"Nabat" Yaponiyaya gedəcək

"Nabat" Yaponiyaya gedəcək
2 oktyabr 2014
# 10:13

“Nabat” filmi növbəti festivala dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından verilən xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” tammetrajlı bədii filmi oktyabrın 23-dən 31-dək keçiriləcək 27-ci Tokio Beynəlxalq Film Festivalında (TİFF 2014) nümayiş etdiriləcək.

Beynəlxalq Film Festivalında Azərbaycan filmi ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 film nümayiş ediləcək. Festivalda nümayiş ediləcək filmlər 92 ölkədə istehsal edilmiş 1373 film arasından seçilib. Beynəlxalq festival 9 gün davam edəcək.

Festivalın ilk günü Don Holl və Kriss Vilyamsın “Böyük qəhrəman 6” ekran əsəri ilə start götürəcək. TİFF 2014-ün sonuncu günüdə isə Takaşi Yamazakinin “Parazit” filmi nümayiş etdiriləcək.

Qeyd edək ki, Tokio Beynəlxalq Film Festivalını nüfuzlu münsiflər heyəti təmsil edəcək. Münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams və Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildir.

Xatırladaq ki, “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Əbdürrəhim Bəşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar. Film Qarabağ müharibəsindən bəhs edir.

# 1426 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #