Tokay Məmmədovun yubileyi qeyd olundu

Tokay Məmmədovun yubileyi qeyd olundu
18 iyul 2017
# 09:54

İyulun 17-də Nizami Kino Mərkəzində görkəmli heykəltəraş, Xalq Rəssamı, Dövlət mükafatı laureatı Tokay Məmmədovun anadan olmasının 90 illik yubileyi qeyd edilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli sənətkarın yaradıcılığından söz açıb.

Qeyd olunub ki, 1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn T.Məmmədov Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.

Vurğulanıb ki, T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

Diqqətə çatdırılıb ki, heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu” büst portretlərini qeyd etmək olar.

Görkəmli sənətkarı 90 illik yubileyi münasibətilə təbrik edən nazir ona yaradıcılıq uğurları arzulayıb. Sonra Ə.Qarayev yubilyara Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təbriklərini çatdıraraq, ona “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sənətkarın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Hazırda 90 yaşlı sənətkar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc heykəltəraşların yetişməsində böyük xidmətlər göstərir. Sonra F.Xəlilov yubilyarı rəhbəri olduğu qurumun adından təbrik edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev sənətkarın ömür yolundan, yaratdığı sənət incilərindən söz açıblar. Bildirilib ki, T.Məmmədov heykəltəraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Bunlardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu əsərdə qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Heykəltəraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın, Azərbaycan vokal məktəbinin banisi Bülbülün qəbirüstü abidələrini T.Məmmədov yaradıb.

Çıxışlarda sənətkarın yaradıcılığının xüsusiyyətlərindən danışılıb, yaratdığı hər bir əsəri ilə tarix yazdığı qeyd edilib.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

# # #