Aktyorun şeir kitabı çap olundu

Aktyorun şeir kitabı çap olundu
6 may 2015
# 13:02

Kino və teatr aktyoru, əməkdar artist Vidadi Həsənovun şerlər kitabı nəşr olunub.

“Qum dənələri” adlanan kitab “Xan” nəşriyyatında, 500 tirajla nəşr olunub. Aktyorun kulisə verdiyi məlumata görə kitabda aktyorun 80-ə yaxın yeni şeiri yer alıb. Kitabın təqdimatı mayın 14-də “Kitab evim”də keçiriləcək.

Xatırladaq ki, bu, aktyorun sayca ikinci şeirlər kitabıdır.

Kulis kitabdan seçilmiş yeni şeirləri təqdim edir:

***

Dişimi-dişimə sıxıb

hıçqırdım

səhərə kimi –

nə qadınım bildi,

nə uşaqlarım gördü...

Qonşunun iti də

zəncirini çeynəyə-çeynəyə

hürdü,

hürdü –

səhərə kimi...

***

Başıma

haranın külünü töküm,

haranın daşını salım,

bəlkə başımı salım

çayımı içim –

amma

dabanım qaşınır,

görəsən niyə?

Qoy danışsınlar,

yağlı vədlər versinlər,

uşaq kimi aldatsınlar,

döysünlər,

söysünlər,

dinməyəcəm, mənə nə –

indi

şairləri dilindən soyurlar,

dabanımın nə vecinə?

***

Körpə təbəssümü,

balıq pıçıltısı,

güllə səsi –

və süküt...

Körpə ağladı,

balıq tora düşdü,

əsgər yıxıldı –

və süküt pozuldu...

***

Gülün varsa

demək,

gül qabın da var,

pulun varsa

pul qabın da var demək -

adamın

öz qabında da

bir şey olsun gərək...

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

# # #