Uşaqlara oxumağı necə öyrətməli?

Uşaqlara oxumağı necə öyrətməli?
9 dekabr 2014
# 15:05

Kulis.Az “Forbes Woman” jurnalında dərc olunmuş “Uşaqlara oxumaq həvəsinin aşılanması haqqında” məqaləsini təqdim edir.

Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.

Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.

1. Yaxşı müəllim axtarın

20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.

2. Özünüz də kitab oxuyun

Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…

Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır.

3. “Köhnə” kitabları yeni yanaşma ilə oxuyun

Məsələn, ana belə hesab edir ki, onun yeddiyaşlı uşağı artıq Puşkin nağıllarını oxumaq üçün böyüyüb. Mən Puşkinin nağılları haqqında özümün “Kamennıy qost” verilişimdə danışarkən mənə belə esemeslər gəlir: “Leonid, maşından çıxmaq istəmirəm, verilişi sonunacan dinləmək istəyirəm!”

Puşkinin nağılları böyüklər üçündür. Bütün dahiyanə uşaq kitabları çox qabiliyyətli böyüklər tərəfindən yazılıblar. Və bu kitablarda çox əhəmiyyətli şeylərdən danışılır. “Meri Poppins” – valideynlərin öz uşaqlarına sərf etməyə vaxt tapmamaları haqqındadır. Uşaqlıq isə nə zamansa bitəcək. “Düyməcik” – mürəkkəb ailə münasibətlərinin güclü bədii pasyansıdır. “Vinni-Pux” – möhtəşəm xarakterlər yığnağıdır.

Biz böyüklərin şüurunda bir dənə də təhlükəli tələ var: “biz bunu məktəbdə keçmişik, bizə yeni nəsə verin”. Bu yaxınlarda mənim bir tanışım məndən xahiş etdi ki, oxumağa bir şey tövsiyə edim. Ona “Anna Karenina”nı təklif etdim. O isə mənə: “Eh, mən orda nə haqda danışıldığını bilirəm. Yeni bir şey istəyirəm” - deyə cavab verdi. Onda belə bir sual yaranır ki, biz mütaliədən nə istəyirik – mürəkkəb yollarla bizim estetik və ekzistensial təcrübəmizə keçəcək estetik həzz, yoxsa əkşn?

4. Ən tozlu klassikada da aktuallıq axtarıb tapın

Bu çox vacibdir ki, hər bir hekayə qanımıza və sümüyümüzə işləsin. Sizi əmin edirəm ki, adi məktəb proqramı belə onun haqqında düzgün söhbət aparılarsa uşaq üçün məhz aktual olacaqdır. Onun həyatı, onun narahatlıqları, zəmanə və ictimai quruluş, mahiyyət etibarilə dəyişməyən şeylər haqqında – “Yevgeniy Onegin” də, “Zəmanəmizin qəhrəmanı” da, “Ölü canlar” da bu haqdadır.

Sadəcə bizim gözlərimiz pərdələnib, şüurumuz məktəb proqramında olan ştamplarla doludur. Heç olmazsa bunları aşmaq üçün mən bu yaxınlarda böyüklər üçün nəzərdə tutulmuş mühazirələr kursu oxumağa başlamışam. Bir növ “Kamennıy qost”, amma oflaynda.

5. Müzakirə edin

Ümumiyyətlə, əgər siz həqiqətən də uşağınız mütaliə yolunun tutmağını istəyirsinizsə onunla oxuduğu şeylər haqqında danışmaq lazımdır. Həmçinin də keyfiyyətli filmlərə baxıb onları da müzakirə etmək, yanından piyada və ya nəqliyyatla keçdiyiniz bütün mədəni obyekt və abidələr haqqında da danışmaq gərəkdir. Bu çətin deyil, sadəcə onlara diqqət etmək lazımdır.

6. Ucadan oxuyun

Həqiqi klassik ədəbiyyatı ucadan oxumaq və uşaqla bir yerdə ondan həzz almaq lazımdır, bu zəruridir. Audiokitabları çox tövsiyə edirəm – uşağın nəyisə başa düşməyəcəyindən qorxmayın.

