanlar çox vaxt kimisə təqlid etməyə meylli olurlar. Əgər sonuncu intihar xəbərində kiminsə özünü asması baş veribsə, həmin dövr intiharlarda daha çox asmaq üsulu geniş yayılır. Axır vaxtlar belə hadisə bir neçə dəfə oldu deyə insanlar da əsas hədəf kimi körpüyə çıxmağı seçirlər.

Bir daha təkrar edirəm, intihara cəhd edənlərin böyük bir hissəsi ölmək istəmir. Bayaq qeyd elədiyim kimi məqsəd şou göstərməkdir. Ona görə də düşünürəm ki, bununla bağlı ciddi tədbir görmək lazımdır. Mən bildiyimə görə o körpüyə çıxanlardan biri üç-dörd ay bundan əvvəl başqa bir körpüyə çıxıbmış. Həmin adamla bağlı islah tədbiri görülsəydi o bir də körpüyə çıxmazdı. İnsanları bu addımı atandan sonra boş buraxmaq olmaz. Onlarla işləmək lazımdır. Bu insanlar digər insanlara kifayət qədər stress, gərginlik verir. İnsanların psixoloji durumuna mənfi təsir göstərir. Odur ki, həmin adamlar bununla bağlı məsuliyyət daşımalıdır. Mən düşünürəm ki, belələri müalicə edilib müəyyən müəssisələr tərəfindən nəzarətə götürülməlidir. Bu məcburi şəkildə aparılmalıdır.

İntiharın baş verməsində genetik, sosial, psixoloji faktorlar ola bilər. Daha çox psixoloji faktorlar özünü göstərir. Ən sonda yer alan faktorlardan biri də iqtisadi faktordur. Çox zaman insanların iqtisadi faktorlardan intihara cəhd etməsi qabardılsa da belə şey geniş şəkildə görünmür. Skandinaviya ölkələri dünyanın ən varlı ölkələridir. İntihar göstəricilərinə görə isə Skandinaviya ölkələri həmişə birinci yeri tutub.

İntihara təsir göstərən əlamətlərdən ən barizi özgələşmədir. İnsanlar bir-birinə yadlaşıb. Bu ailə münasibətlərindən tutmuş kollektiv münasibətlərə qədər hər yerdə özünü göstərir. İnsanlarda ifrat fərdiləşmə prosesi gedir. Bugünkü münasibətlərin böyük bir qismi maraq üzərində qurulub. Əgər insanları maraqdan başqa birləşdirən bir dəyər yoxdursa o münasibət nə qədər davam edə bilər? İnsanlarda bir-birinə qarşı, özünə qarşı çox böyük güvənsizlik var. Bu istiqamətdə çox ciddi işlər aparılmalıdır. Bundan başqa insanlarımızda komforta çox ciddi meyl yaranıb. İfrat komfort da insanlarda gərginlik, stress yardır. Çünki insanın komfortuna təsir göstərən bir şey olduqda o, aqressiv münasibət göstərir”.

# 3450 dəfə oxunub

Müəllifin son yazıları

# # #