“Ədəbiyyat qəzeti”ndə maaş alan meyit

“Ədəbiyyat qəzeti”ndə maaş alan meyit
4 oktyabr 2014
# 13:31

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli yeni vəzifəsinə “bismillah” eləməmiş öz istəyi ilə tutduğu vəzifədən qəfildən istefa verib. Elçin Hüseynbəyli mətbuata adam öldürmədiyini deyərək, istefasını qəzetdə işlərin çoxluğu ilə əlaqələndirsə də hamıya məlumdur ki, Yazıçılar Birliyi və onun mətbu orqanları olan “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti” yaşından asılı olmayaraq istedad sarıdan əziyyət çəkən biçarələrin imdad dilədiyi ziyarətgahlara çevrilib. Ora gedənlər işləməyə yox, nəzir-niyaz verib, dərdlərinə şəfa diləməyə gedirlər.

Bunu istefasının bal ayına yollanarkən əməkdaşımızla yolüstü söhbətində Elçin Hüseynbəyli də təsdiqləyib: “Mənim indi “Qarabağnamələr” kimi uzun-uzadı yazılar yazan vaxtımdır. Mən isə redaktor işlədiyim vaxt poçt işçisinə dönmüşdüm. Gündə yüz dənə zəng gəlirdi, hərə bir şey xahiş edirdi. Hamısı da Yazıçılar Birliyinin qoca, xəstə üzviləri. Zəng vurub deyinirdilər ki, niyə bizə diqqət göstərmirsiniz? Qoca bir yazıçı Salyandan hər gün zəng edirdi ki, niyə gəlib məndən müsahibə götürmürsünüz? Mən də Heminquey kimi yekə bir balıq tutmuşam, hal-hazırda Kürün ortasında qayıqdayam, balıq məni də Santyaqo kimi dartıb aparır. Əvvəllər qarmaqla balığı idarə etmək çətin idi, sağ olsun “Ovçular idarəsi”, yüyən göndəriblər, balığı yüyənləmişəm. Quruya çıxan kimi mən də “Qoca və dəniz” yazacağam. Biri “Qocalar evi”ndən hər gün zəng vurur ki, mənə də diqqət göstərin. Soruşuram nə istəyirsən? Deyir telefonuma kontur yükləyin. Ancaq yenə deyirəm, o adamı mən öldürməmişəm, mən, sadəcə, redaksiyada meyit tapılan gün istefa vermişəm. Qoy desinlər ki, bacarmadı getdi. Mən onu tapdamamışam. Bacardığım qədər çalışdım ki, onu dirildim, inkişaf etdirim. Buna nə qədər nail oldum, deyə bilmərəm. Mənə inanmırsınızsa, gedin Fikrət Qocadan soruşun”.

Məsələ ilə əlaqədar birinci katib Fikrət Qocaya üz tutduq: “Elçin düz deyir. Onu Elçin öldürməyib, o, sadəcə, istefa verib. Ayaz Vəfalı deyir ki, mən işdən çıxanda orda meyit-zad yox idi. Mən özüm şeir yazıram, Elçin isə roman yazır. Onu bezdirirdilər. Bir arvad var, onu mən də tanıyıram, hər gecə bir şeir yazıb səhər düşür redaksiyaların çanına, qoltuğunda da bir bağlama şorqoğalı. Hara gəldi ovub-tökür, yaradıcılığıma mane olur. Elçinin fikri ilə razıyam. O, sadəcə, meyiti görüb, o, adam öldürməyib, istefa verib. Şəxsən mən də belə edəcəyəm, meyiti görən kimi istefa verəcəyəm. Bəlkə, Ayaz müəllim də meyiti görübmüş, sadəcə, istefa verməmək üçün onu illərdir gizləyirmiş. Ancaq Elçin roman yazır. Mən özüm şeir yazıram. İnanmırsınızsa, Xəyaldan soruşun. Ay Xəyal, ə, bu uşaq-muşağı özün yola sal da”.

Xəyal Rza: “Çox yoruluram, yaradıcılığıma vaxt qalmır. Anar müəllimdə də Elçin Hüseynbəylinin fəaliyyəti ilə bağlı heç bir narazılıq yoxdur. O, olmasaydı meyit, bəlkə də, tapılmayacaqdı,bu da özünü mətbuatda büruzə verəcəkdi. Əslində, Elçin bu meyiti tapmaqla biz yeni kadrların gözünü açdı. Bəlkə də, hamımızın kabinetində bir meyit gizlədilib. Ancaq biz adam öldürməmişik. Ola bilsin ki, meyiti Elçinin otağına Aydın xan qoyub. Bilirsiniz ki, Elçin onu gözümçıxdıya salmışdı. Elçinin dövründə köhnə məqalələr yeniləndi. “Ədəbiyyat qəzeti” kiril əlifbasından latınca keçdi. Cırıldayan yaşlı işçilər yağlandı, küsülülər barışdı. Nə qədər çürük diş çəkildi. Tüklənib bığa bənzəyən qaşlar alındı, ən əsası, Aydın xanın başına saç əkildi. Heyətin gəncləşdirilməsi öz bəhrəsini verdi. Qoca yazarların imzaları dəyişdirildi. Çünki Elçin Hüseynbəyli baş redaktor təyin olunduqdan sonra onların maaşı artdı. Mən də inanmıram ki, o adamı Elçin müəllim öldürüb, o, sadəcə, istefa verib. Ancaq hər halda, belə bir şey baş verə bilər. Hazırda onun vəzifəsini Azər Turan icra edir. İndi İdarə Heyətinin iclasında “obed” vaxtıdır. Mənə inanmırsınızsa, gedin ondan soruşun”.

Azər Turan sualımızı eşidəndə əvvəlcə xeyli güldü: “ Bu məsələdə Ekonun “Qızılgülün adı” romanını yenidən yazmağa ehtiyac yoxdur. Elçinin tapdığı o meyit “Ədəbiyyat qəzeti”nin ilk işçilərindən biridir, çoxdan rəhmətə getməsinə baxmayaraq, hamı kimi maaş, qonorar verilən gün dirilib cədvələ qol çəkir, sonra yenə ölür. 1934-cü ildən bizdə işləyir. Öldüyündən heç özünün də xəbəri yoxdur. Sadəcə, ildə bir dəfə redaksiyamızı təmizləyən Ərkinaz xala onun oturduğu otağı silib-süpürəndə mərhumu aparıb Elçin müəllimin otağına qoyub ki, kişi pol əskisinə ilişməsin. Özü də bu cür zəhmətkeş meyitlər bütün yaradıcı təşkilatlarda var, o cümlədən də AYB strukturlarında.Elçin müəllim düz deyir, o, adam öldürməyib, sadəcə, istefa verib. Mənə inanmırsınızsa, gedək redaksiyada meyitin özündən soruşun”.

Meyitdən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. “Qoyun ölüm öldüyüm yerdə” deyib qəzəblə qapını üzümüzə çırpdı.

# 3192 dəfə oxunub

Müəllifin son yazıları

# # #