7. Şəxsən oxuyun

Kitab oxumağı uşağınızın dayəsinə buraxmayın. Siz uşağınıza kitab oxuyarkən ona gözəl şeylər aşılayırsınız. Və gözəl şeylərin bu cür – şəxsi ötürülməsi sizi gələcəkdə bir-birinizə ömür boyu sıx bağlayacaq bir teldir.

8. Heç vaxt qısaldılmış nəşrlər oxumayın

Bu, üçtəkərli avtomobil almağa bənzəyir. Mətndən, süjetdən məlumat almaq mümkün olsa da heç bir həzz əldə edilmir.

9. Say dalınca qaçmayın

Bu baxımdan bizim məktəb proqramımız dəhşətlidir. Biz məktəb illərində çox oxuyuruq – amma nə haqda oxuduğumuzu başa düşmürük. Məsələn, mən dərs dediyim beynəlxalq bakalavriat proqramında iki ilə nəzərdə tutulmuş ədəbiyyat kursu cəmi 15 əsərdən ibarətdir.

10. Yazmağa cəhd edin

Vaxtilə mən özüm Lenin dağlarındakı Pionerlər sarayında bədii dərnəkdə iştirak etmişəm. Bizim çox gözəl şüarımız var idi: “Kiçik yazıçıdan böyük oxucuya”. İnsanlar yazmağı bacarmalıdırlar. Məktublar, esselər, hekayələr. Uşaqlarla bu oyunu oynamaq olar. Nağıllar uydurmaq, onları yazmaq. Sonra isə sənin nağılının Andersenin nağılından nə ilə fərqləndiyini müzakirə etmək olar.

“Kommersantъ”dan Aleksey Tarxanov hesab edir ki, müasir uşaqlar üçün kitabı sevmək asan deyil. Lakin ümidini itirmir.

Uşaqları kitab oxumağa necə məcbur etmək olar? Bu sualı mən yüzlərlə dəfə eşitmişəm. Burada nə cavab vermək olar? Heç cür! Elə bir yol yoxdur ki, bugünkü uşaqları bizim kimi kitabla yaşamağa məcbur edəsən. Ona görə yox ki, onların nəyisə bizdən əskikdir. Sadəcə bizim onlar qarşısında mühüm üstünlüklərimiz var idi. Bizim böyük həcmdə boş vaxtımız (televizorda “Selskiy ças”a (“Kənd saatı”na) baxası deyildik ki) və böyüklər üçün nəzərdə tutulmuş müxtəlif ədəbiyyatla dop-dolu kitab rəflərimiz var idi.

Bir az böyüyəndən sonra məni “Ümumdünya ədəbiyyat kitabxanası” seriyası qıcıqlandırırdı – “Mahabharata”dan tutmuş “Gənc qvardiya”ya qədər iki yüz cild. Hamı onu axtarıb almağa çalışırdı. O, tapılmayan malların ən tapılmayanı idi, mənə isə elə gəlirdi ki, o, mənim zövqlərim nəzərə alınmadan mənim əvəzimə kiminsə tərəfindən yığılmış böyük bir yemək dəstidir. Mən axmaq idim, çünki ədəbi abidələrin bu sırası, yüksək keyfiyyətli kağızdan hazırlanmış superüzlüklərin bu poqon metrləri artıq yetəri qədər oxumuş böyüklər üçün nəzərdə tutulmamışdılar. Sonralar məlum oldu ki, bu, uşaqlar üçün hiylə ilə qoyulmuş tələlər imiş. Onların köməkliyi ilə heç kəs bilmirdi ki, uşaq rəfdən nəyi götürəcək və bütün qaydalara görə ona toxunmalı olmayan hansı əsər onun qəlbinə və şüuruna toxunacaq. Bu, bir növ, geniş bir tor kimi xalq kütlələrinə atılmış tövsiyə olunan ədəbiyyat siyahısı idi.

Təəssüflər olsun ki, böyük ev kitabxanaları dövrü kimi bu ənənəyə də son qoyulmuşdur. Heç bir inanılmaz təsadüf sizin uşağınızı rəfdən “Vaqantlar poeziyası”nı, və ya “İsland saqaları”nı və ya, adam deməyə də qorxur, Nekrasovun “Şeirlər”ini götürməyə məcbur edə bilməz.

