Vaqif Yusifli: “Bizi hədəfə alıblar”

Vaqif Yusifli: “Bizi hədəfə alıblar”
2 iyul 2015
# 11:24

“Azərbaycan” jurnalında “Çağdaş ədəbi tənqid: problemlər, mülahizələr” mövzusunda keçirilən müzakirədə tənqidçi, “Azərbaycan” jurnalının baş redaktor müavini və müzakirənin moderatoru Əsəd Cahangir tənqidçi həmkarı, filologiya elmləri doktoru, AMEA Ədəbiyyat institutunun tənqid şöbəsinin müdiri Vaqif Yusifli haqqında sərt tənqidlər səsləndirərək onu zamanı keçmiş Belinski ənənələrinin davamçısı adlandırıb. Eyni zamanda bildirib ki, Görücü Məlahətlə bağlı yazdığı kitabda publisistikaya meyllənib.

Kulis məsələ ilə bağlı V.Yusiflinin fikirlərini təqdim edir:

“Mən bu fikirləri yanlış hesab edirəm. Orda yazıb ki, Belinski siyasi ideologiyanı təmsil edirdi. Belə çıxır ki, Belinskinin tənqidi köhnəlib. Amma belə deyil. Onun metodologiyası yenə də durur, köhnəlib eləməyib. Onun fikirləri bu gün də öz əhəmiyyətini itirməyib. Bu mənada Belinskiyə müraciət etmək o demək deyil ki, sən dünyada baş verən proseslərə laqeydlik göstərirsən. Belinski sadəcə olaraq simvoldur.

O ki qaldı publisistika söhbətinə... Bir neçə dəfə bu haqda danışmışam. Mən maraqlı bir insandan kitab yazmışamsa burda qəribə heç nə yoxdur. İstər bədii mətn, istər poeziya, istər dramaturgiya, lap belə elmi əsərlər publisistikasız keçinə bilməz. Bizim ən görkəmli tənqidçimiz Yaşar Qarayevin yazılarında da publisistik ahəng var. Qulu Xəlilovda lap çoxdur. Bəkir Nəbiyevin, Asif Atanın yazılarında da var. Lap elə Əsəd Cahangirin öz yazılarında da var. Publisistik yazı başqadır, publisistik ahəng başqa. Sırf elmi yazılar yorucu ola bilər. Publisistikanı tənqidçiyə günah saymaq, irad kimi tutmaq doğru deyil. Bu “iradı” bir dəfə mənə Nizaməddin Şəmsizadə də bildirib. Halbuki özünün Hüseynbala Mirələmov, Gülağa Tənha haqqında yazdığı kitablar daha çox publisistikdir. Hətta bəzən tənqid yazdığını unudub obrazlı cümlələr işlədir.”

Vaqif Yusifli daha sonra bunları söyləyib: “Mən “Azərbaycan” jurnalında işləyəndə bu cür dəyirmi masalar çox olub. Əsəd Cahangir bunu indi eləyir və bir az da qarma-qarışıq şəkildə eləyir.”

Tənqidçi son günlər onun məxsusi olaraq hədəfə alınmasından da söz açdı: “Diqqət etsəniz görərsiniz ki, son vaxtlar mən, qardaşım Cavanşir Yusifli və Tehran Əlişanoğlu daha çox hədəfdəyik. Səbəbini bilmirəm.”

Açıqlamasının sonunda Vaqif müəllim Əsəd Cahangirlə münasibətlərindən də danışdı: “Əsəd Cahangirin özünə də demişəm, onunla heç bir problemim yoxdur. Əsəd Cahangir unutmasın ki, onun “Azərbaycan” jurnalında işə düzəlməsində mənim böyük rolum oldu. Zəng eləyib dedi ki, məni İntiqam Qasımzadəyə təqdim edin, heç kim tanımır məni. “Ekspress” qəzetində işləyirdi. Mən də dedim, narahat olma, sən istedadlı oğlansan, təqdim edəcəm, işləyəcəksən. Etdim də. 1999-cu il idi. Əsəd Cahangir də mənim yolumu saxlayıb həmişə. Amma 2002-ci ildən qəfil dəyişdi. Ona nə oldu bilmirəm. Yenə də nə düşünür düşünsün, ona hörmətim var, istedadlı tənqidçidir.”

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

# # #