İsa Hüseynovun vəziyyəti yaxşılaşır

İsa Hüseynovun vəziyyəti yaxşılaşır
29 avqust 2013
# 15:01

Xalq Yazıçısı İsa Hüseynovun vəziyyəti stabilləşir. Yazıçının qızı Sevinc Hüseynovanın APA-ya verdiyi məlumata görə, İsa Hüseynov bu gündən özünü yaxşı hiss edir: “Keçən həftə səhhəti kəskin pisləşdi. Demək olar, əlimizdən gedirdi. Sağ olsunlar, Ağstafada həkimlər ciddi nəzarət etdilər, mütəmadi müalicə aldı, indi vəziyyəti normaldır. Müalicəni öz hesabımıza edirik, amma icra hakimiyyətindən, bələdiyyədən nümayəndələr gəlmişdi, vəziyyətimizlə maraqlandılar. Yazıçılar Birliyinin Qazax Filialının rəhbəri Barat Vüsal tez-tez baş çəkir, atamı darıxmağa qoymur”.

Sevinc Hüseynova bildirib ki, yazıçı hələlik yataq şəraitindədir: “Böyrəklərindəki problem tam aradan qalxmayıb, ona görə hələlik ayağa dura bilmir. Amma sentyabrın əvvəllərində müalicəsi başa çatandan sonra ümid edirik ki, gəzə biləcək, Bakıya qayıdacağıq. Əslində, atamdan olsa, Bakıya qayıtmaz, elə Ağstafada qalar. Burda özünü çox rahat hiss edir. Amma mən müəlliməyəm, sentyabrda inşallah Bakıya qayıtmalıyıq ki, iş başında olum”.

İsa Hüseynov 1928-ci ildə Ağstafanın Muğanlı kəndində anadan olub. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. “Məhşər” , “İdeal”, “Qəbiristan” “Tütək səsi” və s. əsərlərin müəllifidir.

# 1810 dəfə oxunub

Müəllifin son yazıları

# # #