Bu gün mən “Kitabxana”nın üstünlüyünü həm də onun indiki kitablardan çox sadə dərcində görürəm: titulun əllə çəkilmiş şrifti, forzas üzərində bir ornament, bir neçə illüstrasiya. Bir sözlə desək, əylənməli bir şey yox idi. Bu gün uşaqlar üçün kitabları mümkün qədər məzəli tərtib edirlər. Bütün bunlar nəticəsində aldığımız qəliz tərtibatlı və şəkilli cildləri çətinliklə kitab adlandırmaq olar. Bunlar əslində üçölçülü mətnli oyuncaqlardır, onların adət etdiyimiz kağız və kartondan hazırlanması, cildlənməsi isə sadəcə elektron oyuna çevrilməyə qədər növbəti bir mərhələdir. Kağız lüğətlər artıq yox olublar, kağız məlumat kitabçaları məhv olublar, istənilən qəzet və jurnal bu gün internetdədir, Harri Potter haqqında filmlərdəki “Gündəlik peyğəmbər” tək danışır və oxuyur. Onda biz niyə belə hesab etməliyik ki, guya uşaqlar üçün nəzərdə tutulmuş kağız ədəbiyyatını bu cür tale gözləmir?

Bunlar əlbəttə ki, heç də sevindirici deyil. Mən sevimli kitablarımın üzlüklərini, kağız və kleyin iyini xatırlayıram. İndiki elektron kitabların iyi isə yoxdur, onların dövriyyəsi hisslərlə bağlı deyil. Kağız kitablarda təsadüfi tapıntıların və xoşbəxt kəşflərin faiz nisbəti qat-qat üstün idi. Sən onu vərəqləyərkən gözünə nə desəydin sataşa bilərdi – internetdə isə gözünün nəyə sataşacağını özün çox yaxşı bilirsən. Belə düşünmək də olmaz ki, guya kağız kitab heç olmazsa qiymətinin hesabına qalib gələcək. Doğrudur, riderlər hələ ki, daha bahadırlar, amma mobil telefonlar da nə vaxtlarsa hamı üçün əlçatan deyildi.

Elektron kitabların müasir təkamülünün zirvəsində duran iPad sadəcə yeni elektron cihaz deyil – o, mahiyyət etibarilə müasir uşaq əyləncələr aləminin modelidir. Burada oyun və hava proqnozundan tutmuş filmlərəcən hər şey və əlbəttə ki, istədiyiniz qədər kitab var. Çox yaraşıqlı tərtib olunub: budur, “Alisa möcüzələr aləmində”: yarıkitab, yarıoyun, yarımultfilm. Və bütün bunlardan sonra istəyirsiniz ki, uşaqlar öz-özlərinə şeirlər söyləsinlər? Sözdən şəklə keçmək imkanı, inanın ki, demək olar hər zaman şəkilin xeyrinə reallaşacaq.

Bəs nə etməli? Yenə də mübarizə aparmaq. Bizlər – “Dünya ədəbiyyatı kitabxanası”nın getdikcə azalan və yox olan müasirləriyik. Bizlər uşaqlarımızın da onu tanıması üçün bütün gücümüzlə çalışmalıyıq. Sadəcə cildlərin seçimi artıq bizdən asılıdır. Və o, çox məhduddur, çünki əgər sizin özünüz bu kitabı nəfəsiniz dayanacaq dərəcədə sevmirsinizsə uşaqlar heç bir zaman, onlara gizlincə oxumaq üçün qoyduğunuz kitabı sevməyəcəklər.

“Bu vacibdir, bunu oxu” sözləri heç bir uşağa təsir etməyəcək, əgər siz özünüz bu kitabı onlara ucadan oxumaq və ən azı dinləyicilər qədər də həzz almağa hazır deyilsiniz. Bir sözlə, heç də hər şey itirilməyib – uşaqlarınız sizi sevirlərsə sizin kitablarınızı da sevəcəklər. Oxumağın faydalılığını və hörmətin həqiqiliyini öyrənmək üçün əla imkandır.

Mənbə: kitabdulla.wordpress.com

# 1735 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #