Gürcü şair AYB-dən istefa verdi

Gürcü şair AYB-dən istefa verdi
26 fevral 2013
# 13:54

Gürcü şairi, Gürcüstan PEN klubunun üzvü Şota İataşvili Azərbaycan Yazıçılar Birliyinin yazıçı Əkrəm Əylisliyə münasibətinə etiraz olaraq birliyin fəxri üzvlüyündən çıxıb. O, bu barədə kultura.az saytına məktub yollayaraq bildirib.

“Mən artıq 10 ilə yaxındır ki, Azərbaycan yazıçılarıyla dostluq edirəm. Onlarla birgə müxtəlif ədəbi layihələr hazırlayıram. Onları tərcümə edirəm. 2006-cı ildə mənim redaksiyam altında "Qafqaz evi" nəşriyatı tərəfindən müasir Azərbaycan poeziyası antologiyası işıq üzü görüb. Qeyd edim ki, bu böyük layihənin bir hissəsi idi və bu əsnada mən müasir gürcü və erməni poeziyası antologiyasını da hazırlamışdım.

Antologiya nəşr olunduqdan sonra Bakıya səfərim zamanı məni Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul etdilər və mən bunu minnətdarlıqla qəbul etdim. Bundan sonra mənim Azərbaycan yazıçılarıyla yaranmış işgüzar və dost münasibətlərim indiyə qədər də davam edir.

Lakin Əkrəm Əylisli ətrafında yaranmış bu vəziyyətdə, AYB yazıçını müdafiə etmək əvəzinə onu ittiham edən tərəf olduğu üçün mən bu birliyi tərk edirəm. Əminəm ki, bu qərarım Azərbaycan yazıçılarıyla əsl münasibətlərimizi daha da möhkəmləndirəcək və saxta münasibətlərin qarşısını alacaq.”

# 2333 dəfə oxunub

Müəllifin son yazıları

# # #