Şuşalı qızın tablosunu çəkən rəssam

Şuşalı qızın tablosunu çəkən rəssam
5 aprel 2017
# 15:24

Rəssamın tablolarında istər faciə, istər müharibə, istər bayram, istər mənzərə, istərsə də qadın millilikdən kənara çıxılmayan özünəməxsus və təkrarolunmaz yaradıcılıq fonundadır. Daha çox tarixinə, məmləkətinə, adət-ənənələrinə və milli dəyərlərinə bağlı olan rəssam hər cizgisinə, hər etüdünə, hər etapına kimi azaddır.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və İ. Repin adına Lelinqrad Dövlət Rəssamlıq Akademiyasının Boyakarlıq fakültəsini bitirən, 20 ildən çox bir zaman ərzində pedaqoq olaraq fəaliyyət göstərən rəssam Vaqif Ucatayın 2007-2009-cu illər ərzində Bakıda iki fərdi sərgisi təşkil olunmuş və 30 ilə yaxın rəssamlıq fəalliyyəti ərzində yüzlərlə sənət nümunəsi ərsəyə gətirmişdir.

Rəssamın maraqla qarşılanan və ən təsirli əsərlərindən olan “Şuşalı Qız” əsəri erməni əsirliyində işgəncələrə məruz qalmış Şuşalı qızın gərçək tablosudur. Rəssam bu əsəri kiçik bir tablo olaraq ərsəyə gətirsə də, 2010-cu ildə bu əsəri daha mükəmməl şəkildə, daha böyük həcmdə yaradır.

("Şuşalı qız")

Rəsmlərdəki rəng, mövzu ahəngdarlığı, surət və hərəkətlərin səssizliyi keçmişlə gələcək arasında sanki bir tarazlıq yaradır. Sənət düşüncənin kəşfidir. Sənət düşünməkdir. Sənətkarın, sənətin ömrü olur, yaşı olmur, ölümü olmur. Dünyaya hamının gözü ilə baxmaqdırsa dünyanı hamının gözü ilə görmək deyildir sənət. Hər söz, hər səs, hər rəng, hər görüntü onların, yüzlərin, minlərin kiçicik bir parçasının bir insanda bütövləşməsidir. Həmin adam yaradıcıdır, həmin adam müəllifdir, həmin adam sənətkardır.

("Hanı dediyin bəy ərənlər")

Sənət gec və ya tez tarixə dönür. Zaman sənətkarın ən mürəkkəb dildə danışanını belə ifşa edir, müqayisə etdirir və nəticə çıxarır. Hətta bir rəssam da tamaşaçıdır, bir yazıçı da oxucudur, bir musiqiçi də dinləyicidir.

("Göydən üç alma")

Düşünürəm ki, bütün bu rəsmlər təkcə bir rəssam təxəyyülü, bir rəssam zəhməti deyil, həmçinin də bir rəssam sevgisidir, bir rəssam təbəssümüdür.

("İlin yay fərəhi")

("Nizami işığında")

Gülşad Quliyeva

# 2301 dəfə oxunub

Müəllifin son yazıları

# # #