2014 - nə qazandıq, nə itirdik?

2014 - nə qazandıq, nə itirdik?
30 dekabr 2014
# 08:30

Yola saldığımız 2014-cü il təkcə yeni maraqlı hadisələrlə yanaşı, itkilərlə də yadda qaldı. Ötən ilin xülasəsinə gəlin, əvvəlcə xoş hadisələrlə başlayaq.

Yeni qurumlar

2014-cü ildə Azərbaycan ədəbiyyatının, elminin inkişafı üçün əlamətdar olan iki qurum yaradıldı.

Bunlardan biri mayın 7-də Azərbaycan Respublikasının sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondudur. Fondun yaradılmasının məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin etməkdir.

Prezidentin 23 may tarixli sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin məqsədi isə tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarətin həyata keçirilməsidir.

Mərkəzin yaradıldığı qısa müddət ərzində artıq bir sıra tərcümə əsərlərinin çapı həyata keçirilib. Mərkəzin nəzdində həftəlik “Aydın yol” qəzeti nəşrə başlayıb. “Xəzər” jurnalının işi yüksək səviyyədə tənzimlənib.

“Qadın” adlı kitablar

2014-cü il bir sıra yazarların yeni kitablarının çapı ilə də yadda qaldı. Bu kitabların hamısının adını qeyd etmək mümkün olmasa da bəzilərinin təqdim edirik. Belə ki, 2014-cü ildə Rasim Qaracanın “On bir gecə”, Seymur Baycanın “Ana ürəyi” romanı və “Həyatımın ən xoşbəxt günü” adlı hekayələr toplusu, Cavid Zeynallının “Leyla”, Həmid Herisçinin “Solaxay”, Nəriman Əbdülrəhmanlının “Qurban”, Cəlil Cavanşirin “Qadın corabları”, Səxavət Sahilin “İsanın qadını”, Kəramət Böyükçölün “Səkkizinci gün”, Natiq Məmmədlinin “Körpüdə ümid”, Səidə Haqverdiyevanın “İsanın yatağındakı qadın” və başqa kitablar çap olunub.

Mətləb Ağanın “11-ə qədər”Səhər Əhmədin “Görüşməyənədək” adlı şeir kitablarını da qeyd etmək yerinə düşər.

2014-cü il Nobel Ədəbiyyat Mükafatı çoxlarının düşündüyü kimi nə Milan Kunderaya, nə də Haruki Murakamiyə deyil, dünyada bir o qədər tanınmayan Patrik Modianoya verildi. O, “Ən ağlasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə görə” Nobel mükafatına layiq görülüb.

İtkilər...

Ötən ilin ən böyük itkilərindən biri, şübhəsiz ki, İsa Muğanna oldu. Böyük yazıçı aprelin 1-də vəfat edib.

İsa Mustafa oğlu Hüseynov 12 aprel 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. “Saz”, “Tütək səsi”, “Teleqram”, “Kollu-koxa” “Məşhər”, “İdeal” kimi əsərlərin müəllifi olan yazıçı Azərbaycan ədəbiyyatının, romançılığının inkişafında misilsiz xidmətlər göstərib.

Bakı şəhərində ürək çatışmazlığından vəfat edən İsa Muğanna Fəxri Xiyabanda dəfn olunub.

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" kimi telepyesləri ilə tamaşaçıların ürəyini fəth etmiş yazıçı Aslan Qəhrəmanlı yanvarın 19-da 74 yaşında Bakıda vəfat etdi. O, doğulduğu Ağstafa rayonunda dəfn edildi.

Dostların “abi” adlandırdıqları, özünün həyatsevərliyi, optimizmi ilə seçilən şair-publisist Tofiq Abdinin 72 yaşında qəfil vəfatı çoxlarını sarsıtdı. Şair fevralın 24-də ürək tutmasından vəfat etmişdi.

Uzun müddət qara ciyər sirrozundan əziyyət çəkən şair-rəssam Adil Mirseyid iyulun 17-də dünyasını dəyişdi. Şair Ağdaşda dəfn olundu.

Yazıçılar Birliyinin katibi, filologiya elmlər doktoru Arif Əmrahoğlu 19 iyul tarixinə vəfat etdi. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Görkəmli yazıçı Ələviyyə Babayeva sentyabrın 23-də dünyasını dəyişdi. Onun 93 yaşı var idi.

Yazıçı-publisist Cəmil Əlibəyov 26 oktyabr tarixində 86 yaşında dünyasını dəyişdi.

Şair Dərviş Cavanşir dekabrın 15-də vəfat etdi. Onun ilk dövrlərdə yazdığı ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə çap olunub.

Yüz illik tənhalığın sonu

2014-cü il dünya ədəbiyyatında da itkilərlə yadda qaldı. Belə ki, aprelin 17-də Nobel Ədəbiyyat Mükafatı sahibi, magik realizm cərəyanının ən böyük nümayəndəsi, yazıçı Qabriel Qarsiya Markes Meksikada vəfat etdi. 1927-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olan yazıçı “Polkovnikə məktub yoxdur”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Patriarxın payızı”, “Vəba günlərində eşq” və başqa əsərlərin müəllifidir.

Yazıçıya dünya şöhrəti gətirmiş “Yüz ilin tənhalığı” əsəri ötən əsrin ən böyük romanlarından biri hesab olunur.

Sağlığında vaxtaşırı müxtəlif qalmaqallı xəbərlərlə gündəmə gələn yazıçı öləndən sonra da qalmaqala səbəb oldu. ABŞ-ın Texas Universitetinin Markesin arxivini alması vətənində böyük etirazlara səbəb oldu.

Amerika ədəbiyyatının dünyaca məşhur imzalarından biri Maya Angelou mayın 28-də vəfat etdi.

Afrikalı yazıçı, Nobel ədəbiyyat mükafatı laureatı Nadin Qoldimer isə iyulun 13-də dünyasını dəyişdi.

# 1329 dəfə oxunub

Müəllifin son yazıları

# # #