Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti repertuarda klassikaya çevrilmiş “Cırtdan” tamaşasını tam yeni quruluş və müasir səhnə tərtibatında hazırlayıb.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb.
Müxtəlif kukla texnikalarının istifadə olunduğu tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Birhissəli kukla tamaşasının bəstəkarı məşhur uşaq bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq.
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.
Dekabrın 24-də premyerası baş tutacaq tamaşa Mirmehdi Seyidzadənin 110 illik yubileyi münasibətilə hazırlanıb.