Bəzi dostlarım utanaraq, bəziləri istehza, bir neçəsi isə sırf maraq xatirinə “Elminin çəkdiyi klipə baxmısan” deyə soruşanda bu qədərini təxmin etmirdim. Eks-jurnalist həmkarımız, istedadlı aktyor Elmin Bədəlovun homoseksuallığı təbliğ edən, “Səni sevən biriləri var” videoroliki barədə deyilə biləcək çox söz var, mən burada onlardan sadəcə bir neçəsini yazacam... Qalanı mənə qalsın....
Klipə baxanlar baxıb, baxmayanlara isə xatırladım ki, keçən il intihar edən homoseksual İsa Şahmarlının xatirəsinə həsr olunub. Onun kimi fərqli cinsi orienasiyalı insanlar psixoloji girdaba düşüb, intihar etməsin deyə çəkilən dəstək xarakterli bir klipdir. Bura qədərini anlayırıq, qəbul edirik... Amma... Demək, Elmin qardaşımız başqa bir jurnalist dostumuz, bu yaxınlarda “Əfruz videosu” ilə ölkəni bir-birinə qatan Cavid Abdullayevlə birgə iki homoseksualı canlandırır. Bunlardan biri darıxır, heç kəsin onu anlamadığını deyir, yazır və bu anda o biri qapıdan içəri girir. Bir neçə dəqiqə sonra qucaqlaşma, üst paltarların çıxarılması və hətta yatağa yuvarlanma...
Özümü homofobik saymıram, cinsi seçimi isə insanların şəxsi öhdəsinə buraxmağın tərəfindəyəm. Amma bunu kiminsə gözünə soxaraq edilməsini qəbul etmirəm. Təbliğata, hünər göstərisinə, sanki dünyayı xilas edirmişcəsinə... meydan oxumanı da məntiqli saymıram. Bəli, heç kimi cinsi seçiminə görə intihara sürükləmək, aşağılamaq olmaz. Tanrı insanları yaratdığı kimi sevir, amma...
Gəl gələlim bu klipə. Məni qınamayın, amma dünyanın heç bir yerində, hətta ən liberal ölkəsində belə homoseksuallıq bu səviyyədə, bu cür çirkinliklə təbliğ olunmur. Tamam, adam intiharın astanasındadır, qapı döyülür və başqa bir homoseksual da gəlir... Burda pərdə qapanmalıdır, əqli qabiliyyəti yerində olan tamaşaçı zatən bu gəlişlə mesajı alır. Bundan sonrasını da təxmin edir. Anlayır ki, homoseksualın hayına hay verən tapıldı, adam intihardan qurtuldu və sair. Dediyim kimi, detallara, xüsusən də insanı çimçəşdirən bu detallara nə ehtiyac var? Bunu estetik şəkildə çatdırmaq üçün çoxillik rejissor, aktyor təcrübəsi lazım deyil axı. Sənə baxan tamaşaçının kimliyini bilirsənsə, necə deyərlər, damara uyğun şərbət verməlisən... Qaş düzəltdiyin yerdə göz çıxarmağa nə gərək?
Üstəlik, Azərbaycanda homofobiya olması ilə bağlı düşüncəni də qəbul etmirəm. Gün ərzində efirdən evimizə nə qədər homoseksual aparıcı, müğənni boylanır? Silikon dodağını, qırmızı şalvarını, manikürlü barmaqlarını neçə-neçə manıs efirdən gözümüzə soxur? Birinin üzünə efir bağlayan olub? Yoxsa camaat onları boykot edib? Verilişinə baxmayıb, telekanalların qabağında zəhmətkeş yürüşləri keçirilib olmaya, bizim xəbərimiz yox? Bu ölkənin ən bərkgedən izdivac verilişlərindən birinin aparıcısı öz qeyri-ənənəvi cinsi orientasiyası ilə fərqlənib, siz nədən danışırsız? Ya da camaat varından-yoxundan çıxıb, onları öz toyuna çağırmırmı? 7-8 il əvvəl nazirliklərdən birində işləyən bir tanış oğlunun toyunda yarım saat oxusun deyə, elə o müğənnilərdən birinə 5 min manat pul saymışdı. Təsəvvür edin, ayağı yerdən götürəcək bir maşının, ortabab rayonda bir neçə sot torpağın qiyməti... Halbuki bu adamı dindirəndə elə toyuna 5 min verib çağırdığı müğənni haqqında “mavinin biridir” deyən birisi idi. Ya da şəhərin ən məşhur prospektlərindən birini (Tbilisi) illərlə onların ixtiyarına vermədikmi?
Bəlkə şəhər sakinləri buna etiraz olaraq gedib prospektdəki yolları bağladılar? Yooox... Kriminal xronikaya göz ataq. Fərqli cinsi orientasiyası olduğu üçün olmaya gündə neçə nəfərsə döyülür, ya da qətlə yetilir? O halda biz hansı homofobiyadan danışırıq?
Qlobal dünya, liberal dəyərlər, bağ, bostan, tarla... haqq-hesabına isə heç girməyəcəm. “Homoseksuallıq yox, rüşvətxorluq, xalqın malını talamaq əxlaqsızdır” demaqoqiyasından da uzağam. Çünki bunu zatən bilirik. Amma sizə o inkişaf etmiş dediyiniz dünya ölkələrindən bir neçə örnək gətirəcəm. Məsələn, Rusiyada qəbul edilən qanuna görə, homoseksuallığı təbliğ edən şəxs və qurumların 12500 avro məbləğində cəzalandırılması ilə bağlı qanun qüvvədədir.
Ya da Fransa nümunəsi. Ötən il Parisdə eynicinslilərin nikahına qarşı iki həftə boyunca etriaz aksiyaları keçirilmişdi. Etiraza səbəb isə eynicinsli nikah quranlara övladlığa götürmə hüququnun verilməsi, surroqat ana xidmətlərindən istifadə edilməsi və ya süni mayalanma üsulundan istifadəyə verilməsidir. Bununla belə, Fransa hökuməti birmənalı olaraq bəyan edib ki, “ailə haqqında” yeni qanun layihəsində bu məsələlər qeyd edilmir. Bu hadisə də Fransada olub, diqqətinizi çəkirəm, Fransada...
İki il öncə Türkiyədə ilk bölümündə homoseksuallarla bağlı yarım dəqiqəlik bir səhnə göstərən, bununla da reytinq qazanmağa çalışan bir serial dərhal yayımdan çıxarıldı, həmin kanala da ciddi cəza verildi.
Örnəkləri artırmaq olar, amma necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Homoseksuallığa görə intihar etməzlər, insanı da intihar həddinə çatdırmazlar, doğru. Amma hünər və ya qəhrəmanlıqmış kimi camaatın gözünə də soxmazlar.
Sayğı, bəylər, bir azca sayğı...
musavat.com